2007-07-12

Satışda yeni kitablar


Tərcümə kitabları:


1. Orxan Pamuk, "Mənim adım qırmızı"- 10 man;
2. Qoderzi Çoxeli, " Küknarlara məktub"- 4 man;
3. "Ən gözəl uçuş" (Folkner, Steynbek, Kamyu, Platonov, Markes və b.- Natiq Səfərovun tərcüməsində)- 3 man;
4. Türk şeir antologiyası - 3 man;
5. "7 məhbusun hekayəsi" (müxtəlif dünya yazıçılarından 16 hekayənin tərcüməsi)- 3 man;

Yerli müəlliflər:

1. Həmid Herisçi, İlhamiyyə Rzayeva, "Gecə kanalı"- 5 man;
2. Əli Əkbər, "93- Tanrıların qürubu"(roman) - 5 man;
3. Aqşin, "Sizin eradan əvvəl"- 3 man;
4. Zahir Əzəmət, "Divar yazıları"- 3 man;
5. Kamal Abdulla, "Yarımçıq əlyazma" (roman)- 6 man;
6. Kamal Abdulla, "Sehirbazlar dərəsi"(roman) - 3man;
7. Kamal Abdulla, "Tarixsiz gündəliklər" (roman)- 3 man;
8. Kamal Abdulla, "300 azərbaycanlı" (esselər)- 4 man;
9. Tofiq Abdin, "Proza" (povest və hekayələr)- 3 man;
10. Afaq Məsud, "Yazı" (Roman və hekayələr)- 3 man;
11. Mirzə Sakit, "Ey dadi-bidad" (Satirik şeirlər)- 3man;
12. Vidadi Məmmədov, "Çarpaz bucaqlar altında"- 3 man;

Fəlsəfə kitabları:

1. Güstav le Bon, "Kütlələrin psixologiyası"- 10 man;
2. Uill Dürant, "Fəlsəfi hekayətlər"- 10 man ;
3. Daniel Yergin, "Neft fəlsəfəsi"- 12 man;
4. Heydər Hüseynov, "XIX əsr Azərbaycan fəlsəfi-ictimai fikir tarixindən"- 10 man;
5. Niyazi Mehdi, Dilarə Mehdi, "Fəlsəfə tarixində fəlsəfə"- 4 man;

Hüquq kitabları:

1. Əmək qanunvericiliyi - 20 man;
2. Sosial sığorta qanunvericiliyi - 25 man;
3. Kargüzarlığın təşkili - 10 man;
4. Vergi məcəlləsi - 5 man;
5. Hüquq ensiklopediyası - 25 man;
6. Və bütün digər hüquq kitabları....

Kitabları "Alma" qəzetinin redaksiyasından əldə edə bilərsiniz.

Əlaqə telefonları: 012-596-47-18; 055-625-09-25


2007-07-05

Əlabbas Bağırovun daha bir kitabı işıq üzü gördü

Toplu yazıçının 50 illiyinə həsr olunub

Yazıçı-publisist Əlabbas Bağırovun daha bir kitabı işıq üzü görüb. "Conun başlanğıcı" adlanan kitab 500 nüsxə ilə nəşr edilib. "Nurlan" nəşriyyatında çap olunan topluya yazıçının 30 illik bir dövrünü əhatə edən ədəbi fəaliyyətinin ilk nümunələri və son əsərlərinədək yenidən işlənmiş povest və hekayələrinin bir qismi daxil edilib. Müəllifin 50 illik yubileyinə həsr olunmuş kitabda filologiya elmləri doktoru, tanınmış şərqşünas Əsgər Rəsulovun Əlabbas Bağırov barədə yazdığı "Ürəyi ilə şair, düşüncəsi ilə filosof, qələmi ilə nasir" başlıqlı yazısı da yer alıb. Kitabda yazıçının "Əlli ilin əlli müəmması" adlı son sözü isə bu cümlələrlə bitir: "Nə olar yaş əllini haqlayandağ Bəyəm bu yaş elə hər şeyin tamını damaqda gedən çağıdırğ... Onu da dəqiq bilirəm ki, ikisindən biridir. Ya mən doğrudan əlli yaşa çatmamışam, ya da kim nə deyir desin, məhəbbət uşaq xəstəliyi deyilmiş".

"İnfokommunikasiyalarda menecment və tənzimləmə" adlı kitab işıq üzü görüb

Texnika elmləri namizədi, dosent Abdul Həmidulla oğlu Qəhrəmanzadənin "İnfokommunikasiyalarda menecment və tənzimləmə" adlı kitabı işıq üzü görüb. Kitabda rabitə və informasiya texnologiyaları sahəsində menecmentin və tənzimlənmənin rolunu əhəmiyyətli dərəcədə artıran infokommunikasiya bazarında baş verən dəyişikliklərin nəzəri və praktiki aspektləri tədqiq edilib.
Monoqrafiyada xarici ölkələrin və Beynəlxalq Telekommunikasiya İttifaqının təcrübəsi nəzərə alınmaqla, infokommunikasiya sahəsində menecmentin əsasları və sahə tənzimlənməsi prinsipləri sistematik olaraq tədqiq edilir.
Bu iş rabitə şəbəkəsində menecmentin inkişafı və tənzimlənməsinin tədqiqatı ilə məşğul olan elmi personala tövsiyə edilir, həmçinin mühəndis-texniki işçilər, bakalavr və magistr auditoriyası üçün nəzərdə tutulub.

"Harri Potter" yenə rekord vurdu


Son kitabın 1,5 milyon nüsxəsi satılıb

Nəinki uşaqların, hətta böyüklərin də sevimli əsərinə çevrilən "Harri Potter" yenə də rekord vurmaqda davam edir. Belə ki, "Harri Potter" kitabının son bölümü ilə maraqlananların sayı inanılmaz dərəcədə artıb. Təkcə amazon.som internet saytında verilən sifarişlər 1 milyon 600 minə qədərdir. Hazırda kitabın 1,5 milyondan artıq nüsxəsi satılıb.

2007-06-22

TANINMIŞ FİLOSOF NİYAZİ MEHDİ 20 İL ƏVVƏL YAZIDIĞI KİTABI İNDİ NƏŞR ETDİRİB


Tanınmış filosof Niyazi Mehdinin «Sənətin arxeologiyası. Sənətin arxitektonikası» kitabı çapdan çıxıb. Toplunun böyük hissəsi müəllifin ötən əsrin 70-80-ci illərində yazdığı məqalələrin işlənmiş variantlarından ibarətdir. Müəllif 1987-ci ildə bitirdiyi kitabı çapdan əvvəl axırıncı dəfə redaktə edib. Bu məqalələrdəki həmin çağda ilk dəfə toxunulmuş məsələləri, ilk dəfə irəli sürülmüş ideyaları, prinsipləri, açımları dönəmin intellektual mühitini yadda saxlamış oxucu asanlıqla görə bilər. Kitab geniş, ancaq diqqətli oxucu çevrəsi üçün yazılıb, hərçənd incəsənət araşdırıcıları üçün də faydalı ola bilər. «Sənətin arxeologiyası. Sənətin arxitektonikası» Azərbaycan incəsənəti ilə bağlı prinsipial yeni nəzəri modellər qurmaq iddiası ilə yazılmayıb. Niyazi Mehdi sadəcə Qərb elmində XX yüzil boyu yaransa da, həmişə ekstraordinarlığını saxlamış freydizm, yunqiançılıq, semiotika, strukturalizm paradiqmalarından istifadə edib. Onun yeniliyi bəzən bu paradiqmaları necə yozub necə işlətməsində, daha çox isə onların sayəsində Azərbaycanla bağlı əldə etdiyi diskurslardadır. Kitabın kəsimləri məqalələr kimi yazılanda həmin paradiqmalar SSRİ üçün hələ də yeni, mübahisəli idi. Elmin geniş çevrələri onları yad ünsürlər, «burjua» damğalarında qavrayırdılar. Sovet marksizmi-leninizmi baxımından yad və mübahisəli olan bu ideyalardan Niyazi Mehdi Azərbaycanda heç bir hücum, senzura bıçağını duymadan istifadə edərək sənət və mədəniyyət materiallarının arxeologiyası ilə məşğul olmağa, arxitektonikasını düşünməyə cəhd göstərib. /Mediaforum/

AYO daha dörd istedadlı gəncin ilk kitabını dərc etdi


İstedadlı şair Sevinc Çılğının şeirlər kitabı işıq üzü görüb. İndiyə qədər ədəbi dərgilərdə və ədəbiyyat səhifələrində müntəzəm dərc olunan şeirləri ilə diqqəti çəkən müəllifin ilk kitabı "Mən©2006" adlanır. Kitabda toplanan şeirlər öz səmimiliyi, forma rəngarəngliyi, duyğusallığı və oirijinallığı ilə seçilir. Əməkdaşımızla söhbətində müəllif ilk şeirlər kitabının onun yaradıcılığı üçün "pasport" olduğunu söylədi. Bununla belə müəllif onu da bildirdi ki: "Şeirlərimə məntiqlə yanaşmaq lazım deyil, yoxsa onlarda heç nə tapmayacaqlar. Çünki bu şeirlər məntiqsiz adamın hisslərinin ifadəsidir." Qeyd edək ki, Sevinc xanımın kitabı "Azad Yazarlar Ocağının Kitabxanası" seriyasından işıq üzü görüb. Bu seriyadan eyni zamanda daha üç gənc istedadın kitabları dərc olunub. Bunlar Sabutayın "Cəllad" povesti, İntişin "Maneken sevgilim", güneyli soydaşımız Yaşar Əsənin "Unudulmağa doğru" şeirlər kitabıdır. Kitablar "Qanun" nəşriyyatında nəfis tərtibatla dərc olunub. Qeyd olunan kitabları əldə etmək istəyənlər şəhərin kitab mağazalarına və “Alma” qəzetinin redaksiyasına müraciət edə bilərlər.

2007-02-05

Orxan Pamuk yürüşü davam edir


İspanyanın yüksək tirajlı “El Mundo” gəzetinin yayımladığı "El Cultural" əlavəsində yer alan Latın Amerikası ölkələrində ən çox satılan kitablar siyahısında Orxan Pamukun da kitabları var.
Pamukun "Qar" romanı Braziliyada ən çox satılan kitablar arasında 4-cü sıraya yüksəlirkən, "İstanbul, Xatirələr və Şəhər" kitabı da Kolumbiyada 5-ci sırada yer aldı.
Açıqlanan siyahıya görə, Pamukun "İstanbul, Xatirələr və Şəhər" kitabı İspaniya və Almaniyada 3-cü sırada yer tutur.

2007-02-04

Yeni iqtisadi nəşrlər


“Qloballaşan Azərbaycan” Sivil İnkişaf Mərkəzinin layihəsi olaraq nəşr olunan bu 4 kitab, öz əhəmiyyətinə görə misilsizdir. Bu kitablarda Yeni İqtisadiyyat anlayışı, Bilgi Çağı, İnformasiya Cəmiyyəti, Qloballaşma və bu kimi Azərbaycan üçün tam yeni olan anlayışlara ilk dəfə sistemli şəkildə aydınlıq gətirilir. Ən əhəmiyyətli olanı budur ki, kitablar yorucu, akademik dildə yazılmayıb, hər bir oxucunun anlaya biləcəyi üslubda, kiçik məqalələr şəklində qələmə alınıb.
Kitabların informativ yükü də böyükdür. Bu kitabları oxuduqca həm yeni bilgilərə, həm də tam fərqli yanaşma tərzinə sahib olursan. Dünyanı heç də ssiyasətçilərin deyil, iqtisadçıların idarə etdiyinə tam əmin olur, Azərbaycanın bu idarəetmədə nədən pay sahibi olmadığını anlamağa başlayırsan.
Kitablardan iqtisadçılar, tələbələr, intellektual bilgi əldə etmək istəyən hər bir şəxs bəhrələnə bilər.
Kitabların qiyməti:
“Yeni dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı”, qalın üz, 375 səh., qiyməti 10 manat;
“Qloballaşmaya doğru”, qalın üz, 300 səh., qiyməti 10 manat;
“Kapitalizm kapitalizmə bənzəməz”, 230 səh, qiyməti 5 manat;
“Qloballaşma və xarici investisiyalar”, 285 səh, qiyməti 5 manat.

Ucaboy Liliput

Rafiq Tağı, Nəsr, 2 cilddə
Qiyməti: Hər biri 5 manat


Yazıçı Rafiq Tağı zaman-zaman publisistik yazıları ilə gündəmə gəlsə də, əslində gözəl bir yazıçı, hətta Azərbaycan nəsrinin ən yaxşı hekayə ustalarından biridir. Onun hekayə dili öz parlaqlığı və özünəməxsusluğu ilə seçilir. Qəhrəmanları adi insanlar- hər gün rastlaşdığımız, şəxsən tanıdığımız adamlardı. Amma yazıçı onları bizə yenidən tanıdır, sevdirir, anlamağa yardımçı olur.
R.Tağının yenicə çapdan çıxmış hekayə və şeirlərindən ibarət ikicildliyi son illərdə nəşr olunmuş ən yaxşı proza kitablarından biridir. Bu kitabları oxumadan “çağdaş Azərbaycan nəsrindən xəbərdaram” demək kökündən yanlış olardı.
Bu ikicildlik “Şahzadə Dipendranın məhəbbəti” və “Ucaboy liliput” adlanır. Üst-üstə 700 səhifdən artıq olan bu kitab ciddi proza oxucuları üçün əsl hədiyyədir.

Könül elçisi

Yaxud Don Xuan De Persiya- Oruc bəy Bayatın hekayəti
Nəriman Əbdülrəhmanlı, roman,
Qiyməti 4 manat

Romanda Səfəvi hökmdarı I Şah Abbasın 1599-1601-ci illərdə Moskva çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarətin birinci katibi, zəmanəsinin yaxşı təhsil görmüş adamlarından olan, Qərbdə Don Xuan De Persiya (Don Juan) adı ilə tanınan Oruc Bəy Bayatın ömür hekayətindən bəhs olunur. Kitabı vərəqlədikcə türk sultanlarının bir-birinə qarşı əks düşərgələrdə dayandığı, emossional qərarların nəticəsində hansı xoşagəlməz situasiyalarla qarşılaşdığı göz önünə gəlir. Roman o qədər canlı qələmə alınıb ki, oxucu özünü hadisələrin mərkəzində hiss edir. Şah Abbasın Sultan III Məhəmmədi elçi vasitəsilə aşağılaması səhnəsi həmin dövrlərdə türk sultanlarının mövqeyini açıq şəkildə ortaya qoyur. Bunun nə qədər səhv, yaxud nə qədər düz olduğunu oxucu qiymətləndirməlidir: “Beləliklə Şah Sultan III Məhəmmədin niyyətini başa düşdü, o saat da elçinin saqqalını qırxıb, bəxşiş kimi sultana göndərməyi əmr etdi. Bu hökmdarlar arasında belə təhqir üsulları məqbul sayılırdı. Şah Abbasın bu addımı atmağa haqqı vardı, bununla Sultan III Məhəmmədə onun atası III Muradın əmri ilə İranın sabiq elçisinin başına açılan oyunu xatırladırdı”.
Müəllif bu oyunların mahiyyətini oxucuya incə şəkildə izah edir.

Proza

Tofiq Abdin, povestlər.
Qiyməti 3 manat

Kitabda yazıçının “Adlerdə bir körpü var və yaxud avtoportret”, “Monoloq”, “Qürbətdə bir ölüm havası” povestləri, “Qadınlar haqqında etüdlər” başlığı altında “Doğmaların ölümü”, “Bəxtəvərliklə keçən ömür”, “Yolayrıcı” hekayələri dərc olunub. Şair-publisist “Qadınlar haqqında etüdlər”də yazır: “Siz öz arvadınızı boğub öldürməkdə ittiham olunursunuz. Həkimlər və milis işçiləri barmağınızın izlərini arvadınızın boğazında tapıblar”. Maraqlıdır, görəsən kişinin əl izi qadınının boğazında tapılıbsa, doğurdanmı bu o deməkdir ki, ər qatildir? Və ya kişinin barmaqları qadının boğazına yalnız onu boğmaq üçünmü uzanır?
Bu suala Tofiq Abdin “Proza” kitabında cavab tapa bilərsiniz.

Türk şeiri: Esrar Dədədən Orxan Arasadək

Tofiq Abdinin uyğulamasında,
200 səh., qiyməti 3 manat.


Türk şerinin Esrar Dədədən Orxan Arasadək keçdiyi yola işıq salan publisist şair Tofiq Abdin bu kitabında Edip Cansevər, Ahmet Oktay, Bulent Ecevit, Nəzib Fazil Qısakürək, Əziz Nesin, Kiçik İsgəndər kimi şairlərin şeirlərinə yer ayırıb. Məqsəd isə ondan ibarətdir ki, türk poeziyası ilə Azərbaycan poeziyasının sıx təmasını yaratmaqdır. Kitabda şeirlərlə yanaşı türk şairlərinin bioqrafiyası təqdim edilib.

Ət və Ət məhsulları

Seymur XXX, roman
Qiyməti 3 manat

Gənc yurnalist və publisist Seymur XXX (Seymur Baycan) kitabına İran-İraq müharibəsi zamanı Müslüm Mələkutinin “Camaat, gəlin yığışaq, gedin müharibəyə” çağırışını epiqraf seçməklə oxucuya kitabı vərəqləməmimişdən belə, nədən yazdığını bəlli edir. Yurnalist-şair Elnur Astanbəylinin redaktəsi ilə nəşr olunan “Ət və ət məhsulları” köhnəlmiş streotipləri - - şəxsiyyətə pərəstişi, hadisələrə emossional münasibəti, insana yük olan və zaman üçün köhnə hesab edilən dəyərlərə vurğunluğun üstundən xətt çəkir. Kitabın 108-ci səhifəsindəki ilk abzası oxumaq kifayətdir ki, “Ət və ət məhsulları”nın orjinallığını duyasan: “Azərbaycan filmlərində hava qaralan kimi bayquş ulayır. Mən prezident olsaydım, həmin bayquşa xalq artisti adı verərdim”.

Azərbaycan poeziyası dünyaya çıxır

“İnterpoeziya” yeni beynəlxalq poeziya jurnalıdır (www.interpozia.net) , 2004-cü ildən yayınlanmağa başlayıb, mərkəzi ofisi Nyu-Yorkda yerləşir, rus və ingilis dillərində, ildə 3 dəfə, almanax şəklində dərc olunur.
“Bizim jurnal zaman və məkan koordinatlarına sığmayan, “sərhədlərin fövqündə” olan poetik nümunələrin axtarışındadır” – bu sözlər “İnterpoeziya” jurnalının redaktoru və naşiri Andrey Qritsmana məxsusdur. Qlobal tənhalığın bəşəriyyətə hakim olduğu indiki zamanda seçilmiş insanların ortaq ünsiyyət vasitəsi olan poeziya, sən demə yeganə çıxış yolu imiş, “İnterpoeziya” həmin insanları bir çatı altında birləşdirməyi qarşısına məqsəd qoyub.
İngilis və rusdilli dünyada yayılan prestijli “İnterpoeziya” jurnalında azərbaycanlı bir müəllifin əsərlərinə rast gəlmək əlbəttə sevindiricidir. Jurnalın bu yaxınlarda işıq üzü görmüş son sayında Rasim Qaracanın şeirləri dərc olunub.
Şeirləri rus dilinə Nicat Məmmədov tərcümə edib. Qeyd edək ki, gənc şair və tərcüməçi Nicat Məmmədov son aylarda Azərbaycan yeni poeziyasını rus dilinə tərcümə edərək, Rusiyada yayınlanan ədəbiyyat jurnallarında dərc olunması sahəsində qiymətli layihələrə imza atıb. Bundan əvvəl Nicatın tərcüməsində yeni nəsil Azərbaycan şairlərinin əsərləri “Drujba Narodov” və “Arion” jurnallarında dərc olunmuşdu və hal-hazırda həmin müəlliflərin əsərləri Nicat Məmmədovun təşəbbüsüylə Moskvada kitab halında çapa hazırlanmaqdadır

“Bu gün” silsiləsindən


Günel Mövlud

Acı bibəri bol

Bu gün içimdə sevgi yoxdur, əzizim
Mən bu gün səni sevmirəm
sevdiyim solçu şairin
İnqilab şeirlərini
mətbəx nəğmələrinə çevirəcək qədər
məğlubam bu gün
xəyanətkaram!
Duyduğum qədərilə
səni xəyanət faktı qəzəbləndirmir
Xəyanət tərzi ağrıdır
məchul məşuqumla aram rəqsim
bir qədəh şərab içməyim
görüşünə gedəndə
daha təravətli olmağım ağrıdır
qorxma, əzizim
bundan sonra xəyanətimə
bir stəkan çayla başlayacam
bütün xəyanət dekorlarından imtina edərək
bilmirəm o kimdir, əzizim
səndən başqa bütün kişilər
hərəsi bir cür yad deyil ki
hamısı eyni cür yaddır
mən ədəbiyyatı sevmirəm
o insan hisslərini öyrənib həmişə
düşüncələrini öyrənib, bədənini yox
insan bədəni ilə hamı hesablaşmır, əzizim
məsələn, mən dərimlə darıxıram
dərimlə arzulayır
bədənimlə nifrət edirəm
xəyanətsə təkcə bədənin tələbidi
belə olmasaydı
sevişəndən sonra belə
kişi qadın bədəninə belə yad olmazdı
daha çox sevişdikcə
daha çox yadlaşmazdı
dərimə kişi bədənləri yaddır!
Bu gün çəkdiyim insan əzabı deyil, əzizim
Deyil
Olsaydi
Sərxoş gecələrin kədərli sabahlarında
Məni daha sevmədiyini düşünməzdim….

Metro


Gəl mənimlə gedək!
Səninlə
Yerin altında olmaq
Bu qədər gözəldisə
Mən yerin üstündə
Sənsiz yaşamaq istəmirəm
Gəl mənimlə gedək!

Gəl mənimlə gedək!
Sənə qədər içimdə
Qəddar fahişə
Qorxunc qatil
Qollarını yana açmış bir uşaq vardı
Yenə də hamısı var
Amma indi sən də varsan
sənə sarılıram
o uşağın qolları ilə
Gəl mənimlə gedək!

Gəl mənimlə gedək!
Bu günü qutlayaq birlikdə
20 yanvarı - Fellininin ad gününü
Birdən unutmuş olarsan
Telefon nömrəmi
Stansiya divarlarına yazıb gedirəm…

“Sevdir!” komandası




Elnur Astanbəyli



- 1 -
nə xasiyyətdi səndə
sevişəndən sonra
yorğana bükülüb
bədənini gizlətmək
bədənində məndən
nə qaldığını bilmək istəyirəm
sən isə yorğana bükülüb
gizlədirsən onu məndən
bədənində nə qalıb məndən
bilmək istəyirəm…



- 2 -



hamamın suyu açıq qalıb
unitaza su buraxmaq yadından çıxıb
qonşu otaqda televizor hələ də işləyir
qazın üstündə özünü öldürür çaynik
heç işığı da söndürməmisən

bircə o…
bircə o…
bircə o vaxtını gözləyir
yəni budilnik



- 3 -



yazdığın bütün SMS-ləri
sildim telefondan
sildim telefondan şəkillərini və səsini
sildim telefonun yaddaşından
adını
yalnız nömrəni saxladım
özüm də bilmədim niyə?



- 4 -



səndən ayrılandan sonra
baxdım ki,
cibimdə siqaret almağa pul yox
metroya jeton almağa da çatmır pulum
bir az aralıda
dilənçinin
iki cavan cütlüyə yaxınlaşıb
“sən o yanındakı gözəlin canı” sözlərini
sonadək dinləmək qədər
zülümlü bir şey yox
bu anda mənimçün…



- 5 -



əlbəttə
günahkar mənəm
sən indiyədək nə vaxt
tək qoyub getmisən məni
ancaq bir dəfə
bircə dəfə
o da ilk görüşdüyümüz
“Mərkəz lahmacun”dan qaçıb
“İstanbul aptek”ə
təzyiq dərmanı almağa gedəndə…



- 6 -



bizim bu ölkədə
sevgisiz də sevişə bilən bir qadın
öz arxasınca
nə qədər kişi apara bilərsə
o qədərdir balansımda kontur
mənə kontur yüklə balansım sıfır

Kitabxanalar modernləşdiriləcək

Dövlət proqramının layihəsi təsdiq edilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-2011-ci illərdə Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə dövlət proqramının layihəsi təsdiq edilərək, Nazirlər Kabinetinə göndərilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, bununla yanaşı, Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2008-ci illədək dövlət proqramının (Elektron Azərbaycan) yerinə yetirilməsi ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Proqramda kitabxanaların avtomatlaşdırılmasının davam etdirilməsi, onların internetə çıxış təminatı, müasir informasiya daşıyıcıları kolleksiyasının yaradılması yer alıb. Dövlət proqramında Abşeron, Balakən, Beyləqan, Cəlilabad, Hacıqabul, İmişli, Lerik, Sabirabad, Zaqatala, Zərdab rayon mərkəzi kitabxanalarında, Naxçıvan Muxtar Respublikasının M.S.Ordubadi adına Respublika və A.Babayev adına Mərkəzi Uşaq Kitabxanalarında informasiya-təlim mərkəzlərinin açılması planı da yer alıb. Artıq ölkənin 4 iri kitabxanasının 2007-ci ildən Rusiyanın hüquqi informasiya məlumat bazasına ödənişsiz daxil olması barədə UNESCO-nun “İnformasiya hamı üçün” Proqramı üzrə Rusiya Komitəsi ilə razılıq əldə edilib.

Almaniyada Qurban Səid haqqında kitab və sənədli film hazırlanır

Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi və “Berlin Um Velt Film Production”un rəhbəri, rejissor Ralf Marşallek 2008-ci ili “Məhəmməd Əsəd bəyin (Qurban Səid) renessans ili” elan edərək, Almaniya, Avstriya və İtaliyada tapılmış arxiv sənədləri əsasında onun həyat və yaradıcılığını araşdırıblar. N. Atəşinin APA-ya verdiyi məlumata görə, tədqiqatçılar hazırda alman və Azərbaycan dillərində Məhəmməd Əsəd bəyin faciəli həyatını əks etdirən kitabın və sənədli filmin hazırlanması üzərində iş aparırlar. Filmdə hadisələr müxtəlif variantlarda əks etdirilir. Rejissor Marşallek hadisələri müasir zamanla bağlayaraq, Şərqlə Qərb arasında konfliktləri tamaşaçıya çatdırmaq niyyətindədir. N. Atəşi özü isə filmdə və kitabda Əsəd bəyin kimliyi haqqında beynəlxalq mübahisələrə son qoymağı qarşısına məqsəd qoyduğunu deyib: “Hazırda alman və Azərbaycan dillərində yazdığım kitabda ilk dəfə olaraq, dünya ictimaiyyətini arxiv materialları ilə tanış edib rəsmi, hüquqi arxiv və dövlət sənədlərinin köməyi ilə Məhəmməd Əsəd bəyin azərbaycanlı olduğunu sübut edəcəyəm”. N. Atəşinin sözlərinə görə, kitabın və filmin 2008-ci ildə “Almaniyada Azərbaycan Mədəniyyət İli” çərçivəsində Berlində təqdimatı nəzərdə tutulur.

"Maştağa ədəbi mühiti və Mir Cəlal" kitabı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Sona Xəyalın "Maştağa ədəbi mühiti və Mir Cəlal" adlı kitabını nəşr edib.
Yeni nəşrdə Maştağa ədəbi mühiti və bu mühitdə yetişən şairlər haqqında qısa məlumat, əsərlərindən parçalar, onların arasında Mir Cəlalın həyatından epizodlar, yaradıcılığından nümunələr verilib.
Kitabın məsləhətçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev və Namiq Şəfaioğludur.

Ölən işıq


Samir Sədaqətoğlu

Onun arvadı həmin gün öldü. Arvadı keçinəndən təqribən bir-iki saat sonra qonum-qonşusu, dost-tanış tam surətdə onlarda toplaşdı və dəfnə hazırlaşmağa başladılar. O, özü də məəttəl qalmışdı: yığışanlar bu tezliklə hadisədən necə xəbər tutmuşdular. Elə bil ki, onlar nə vaxtdan bərisə arvadının ölüm xəbərini gözləyirmişlər. Qadınlar ağı deyirdi; kişilər isə dəfnlə bağlı müxtəlif məsələlərlə məşğul idi. o isə hər şeyə biganəydi, gözlərinin dibinə qədər işləmiş etinasızlıqla, küt nəzərlərlə ətrafında baş verənləri seyr edirdi. Beyni uğuldayırdı, bayaqdan bəri xeyli keçməsinə baxmayaraq hələ də nə baş verdiyini əməlli- başlı dərk edə bilmirdi. Yalnız bircə məsələ gün kimi aydın idi: onun arvadı ölüb. Əslinə qalsa o, buna sevinməliydi. Daha onun canı bu arvaddan qurtarmışdı. Daha bu arvad onu boğaza yığmayacaqdı, gününü göy əskiyə bükməyəcəkdi, səhər- axşam deyinə- deyinə, tikanlı sözləriylə onu sancmayacaq, ürəyinin rahatlığını, həyatının dincliyini əlindən almayacaqdı.
Arvadı sağ olan vaxtlar o, ürəyindəonu “İblis” deyə çağırırdı. Şübhəsiz, bu sözü arvadının sifətinə çırpmaq heç vəchlə mümkün deyildi, əks təqdirdə arvad elə söz deyər, ağlasığmayan elə bir hərəkət edərdi ki, o, tərəddüdsüz olaraq əsl iblisə rəhmət oxumaq məcburiyyətində qalacaqdı. Hər halda o, öz arvadını yaxşı tanıyırdı: dabbaqda gönünə bələd idi.
Bu qadın onun həyatını puç eləmişdi. O, heç rəisindən də öz arvadından qorxduğu qədər qorxmurdu. Bu cür arvad hələm- hələm tapılmaz: lap gündüz çıraqla axtarsan belə. Allah belə qadınları bəlkə də min ildən bir bəşəriyyətə töhvə edir. Bəlkə də allah düşünür ki, yeni, təzə- tər iblislər yaratmaqdansa bu cür arvadlar xəlq etmək dahaməqsədəmüvafiqdi. Sözsüz, allahın işlərindən baş açılası deyil, çünki allahın işləri çox qəlizdi. Və bircə arvadın əlində çar- naçar qalan kişi allahın işinə qarışmasa yaxşıdı. Daha əvvəllər olduğu kimi yenə də bu gündən Allah onun üçün təkdi.
Amma nə sirr idisə o, gününü qara eləyən bu iblisə əməlli- başlı bağlanmışdı. Sağlığında indi bu ölü olan iblis bəzən beş- altı günlüyə harasa getməli olurdu: ya qohum- əqrabasından kimsə ölən hüzürə, ya rayona- zada, toya- filana, yaxd ona da, evinə də, həmçinin öz həyatına da tüpürüb boşanmaq adı ilə dədəsinin xarabasına. Belə vaxtlarda bir neçə gün kişi çox sevinirdi, özünü rahat, gümrah hiss edir, bu fani oğlu fani dünyada bir- iki gün adam kimi yaşamağından məmnun olurdu. Həyat doğrudan da gözəl imiş, İlahi! Bəs onda, sən bu iblis xislətli qadınları niyə yaratdın? Adəm də bu qadın tayfasının hesabına gül kimi cənnətdən qovulmadımı?
Amma bu cür fəlsəfi düşüncələrin ömrü çox az oldu. Üç- dörd gündən sonra o, dəhşətli dərəcədə arvadı üçün darıxmağa başladı. Bu necə olur ki, insan həyatını zəhərləmiş bir adamı xəffətini çəkməyə başlayır?
Vallah, çox gülməli və qəribə işdi.
Bu ayrılıq günləri uzandıqca onun da səbri tükənməyə başlayırdı. Ürəyi sıxılırdı, gözləri yol çəkirdi, heç cür bir yerdə qərar tuta bilmirdi. Axı o, neyləsin? Neyləsin axı? Və belə vaxtlarda yalnız bir çıxış yolu qalırdı; o, özü- özünə etiraf etməyə məcbur olurdu: bəli o, öz arvadını, bu iblisi dəhşətli dərəcədə sevir. Bəli sevir! Bunu əsl kişi kimi etiraf etmək lazımdır. Sən demə iblisi də sevmək olarmış, onsuz darıxmaq olarmış. İblis də Allahın mələyidir. Lənətlənmiş, sevimli mələk!
Və belə sakit, səssiz- səmirsiz, üzücü günlərin birində qəflətən evin divarları diksinirdi. Hər şey məlumdur: İblis qayıdıb. O, bilərəkdən televizorun səsini son nöqtəyədək qaldırdı. Şübhəsiz texnika acizdir. Onun ekranda quruya atılmış balıq kimi ağzını açıb yuman müğənniyə nədənsə yazığı gəlirdi. Arvadı eyni vaxtda danışır, ağlayır, çığırır, qiyyə çəkirdi. Onun bu çılğın hərəkətlərində, emosional danışığında opera elementləri o dəqiqə nəzərə çarpırdı. Bu da Allahın vokal musiqisi ifa edən mələyi. Döz indi, döz!
Daha darıxmağa vaxt olmaz.
O, son vaxtlar yuxusuzluq xəstəliyinə mübtəla olmuşdu. Heç vəchlə yata bilmirdi. Yuxusu bəlkə də arvadının səsindən hürkdüyü üçün gözlərindən qaçıb düşmüşdü. Gözlərini yummurdu, saatlarla belə uzanıb qalırdı, fəqət yata bilmirdi. Bəzən belə vaxtlarda ürəyi elə istəyirdi ki, arvadının sözünü kəsib bu haqda ona danışsın. Ancaq tez də fikrindən vaz keçirdi: həm arvadına mane olmaq, həm də ona təzə mövzu vermək istəmirdi. Taleyini lənətləyə- lənətləyə içində, ürəyinin lap ucqar küncündə çarəsiz- çarəsiz, xəfif- xəfif ağlayırdı.
Həmin işığı da belə gecələrin birində gördü. Yenə arvadı öz işində idi və o da gözlərini nə qədər möhkəm yumsada yuxulaya bilmirdi. Birdən sanki yuxulamaqdan yorulmuş göz qapaqları ağrıdı və o, qəfildən nəbzi kimi vuran, gizildəyən gözlərini açdı: ilk dəfə həmin işığı gördü. Əvvəl qorxdu, sonra yanında uzanmış arvadının hardasa çox- çox uzaqlarda gələn səsini eşidib toxdadı. Axı o, bu işığı əvvəllər harda görmüşdü? Nəsə çox tanış, doğma, əziz gəlirdi ona bu işıq. Kimə oxşayırdı bu işıq, ay ana? Bəlkə sənsən, sənsən gəlmisən, hə? Öz yazıq, tək, tənha balana kömək etmək istəyirsən?
Qəfildən onun ürəyinin bütün ərazisində ilan dili nazikliyində bir ağrı dolaşdı. Axı o, bu işığı üzünü bircə dəfə də görmədiyi anasına necə oxşada bilər: o, dobulan gün anası vəfat etmişdi. Öz ömrünü oğlunun bu mənasız, məşəqqətli, acı, üzücü, gərəksiz həyatına dəyişmişdi.
Bəs onda bu işığı harda görüb o? Nədən ötrü bu işıq bu qədər doğma gəlir ona?
Beləcə, hər dəfə bu cür qaranlıq qədər intəhasız gecələrdə arvadının iynəli sözlərindən loxması boğazından keçməyən sərhədlərdə, zəhmətinin dəyərləndirilmədiyi iş günlərində o, həmin işıqla lap dinməz, ürəyində, gözləriylə, baxışlarıyla danışmağa başladı. Sən məni niyə belə yaratdın, ilahi? Nə üçün hamıda olan sifətləri məndən əsirgəmədin? Axı mən nədən ötrü, arvadımın gözləri doysun, ürəyi soyusun deyə qaz vurub, qazan doldura bilmirəm? Mənim nə günahım var ki, arvadımın gül kimi ömrü beş otaqlı deyil, bir otaqlı mənzildə çürüyüb gedir? Niyə bu adamlar sənə qovuşmaq istəmirlər, saflığa, təmizliyə can atmırlar? Neyçün insanlar məni anlamaq istəmirlər, neyçün?
İşıq isə susurdu. Qəribə bir təbəssümlə, sirlə, parıldaya- parıldaya təmkinlə onu dinləyirdi. Bir dəfə isə kişi o işığa cavab verməyə, dillənməyə, heç olmasa bircə kəlmə danışmağa məcbur elədi:
“Siz hamınız mənə qovuşacaqsınız.”
İşıq gülümsəyə- gülümsəyə yalnız bu sözləri dedi.
Bəlkə də həmin işıq olmasaydı o, arvadından əvvəl öləcəkdi. İndi isə hər şey tərsinədi.
Birdən kimsə onun qolundan dartdı:
- Deyirəm daha vaxtdı, gərək mərhuməni dəfn edək.
Arvadının qardaşıydı. O, key, süst nəzərlə qaynına baxırdı.
- Gəl, birinci sən yapış, gir tabutun altına.
Deyilənə əməl elədi. Sonra uzun müddət yenə özünə qapıldı. Birdə qəbiristanlıqda, arvadının qəbirini torpaqlayanda özünə gəldi. İblisi dəfn edirdilər. Demək bitdi, sona çatdı hər şey. Deməli, innən belə bir də heç vaxt o bu qadını görməyəcək, səsini eşitmyəcək nəfəsini duymayacaq. Bu imiş insanın ömrü. Mənasız, gərəksiz... Onda heç bu dünyada yaşamağa dəyməzmiş. Bəs bundan sonra o bu qadınsız neyləyəcək, necə yaşayacaq?
Bircə anın içərisində ürəyi elə sıxıldı ki, az qaldı köksündən qopararaq ağzından çıxa, yerə, hələ tam torpaqlanmamış arvadının qəbirinə düşə. O, birdən dəhşətli dərəcədə arvadı üçün darıxdığını hiss etdi. Görünür həqiqətən də o bu qadını- bu iblisi, Allahın lənətlənmiş, sevimli mələyini sevirmiş.
Beləcə rabitəsiz xatirələr, əlaqəsiz düşüncələr onu öz qoynuna aldı. Yenidən reallığa qayıdarkən özünü mənzillərinin qapısı qarşısında gördü. Gecə idi, adamlar baş sağlığı verir, sağollaşıb dağılışırdılar. O, tez- tez tələsik, dilucu vidlaşmağa başladı. Bircə bunlar tez çıxıb getsəydilər. Darıxırdı: həmin işıq üçün darıxırdı. Hamı dağılışandan sonra otağa keçib onunla danışmağa başlayacaq, dərdini yüngülləşdirəcəkdi. Bax, daha lap az adam qalıb. Cəmi üç- dörd nəfər.
- Sabah tezdən gələcəyik. Narahat olma, heç nəyin də fikrini çəkmə.
Qaynı idi. ən axırda bu sözləri dedi və çıxıb getdi.
O, mənzilin qapısını açdı. İçəri keçdi. Birdən dili- dodağı qurudu, gözləri qaranlıq gətirdi. Bəbəklərindən kürə kimi oynayan gözləri ilə bircə anın içərisində arvadının nəfəsi duyulmayan, səsi eşidilməyən otağı ələk- vələk etdi: həmin işıq yox idi.
Qəfildən hiss etdi ki, nəfəsi çatışmır. Ləng hərəkətlərlə yaxasının düyməlrini açmağa başladı. Ürəyindəki giziltinin səsini açıq- aşkar eşitdi. Kürəyilə qapıya söykəndi. Sağ əliylə sinəsini ovuşdurdu. Uzun bir müddət keçdi. Sonra, lap sonra ağır- ağır, asta- asta yerə kökməyə başladı.
Daha heç bir şübhə ola bilməzdi: həmin işıq ölmüşdü.

Qalmaqallı “Ulra. Kultura” mətbəəsi fəaliyyətini dayandırır


Rusiyada kitab nəşri biznesinin azərbaycanlı milyarderin nəzarətinə keçməsi gözlənilir

Rusiyanın qalmaqallı nəşrləri və hakimiyyətlə çəkişmələriylə məşhurlaşan “Ultra. Kultura” mətbəəsi qapadılıb. Səbəb kimi baş redaktor İlya Kormiltsevin ağır xəstəliyi və maliyyə çətinlikləri göstərilir. Onu da qeyd edək ki, mətbəənin internet saytında yardıma ehtiyacı olan Kormiltsevin hesab nömrəsi də göstərilib.
İ.Kormiltsev görkəmli naşir olmaqla yanaşı, həm də tərcüməçi kimi tanınır. O, eyni zamanda “Nautilus Pompilius” qrupunun ifa etdiyi mahnı mətnlərinin müəllifidir. Onun rəhbərlik etdiyi “Ultra. Kultura” ölkənin ən diqqətçəkən mətbəəsiydi.
Bu mətbəə Kika Keyvin, Çarlz Mensonun, Aleksandr Proxanovun, Alina Vituxnovskayanın , Heydər Camalın, Stanislav Belkonskinin, Boris Kaqarlitskinin, qalmaqallı əsərlər müəllifi kimi tanınan Eduard Limonovun və başqalarının kitablarını nəşr etməklə, nonkomformist ədəbiyyatın özəyini təşkil edib. “JZL”, “Non Fictio”, “Russkiy drive”, “Overdrive” və sair seriyalar geniş məşhurluq qazanıb.
Mətbəənin populyarlığına onunla bağlı çoxsaylı qalmaqallar da az təsir göstərməyib. “Ultra.Kultura”nın 2003-cü ildə nəşr etdiyi ilk kitablardan biri moskvalı skinxed Dmitriy Nesterovun “Skinlər. Rusiya oyanır” kitabıydı. Bu nəşr kəskin reaksiya doğurdu, nəticədə Kormiltsev “İnnostranka” mətbəəsinin “İllüminator arxasında” kitab seriyası üzərində işini dayandırmlı oldu.
“Narkomanlığı və terrorizmi təbliğ etməsi” səbəbindən 2004-cü ildə “Ultra.Kultura”nın kitabları dəfələrlə satışdan yığışdırılıb. 2006-cı ildə isə pornoqrafiyanın qeyri-leqal yayılması ittihamıyla mətbəəyə qarşı cinayət işi qaldırılıb. Əslində, hakimiyyəti qıcıqlandıran “Allah Amerikanı sevmir” və “Marixuana. Qadağan olunmuş dərman” kitablarıydı. 2006-cı ilin iyulunda mətbəə növbəti qalmaqallı kitabların anbardan yığışdırıldığını bəyan etdi.
Mətbəənin qapadılmasının rəsmi səbəbləri, hələlik, elan edilməyib. Məlum olan budur ki, fevralın 1-dən “Ultra.Kultura” işinə xitam verir.
Qeyri-rəsmi məlumatlara görə, mətbəənin bağlanması onun daxil olduğu şirkətlər qrupunun satılmasıyla bağlıdır. Guya onun əsas ortağı olan Yekaterinburqun “U-faktoriya” adlı ən böyük mətbəə holdinqini AST alır, “Ultra. Kultura”nı isə yayım problemləri və maliyyə çətilikləri üzündən qapadırlar. AST-nin mətbuat xidmətindən hələlik, məsələylə bağlı heç bir şərh vermirlər. Qurumun maliyyə direktoru isə bu gün üçün heç bir belə bir alış-verişin olmadığını bildirib.
Bir çox kitab distribütorları hakimiyyətlə narazılıqlardan və qalmaqallı kitabların yığışdırılmasından sonra “Ultra.Kultura”nın kitablarını yaymaqdan imtina ediblər. Şübhəsiz, burada mətbəənin rəhbəri Kormiltsevin xəstəliyi və onun uzun müddətdir ki, Londonda müalicə alması da az rol oynamayıb.
Onu da deyək ki, AST şirkəti Rusiyada yaşay an məşhur azərbaycanlı biznesmen Telman İsmayılova məxsusdur. O, “Forbes” jurnalının “Rusiyanın ən varlı milyvrderləri” sıralamasında ilk yerlərdən birini tutub və maddi sərvətinin 1,5 milyard dollara çatdığı deyilir. Belə görünür ki, yaxın vaxtlarda şimal ölkəsinin kitab nəşri biznesi azərbaycanlı biznesmenin nəzarətinə keçəcək.

“Atalarda yorulan istedad uşaqlarda dincəlir”


Rasim Qaraca



Fransalı naşir Fransuaza Verni atalarının sənətini davam etdirən yazıçı uşaqlarının əsərlərindən ibarət qeyri-adi bir seriyanın nəşrinə başlayıb. Hətta bəzi nəşrlər tam bir yazıçı sülaləsinə həsr olunub - ata, ana, oğul, qız və s. əsərləri toplu şəkildə oxuculara təqdim olunur. Həmin nəşr alimlərin çoxdan bəri araşdırmaqda olduqları “istedad irsən ötürülürmü” sualının praktik olaraq cavablandırılması baxımından son dərəcə qiymətlidir. İstər naşirin, istərsə həmin seriyadan kitabları tədqiq edən mütəxəssislərin bu məsələyə dair qənaəti olumsuzdur - istedad irsən ötürülmür. Elm aləminə məlum olan həqiqət F.Verninin serialında öz təsdiqini tapıb: “Atalarda yorulan istedad uşaqlarda dincəlir”.
Fransa mətbuatında həmin bu nəşrlər ətrafında sürən müzakirələrdə yazıçı uşaqlarının, bir qayda olaraq, istedadsız olmaları, lakin yaradıcılıq mühitində yetişmələrinin onlarda bir sıra vərdişlər aşıladığı, həmin vərdişlərin, nəyin bahasına olursa olsun, ədəbiyyatda təsdiq olunmaq ambisiyasını yaratdığı öz ifadəsini tapıb.
Tarixdə musiqiçi ailəsindən yaxşı musiqiçilərin, həkim ailəsindən yaxşı həkimlərin, aktyor ailəsindən yaxşı aktyorların və s. çıxdığı haqqında nümunələr çoxdur. Lakin ədəbiyyatda, sən demə, məsələ başqa cürə imiş: ədəbiyyat mühitində yetişmək insanda, uzaq başı, sözə qarşı həssaslıq, sevgi öyrədə bilər, onlar ən yaxşı halda qrafoman ola bilərlər.
Məsələn, ata Aleksandr Düma hər zaman oğlunu yazıçılıq peşəsinə həvəsləndirməyə çalışıb, hətta buna nail olub, bir ara “Kameliyalı qadın” əsərini nəşr etdirəndən sonra oğul Dümanın şöhrəti atanı kölgədə qoyub. Lakin tarix hər şeyi yerbə-yer edib: nəhəng atanın müqabilində oğul Düma bu gün çox cılız görünür.
Yaxud “Taraskonlu Tartaren” əsərinin müəllifi Alfons Dodenin oğlu Leon, o qədər də istedadsız olmamasına baxmayaraq, tarixdə yazıçı kimi deyil, özünün intriqabazlığı, demokratiyanın qatı düşməni olması ilə qalıb. Halbuki yaşadığı dövrdə atasının ənənəvi üslubu ilə müqayisədə o, yenilikçi təsiri bağışlayırdı, oxucular tərəfindən sevilirdi.
Buna bənzər hadisəl Jül Vernin oğlu Mişelin də başına gəlib. Ancaq tarix Mişelin adını öz səhifələrində saxlamayıb.
Hətta məşhur Fransua Moriakın oğlu Klod Moriak istedadlı olmasına baxmayaraq, heç vaxt atasının təsirindən çıxa bilməyib, onun əsərlərində də bu özünü göstərib.
“Böyük Ata” kompleksini dəf edə bilməyən Klaus Mişel isə (Tomas Mannın oğlu) bunu etiraf edərək 1949-cu ildə 42 yaşında intihar edib.
Həmin seriyadan olan kitablar arasında Emis Kingsli və oğlu Martin Kingsli tandemi öz əksini tapıb. Mütəxəssislər bir qayda olaraq oğul Kingslinin uğursuzluğunu qeyd edirlər.
Bütün bu müqayisələrdən və sübutlardan çıxan nəticələri göz qabağındadır: yazıçı törəmələrinin ədəbi şöhrət dalınca qaçmaları qarşısıalınmazdır, onlar istedadın irsən ötürüldüyünə inanarlar. Tarix isə birmənalı şəkildə bunun əksini sübut etməkdədir - fransalı tədqiqatçıların qənaəti belədir.


Nobel mükafatı laureatları: Knut Hamsun


Balaca Norveçin böyük yazıçısı

Yazıçı Azərbaycan dilində ilk dəfə kitab halında nəşr olundu


Bu günlərdə Norveç yazıçısı, Nobel mükafatçısı Knut Hamsunun seçilmiş əsərlərinin birinci cildi Nadir Qocabəylinin tərcüməsində Azərbaycan dilində çapdan çıxmışdır. Kitaba yazıçının “Aclıq” (1890) və “Viktoriya” (1898) romanları, 1899-cu ildə Rusiyaya və Qafqaza, o cümlədən Azərbaycana etdiyi səfərin təəssüratları əsasında qələmə aldığı “Nağıllar diyarında” (1903) yol qeydləri, eyni zamanda “Sirli dərd” hekayəsi (1891) daxil edilmişdir.
Nüfuzlu Norveç nəşrlərindən sayılan “Norveç ədəbiyyatı tarixi” (1974-1975) altı cildliyinin müəlliflərindən birinin fikrincə, Knut Hamsun Norveç ədəbiyyatının “ən istedadlı, ən məşhur və ən mübahisəli” nümayəndəsidir.
Hamsunun fikrincə, müasir Norveç ədəbiyyatının başlıca qüsuru psixoloji dərinliyə enə bilməməsində idi. “Norveç ədəbiyyatı” məruzəsində o qeyd edirdi ki, “Mahiyyətcə, materialist olan ədəbiyyat insanlardansa, dəyərlərə üstünlük vermişdir, demək, insanın daxili aləmiylə deyil, daha çox ictimai məsələlərlə maraqlanmışdır”. O, İbsenin, Börnsonun, Hyellanın, Yunq Linin xidmətlərini qiymətləndirməklə yanaşı, onların “psixoloji” deyil, “sosial” ədəbiyyat, “psixoloji şəxsiyyət” deyil, “xarakterlər” və “tiplər” yaratdıqlarını qeyd edir. Hamsuna görə, onlardan heç biri müasir psixoloji incəsənətin qarşısında duran vəzifələri həll etmək səviyyəsinə yüksələ bilməmişdir. O, qəti əmin idi ki, müasir yazıçı, hər şeydən öncə, səmimi psixoloq olmalı, “insanın qeyri-şüuri ruhi aləminin” təsvirinə diqqətlə yanaşmalıdır.
Şəxsiyyətin psixikasının təsvirində təhtəlşüuru başlıca amil sayan Hamsun elmə müraciət edir və öz düşüncələrinin təsdiqini alman alimi E.Hartmanın (1842-1906) əsərlərində, xüsusən də, “Təhtəlşüur fəlsəfəsi”ndə (1869) tapır. Lakin elm adamlarının nailiyyətlərinə hörmətlə yanaşan Hamsun hesab edirdi ki, sənətkar insanın daxili aləminə nüfuz etmək üçün daha geniş imkanlara malikdir, çünki o, müasir psixologiyanın insanda hələ də izah edə bilmədiyi bir çox cəhətləri kəşf edə bilir.
Hamsun ilk növbədə Strindberqi bu cür ədəbi istedadlara aid edirdi. O, Strindberqlə yalnız yazıçı kimi deyil, həm də özündə “mürəkkəb tipli çağdaş insanı” təcəssüm etdirən bir şəxsiyyət kimi fəxr edirdi. Dostoyevskinin psixoloji analiz məharəti də Hamsuna təsir göstərmişdir. Strindberq və Dostoyevskidən başqa ona birbaşa və dolayısı ilə təsir göstərənlər arasında Nitsşenin də adını çəkmək olar.
Nitsşenin təsiri altında Hamsunda onun özünün də daxil olduğu hansısa mənəvi elita, “mənəvi aristokratiya” haqqında təsəvvür formalaşmışdı. Hamsun öz əsərlərini də bu cür zərif və seçkin şəxslər üçün nəzərdə tuturdu.
Kitab “Aclıq” romanı ilə başlayır. Bu romanla Avropa ədəbiyyatına yeni, qüdrətli və özünəməxsus bir istedadın gəlişi hər kəsə aydın olmuşdur. “Aclığın” bədii xüsusiyyətləri, qəhrəmanın psixoloji durumuna yanaşma manerası Hamsunun yaradıcı bir insan olaraq müstəqilliyini ortaya qoydu. Hamsunun Kristianiyada keçirdiyi əzablı və qorxunc gənclik illərinin üzərindəki pərdəni bir az qaldırsaq, “Aclıq” romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar. O vaxtlar yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür. Onun aclıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Hamsunun sözlərinə görə, o bu əsərdə “ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sarsıntılarını təsvir etməyə səy göstərib”. Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloci aclıqla bağlı deyil. O sanki iki aləmdə - gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır. Bu ikilik romanın adında da özünü göstərir: Onun qəhrəmanı korlanmış, pozulmuş dünyada yalnız fizioloci deyil, həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq keçirir. Qeyd etmək lazımdır ki, əsərin simpatik-ironik üslubu yazıçı ilə qəhrəman arasında üzvi bağlantı yaradır. “Aclıq” Hamsuna böyük şöhrət qazandırmışdır, roman çap olunduqdan sonra o, peşəkar yazıçı həyatına qədəm qoymuş, istedadı cilalanaraq püxtələşmişdir.
Kitabdakı ikinci əsər olan “Viktoriya” romanı yeni dövr dünya ədəbiyyatında məhəbbət mövzusunda yazılmış ən yaxşı əsərlərdən biridir. Dəyirmançı oğlu Yuhanneslə ağa qızı Viktoriyanın uğursuz məhəbbətini Hamsun böyük ilham və yüksək poetizmlə qələmə almışdır. Zəmanə, sosial maneələr, qəhrəmanların şəxsi həyatında baş verən dəyişikliklər bir-birini sevən iki gəncin məhəbbəti qarşısında acizdir. Hamsunun bütün qəhrəmanları kimi, Yuhanneslə Viktoriya da mürəkkəb xarakterə malik şəxsiyyətlərdir, onların incə və həssas qəlbə, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə, həssas və məğrur insanlara xas ziddiyyətli təbiətə malik olması əsərə emosional-psixoloji məzmun verir. “Viktoriya” bu gün də Hamsun pərəstişkarlarının ən dəyərli əsərlərindən biri olaraq qalır. Bu əsəri ədibin özü də yüksək qiymətləndirmiş və təsadüfi deyil ki, böyük qızına Viktoriya adını vermişdi.
Kitabda yer alan üçüncü əsər “Nağıllar diyarında” oçerkidir. 1899-cu ilin payızında Hamsun Rusiyaya, Qafqaza və Azərbaycana səfər etmiş, 1903-cü ildə o, səfər təəssüratlarından bəhs edən “Nağıllar diyarında” adlı yol qeydlərini qələmə almışdır. Dərin müşahidəçilik qabiliyyətinə, incə yumor hissinə və güclü ironiyaya malik Hamsun ucsuz-bucaqsız Rusiya çölləri, başı göylərə çatan Qafqaz dağları, köhnə Tiflis, neft Bakısı, buranın insanları haqqında olduqca maraqlı fikirlər söyləmişdir. Yazıçı kazak çölünün özünəməxsus stixiyasından, Qafqaz dağlarının füsunkar gözəlliyindən, Azərbaycandakı şoran çöllərindən eyni məhəbbətlə bəhs edir. Hamsun öz oçerkində Moskva Kremli, Tiflisdəki “Asiya Məhəlləsi”, Bakıdakı “İçərişəhər” və Suraxanıdakı “Atəşgah” haqqında da Azərbaycan oxucularının hədsiz marağına səbəb olacaq fikirlərini açıqlayır. Onun bədnam qonşularımız haqqında qələmə aldığı müşahidələri və fikirləri də maraqlıdır: “Şərqdə bizə dedilər ki, yəhudi on yunanı aldada bilər, erməni isə həm yunanları, həm də yəhudiləri aldadır”. Əsər real hadisələrə əsaslanan yol qeydləri əsasında yazılsa da, yüksək sənətkarlığı, bədii-estetik dəyəri, incə yumoru və lirizmiylə seçilir.
Kitaba daxil edilən sonuncu əsər “Sirli dərd” hekayəsidir. Hekayə cinayət törətmiş bir adamın cəzanlandırılmadığı üçün etdiyi qəribə hərəkətlərdən bəhs edir. Bu hekayəsində də Hamsun öz yaradıcılıq prinsipinə sadiq qalaraq insan psixikasının dərin qatlarını açmağa çalışır.
Knut Hamsunun kitabını şəhərimizin mərkəzində yerləşən kitab mağazalarından, eyni zamanda “Alma” və “Reytinq” qəzetlərinin redaksiyalarından əldə edə bilərsiniz.

Kitab-loto

Nərmin Kamal

İnsan həyatı kibrit qutusuna bənzəyir. Ona ciddi munasibət - gülüncdür, qeyri-ciddi munasibət - təhlukəlidir....
Runeske Akutaqava, "Dəlinin qeydləri"



Musiqidə əsəri yazan bəstəkar və onu musiqi alətində ifa edən ifaçı olduğu kimi, sözlü sənətdə də iki incəsənət tələb olunur: müəllif incəsənəti və oxucu incəsənəti. Musiqidə ifaçılıq sənətini öyrədən dərsliklər olduğu kimi, oxucular üçün də kitab oxuma sənətini, oxunun növlərini, oxunu pozan patalogiyaları izah edən kitablar var. Məsələn, S.Povarninin “Kitabı necə oxumalı?”, U.Ekonun “Oxucunun rolu” kitabı. Onlar ideal oxucu, bir insanın niyə oturub kitabı oxuya bilməməsi, yalnız ilk və son səhifəsini oxumaqla məzmunu haqda fikir yürütməsi, oxuyanda diqqətinin başqa yerlərə getməsi kimi oxucu incəsənətinin bir sıra detallarından söz açıb, ancaq kitabdan üz çevirmiş bütöv bir toplumu kitaba gətirməyin yolları barədə heç nə yazmayıblar. Ona görə də oxucu incəsənəti haqda bu kitabların arxa səhifəsində qeydlər üçün nəzərdə tutulmuş yeganə ağ kağıza gərək hərəmiz öz təhlil və təklifimizi yazaq:
Kitabı müqəddəsləşdirmək yaramaz işdir. Avropa xalqları sxolastika dövründə kitabı elə müqəddəs bilirdilər ki, hətta nigahdan kənar doğulmuş uşaqlara kitablara - əlyazmalara yaxınlaşmaq, toxunmaq qadağan idi. Azərbaycanlılar da kitabları yuxarı başa - rəfə yığır, bir otağa qapayır, qapısını bağlayır, illərlə qoruyur, nəsldən nəslə ötürür, göz bəbəyi kimi qorumaq lazım olduğu haqda bəyanatlar verir, gülün üstünə gül qoxlamayıb, köhnə kitabları yeni kitablardan üstün tutur, ancaq oxumurlar.
Azərbaycanlıların kitabdan uzaq olmasının səbəblərindən biri ola bilsin ki, tarixən köçəri deyil, oturaq olmalarıdır. Oturaq xalqların mədəniyyətinin daşıyıcısı, keysi abidələr, köçəri xalqların mədəniyyətinin daşıyıcısı, keysi isə kitabdır. Qədim yəhudi mədəniyyəti ona görə kitaba əsaslanırdı ki, qədim yəhudi xalqı köçəri idi. Ərəblər də köçəri sivilizasiya olduqlarından onların mədəniyyəti “biliklərin qabı” kimi kitaba və yazıya əsaslanır. Misirlilər isə oturaq olduqlarından öz tarixlərini obelisk - daş sütunlara yazırdılar. Azərbaycan toplumunu əmələ gətirən xalqların etnoqrafiyasında çoxsaylı yazılı abidələr var, onlar kağıza, kitaba deyil, yazılı abidəyə üstünlük verirdilər. Türklərin Tanrıçılıq dini, qam-şamanlığı da kitaba əsaslanmır.
Digər tərəfdən, Azərbaycan folklorundakı zəngin yuxuyozumları göstərir ki, bizim xalq mahiyyətcə yatağan, yuxuyameyllidir. Kitabları ən çox satılan italyan sayılan U.Ekonun “Lettore modello”sunda isə deyilir ki, ideal oxucu - yuxusuzluqdan əziyyət çəkən oxucudur.
Mən azərbaycanlıların kitab sevməməsini özümə yuxarıdaki kimi izah edirəm, onları yaxınlaşdırmağın isə ilk mərhələsini oyunsuz və kələksiz təsəvvür etmirəm. Uşaqlığıma dair bir xatirə nümunəsində sizə öz təklifimi açıqlayacağam. Vaxtilə düşbərə, xaş, bozbaş kimi ciddi yeməkləri yemirdim, ən zəhləm gedən xörək isə düşbərə idi, onu yaxın buraxmırdım. Ailə, nəinki ailə, bütün “İskra” küçəsi baş sındırırdı ki, bu cür dadlı milli xörəyi bu ağzının dadını bilməyən uşağa necə yedirdək? Axırda qərar qəbul elədilər, düşbərələrdən birinin içinə noxud qoydular, noxud kimin qabından çıxsa, onun arzuları çin olacaqmış. Mən düşbərəni noxudu tapmaq məqsədilə yeməyə başladım, noxud tapıldı, onu tapandan sonra yeməyi yarımçıq qoydum, hər halda düşbərəyə alışdım. İndi o uşaq böyüyüb elə bir ölkədə yaşayır ki, orda kitabı sevmirlər; böyük uşaq təbii bir qərar çıxarır ki, kitabların arasına pul qoyaq, kitablarla lotoreya oyunları keçirək, onda azərbaycanlılar pula çatmaq məqsədilə də olsa, kitabı oxuyacaq, ona alışacaq, hətta uşaqlarının adlarını Kitabəli qoymağa başlayacaqlar.



Özündən qaçmaq olmur


Kənan Hacının gələcək kitabına ön söz

Əsəd Cahangir

Elə adamlar var ki, onları ilk dəfə nə zaman gördüyünü dəqiq xatırlarsan, ili, ayı, günü, hətta saatınacan. Elələri də var ki, yaddaşına hissolunmadan girərlər - gözə soxulmadan, “mən də varam, korsunuz, niyə məni görmürsünüz?!” deyə qışqırıqsız, yazısı, zamanla tanıdığın, dəyərləndirdiyin səbri, təmkini, inadıyla… Və bir gün başa düşərsən ki, söz Bu Adam üçün vasitə yox, məqsəddir, əyləncə, peşə, sənət yox, qaçılmaz tale, pozulmaz alın yazısıdır.
Kənan Sözə möhür kimi alın basanlardandır. Hər onu görəndə alnındakı bu möhürün izlərinə bir az da kədərlə baxıram. Fikrimdən dəfələrlə özümə verdiyim bir sual keçir: “Bu nə söz sevdasıdır axı? Ondansa torpaq əkib-becərmək, yaxud konfet sexində işləməyin daha faydalı olmazdımı?”. Amma sualı vermir, eləcə fikrimdən keçirirəm… Çünki dünyada Allahdan aşağı heç kimi, sevgidən başqa heç nəyi olmayan bu buzovnalı balasının sözə ilahi pərəstişində qəribə bir şey də görmürəm. Axı o, çoxlarından fərqli sözlə ilişgisini əngəlləyəcək maneələrdən azad birisidir.
Gənc şair son illər geniş yayılmış yapon hoqquları tərzində yazdığı bir şeirində deyir:


Tale başım üstdə səma kimidi,
qaçıram, hey qaçıram…
altından çıxa bilmirəm.


Bu üç misradan bir kitab bağlamaq olar, taleyin qaçılmazlığına dair kitab. Bundan minillərdir ki, yazılıb, yazılacaq da, amma Kənan məlum-məşhur, total və fatal fikri özəl biçimləyib. Əslində, yeni söz yoxdur, onun yeni biçimləri isə sonsuzacandır. Söz dərzilərinin hesabına bu əskidən əski gəlin təzədən təzə don geyər.
Şöz odur ki, səni yanından min yol etinasız keçdiyin, fikir vermədiyin şeylərə yeni gözlə baxmağa vadar etsin. Hər dəfə onun yanından keçəndə onunla ilgili sözü də anasan. O öz müəllifinin düşüncəsindən çıxıb səninkiləşə, yaddaşının bir küncündə də olsa, aşiyan qura.
Kənanın bu hokkusunu oxuyan kimi də bilirsən ki, daha göylərə bu misralarsız baxa bilməzsən. Alın yazın kimi bu misralar da hara getsən, başın üstündə olar. Aylar, illərlə, bəlkə də ömürlük bu misraları zümzümə edər, onların havasıyla gedərsən, amma yol bitməz, tükənməz, hara qaçsan da, altında durduğun göylər kimi… Füzulinin “Deyil bihudə gər yağsa, fələkdən başimə daşlar, binasın tişeyi-ahimlə viran etdiyimdəndir”, Müşfiqin “Tərlansan, göydən enməzsən, torpaqlarda sürünməzsən, mən dönsəm də sən dönməzsən, yaşa, könül, yaşa, könül”, Vahidin “Girmə, ey aşiq, diyari-məhəbbət bəlalıdır, nə ibtidası var, nə də bir intəhası var”, Ramiz Rövşənin “Bu zalım dünyayla neyləyəcəksən, necə çıxacaqsan öz qabığından”, yaxud “Hamı günahkardı dünyada, amma dünyada heç kimin günahı yoxdu” misraları və neçə-neçə şairin, neçə-neçə misrası kimi…
Hərənin yaddaşında bir söz ağacı olar, hər yarpağı bir misra. Elələri də var ki, on kitabından bir yarpaq da çıxmaz. Kənanın bu misraları ilə söz ağacımda üç yarpaq da puçurladı.
Onun hikmətlə aşılanmış şeirlərini oxuyanda bir qənaəti təsdiqlərsən. Şair kimdir? Quşu, ağacı, hətta daşınacan bütün dünyanı canlı görən kəs. Gözünü dünyaya açıb dəmir-beton texnologiyası, urbanistik sivilizasyon içində şaşıran əski çağ adamı! Gözəl yurdunun nerədən daranmasını insandan - Qaraca Çobandan daha öncə sudan, ağacdan, itdən, qurddan soran Qazan xan. Cavabında su susar, ağac dil açmaz, it hay verməz, qurd ulamaz. Hətta qaracalar da öz aralarında dil tapmaz, bir-birini anlamaz. Qloballaşma çağırışlarına rəğmən, dünyanın vəhdəti, ahəngi anbaan pozular… Və burdan gerçəkləşməsi günbəgün daha mümkünsüz şair sevdası başlar - əski dil və ruhu restavrasiya cəhdi. Ənənəvi şair tənhalığı və bu tənhalıqdan doğan ağrının özülündə duran da yəqin ki, budur - şairin əski içi ilə modern dışarı arasındakı uçurumdan doğan əlacsızlıq.
Dünyaya mifopoetik duyğusallıq açısından baxan Kənan daş, ağac, quş dilindən tərcüməçi, onun şeirləri isə daş, ağac, quş dilindən çevirmələrdir. Ən dahi tərcüməçi orijinalı olduğu kimi çevirə bilməz, ən istedadlı şair də daşın, ağacın, quşun dilini adam dilinə çevirməkdə acizdir. Onun gücü uzaqbaşı bu adamüstü dilə başqalarından bir az çox yaxınlaşmağa yetərlidir. İlk baxışdan qəribədir, amma əsil poeziya bizi adamlıqdan çıxarar, gəl ki, heyvan ayaqlarının altına salmaq yox, mələk qanadlarının üstünə qaldırmaqla. Kənan da aşağıdakı şeirində ağacca düşünüb, adamca danışır.

Sınmış budaqlardan
Qan damcılayır
yarpaqlar tökülür göz yaşları tək
son dəfə torpağı
sıxır ovcunda
erkən quruyan ağac

İnsan öz dilində danışar, quş öz dilində səslənər, ağac öz dilində cilvələnər, daş isə… Daşdan ötə sükütün dili başlar. O dilsiz dili insanın da, quşun da, ağacın da, daşın da anlamaq gücü var. O dilsiz dildə insan quşa, quş ağaca, ağac daşa, daş da insana dönər. O dalğa yox, enerjidir, onu kənardan eşitmək yox, içdən duymaq olar. Amma dünyanın ən ünlüləri belə, əslində həmin vadiyi-vəhdət dilini sonacan bilməyib, hətta Sokrat, yaxud Şəms Təbrizinin özü belə… Əgər bilsəydilər, danışmaz, sükut edərdilər və onların adını bilməzdik. Olsun ki, bu dili bilənlər olub, sadəcə biz onları bilmirik, çünki sükut içində gediblər. Axı demək yazmaqdan, sükut hər ikisindən ciddidir.
Modern çağın milyardlarla insanı kimi Kənan da unudulmuş o dili bilmir, amma onun nə vaxtsa var olduğunu şair olaraq duyur. Dilə gəlməyən o dil əslində bir Allah, bütün dünyanı içdən qapsayan və ona həyat verən bir səs, təvazökar bir işıqdır! Texnogen eranın vur-çatlasınında getdikcə daha eşidilməz olan bu səs indi yalnız içimizdə dillənər, neon lampalarının gözqamaşdırıcı parıltısında getdikcə daha görünməz olan bu işıq indi ancaq virtual dünyamıza nur saçar:

Dünyanın hər yerində
eyni dildə ağlayır uşaqlar
eyni dildə çağlayır sular
uşaqların heyrəti önündə
susmağı öyrənir böyüklər
eyni dildə susur
dərin quyular
… dünyanın hər yerində
eyni dildə danışır
sirri qoruyan sükut
Dünyanın hər yerində
eyni dildə danışır Allah

Kənan dünyaya bu adamüstü dil məntiqi ilə yanaşır. Onun poetik universumunun ənənəvi dil və düşüncə məntiqinə zidd bütün paradoksal sonucları, metaforik kəşfləri də bu “məntiqsizliyin” məntiqindən doğar:

Vətəni sevgimiz yox,
Nifrətimiz xilas edəcək.
Yaxud,
insanlar
vətəndə yaşamağa
məhkum olunmuşlardı..
Və yaxud,
Uşaqlığımı
köhnə evimizin
eyvanına əyilən
ərik ağacının kölgəsində
dəfn etdim
indi o yerdə bir kötük qaralır
başdaşı əvəzi…
Və nəhayət,
Alışan gündüzün
külüdür gecə
bu kül altda
köz kimidir
ulduzlar

Kənan şeir də yazır, ədəbi-publisistik məqalə də, hekayə də… Bu nədir? Universal istedadın təzahürü, yoxsa hələ külçə halından çıxıb emal olunmamış istedad? Yəqin ki, ikincisi. Amma əsas janr dağınıqlığı yox, özünüaxtarışlardır, bəzən uğur, bəzən uğursuzluqla nəticələnən axtarışlar. Gənc yazarın külçə istedadının esse, məqalə, hekayə kimi məhsullarında da hələ ki, onun şairliyi aparıcıdır. Bəlkə də vaxt gələr bu şeir, esse, məqalə və hekayələrin müəllifi öz qəti janr məcrasını tapar, bəlkə elə ömrünün axırınacan məcrasız sellər kimi axar. Bu barədə qəti hökm imkansızdır. Nədən yazır-yazsın, hansı formanı, hansı janrı seçir seçsin, biz uzaqbaşı ona Allahın, xeyirin, işığın, sevginin, gözəlliyin tərəfində durmağı arzu edə bilərik. Amma, bizcə, bir məsələ şübhəsizdir: o, öz estetik kredosunu müəyyənləşdirib, seçimini eləyib, yaradıcı kəsin önündə duran ilkin işi həll edib. Şeirlərindən birində, bir qədər də satirik dillə hətta öz estetik kredosunu bəyan da edib:

Bas səsilə şeir oxuyur
arabir gəyirir
şeir, nə şeir?!
leş qoxuyur
deyəsən şeiri turp yeyə-yeyə yazıb
indi də bizi tərifləyib
başımızda turp əkmək istəyir

Gözəllik sevgisi və eybəcərliyə ikrah! Bu estetik etiqad Kənanın bəlkə istəsə belə, cazibəsindən qopa bilməyəcəyi yer, altından çıxa bilməyəcəyi göylərdir. Bu günkü mətbuatda isə nə yeri, nə göyü qaralamadan çoxlu adlar səslənər, amma ad hələ imza, mətbuata çıxmaq hələ ədəbiyyata gəlmək deyil. Çoxunu yadda saxlamaq da çətin, zatən yadda qalası elə bir işləri də yoxdur. Yəqin bəzilərinin yadda qalmaq, seçilmək üçün elədikləri cığallıq da bu üzdən: kömürə ağ, qatığa qara söyləmək, kiməsə ilişmək, kiməsə öcəşmək, kimisə təhqir etmək, klassikləri suçlamaq, Peyğəmbərə həqarət, hətta Tanrının özünə belə əl aparmaq!
Bəziləri isə vicdanını qovluğa qoyub qoltuğuna vurar, əyilə-əyilə kabinetlərə girib-çıxar, mənsəb sahiblərinin özləri bir yana, dünyasını dəyişmiş cədd-əqrabasına belə yalmanar, bir, iki, üç, yüz yol, axır ki, amaclarına yetər, öncə ödül, dalınca iş, sonra ev alar, gələcəyinə də fəxri məddah adı, simasızlıq şöhrəti ordeni almağı düşünərlər. Siyasi mənsubluğundan tutmuş ədəbi-estetik mövqeyinəcən hər şeyi bir qırpımda dəyişən bu dəstənin də yazdıqları bir şey olmaz. Çünki istedad haqq aşiqliyi, həqiqət sevgisidir, buqələmun ürəyi onu duymaz. Birincilərin aşırı eqoizmi və ikincilərin aşırı simasızlığı əslində bir medalın iki üzüdür. Amma üzdən ayrı olsalar da, Siam əkizləri kimi kürəkləri bitişikdir - hər ikisinin mahiyyətində eyni mən+fəətpərəstlik durar, hər ikisi özlərini Sözdə yox, sözdə Özlərini axtarar. Kənan nə onlardandı, nə də bunlardan.
Söz isə Tanrı kimidir, təkəbbürü sevməz, saxtakarlığı bəyənməz, fədakar aşiqlər, kamikadzelər istər. “Məni sevirsənsə, son köynəyini ver, axır tikəni böl, hər şeydən, hamıdan əl çək, canından belə keç, ardımca qoş!” söylər. Və özünü bu hökmə İsmayıl itaəti, İsmayıl imanı ilə qurban verənləri ən gözlənilməz yerdə, ən son anda müjdələr. Kiminin buna dözümü yetər, kiminin yox. Nə xoş ki, özünü Sözün hökmünə təslim edənlər də var. Kənan Hacı da onlardan biri…
Kənan bu çağ yanğını içində dilsiz itaətlə gözlərini yumub, qurbangah daşının üstünə uzanan İsmayıla bənzər, başının üstündə sərt həyatın laqeydlik xəncəri. Tanrı isə ilham mələklərinin qanadlarında elə hey söz müjdəsi göndərər, misra-misra… “Məhəmməddən artıqmısan? Ona ən böyük hədiyyəm Söz oldu” deyər. Onun buna səbri yetərmi, günlərin bir günü dözməyib, Şeytan və onun yer üzündəki xəlifələri tərəfə keçməz, sağa, sola sapmaz ki? Deyə bilmərəm. Amma hansısa tərəddüd anında başını qaldırıb, səmaya baxsa, ulduz-ulduz hərflərlə bu sözləri oxuyacağına əminəm:
Özündən qaça bilməzsən…




Pif-Paf


Həmid Herisçi


Tanınmış yazıçı Həmid Herisçinin “Nekroloq” - sonsuz romanlar silsiləsindən ilk ötən il işıq üzü görüb. Oxucular arasında böyük marağa səbəb olan silsilənin növbəti romanı kitab halında çapa hazırlanır. Qurban Səidin (Əsəd bəy Nessenbaum və ya Yusif Vəzir Çəmənzəminli) qələmə aldığı və dünyanın 40-dan artıq dilinə tərcümə olunan məşhur “Əli və Nino” romanının dekonstruksiyası üzərində qələmə alınmış yeni roman “Əli ilə Nino” adlanır. Əsərdə əvvəlki romanın azərbaycanlı, gürcü və erməni qəhrəmanları Azərbaycanın ikinci müstəqilliyi dövründə yenidən dirilirlər. Bu dəfə həyatın dibi, qaranlığı onlar öz qara-gerçək talelərinə qovuşdurur. Sonucda oxucu Azərbaycanın, bir az da irəli getsək, üç xalqın QARA kitabı ilə üz-üzə qalır…
Romandan bir parçanı sizlərə təqdim edirik.



***


- Görmürsənmi Əlixanı? Gözünün qabağındadı ki, - Nino yaxası açıq sinəsini irəli verib, qucağındakı tifil küçüyü yuxudan oyatmaq istəmədi, onun yumşaq sarı tüklərini tumarladıqca gözlərini beş-altı dəfə yumub açdı, yumub açdı. - Yıxıl öl! Qal mələyə-mələyə! Hamının acığına mənlə yatacaq bu şeytan balası. Mənlə! Sözü bircə dəfə deyərlər! - Nino hərəkətsiz zamanı tələsdirərək, elə indidən həmin yuxunun şirin görüntüsünü öz gözəl sifətində canlandırır, yaşıl gözlərini yumub açır, sanki bilə-bilə, Həmidin atasının goruna od qoyurdu.
- Hanı o? Göstər mənə görüm, - Kinayəli baxışlarını gözəl Ninodan güclə ayıraraq, televizora sarı baxan Həmid, az sonra peşman oldu. Mavi ekranda göstərilən “Doktor Lektor” bədii filminin ruscadan azərbaycancaya tərcüməsi onu bir zərrə qədər sevindirməyib, daha da əsəbləşdirdi. O, üzünü turşudaraq, məcbur qalıb yenidən Ninonun sərt sifətinə zilləndi… Avropalılar nə deyirsə desin, lap qoy Sergey Naçaryanı gerizəkalılıqda ittiham etsinlər, ancaq o Nino barədə bəlkə də düzgün olaraq, şəkki-şübhəyə düşüb - qadına inanan səfehdi, vəssəlam! Söhbət gəlib qadınların hiyləgərliyi üstə çıxdısa, necə deyərlər, “açaq sandığı, tökək pambığı” - Sergey hələ iki-üç yaşındaykən, yaşadığı Aruşanovka məhəlləsində qəribə bir əhvalatın canlı şahidi olmuşdu… Həyətin düz ortasında bir dəstə adam hay-küy salıb qışqırır, qana bulaşmış körpə uşağı növbəylə əlləri üstə alaraq, onun pəncərədən düşüb zədələndiyi xəbərini həyacanla bir-birilərinə ötürürlər. Körpənin anası, gözü yaşlı rus qadını, hıçqırıb ağlayır, balasını xəstəxanaya çatdırmaqdan ötrü taksi axtarır … Ninonun kinli sifətinə baxan Sergey, yalnız indi, aradan gör neçə il ötdükdən sonra, həmin mənzərənin sirrinə agah oldu - bəlkə… bəlkə, həmin o hadisə tamam başqa cür baş verib, əslinə qalarsa, körpəsini pəncərədən atıb öldürən rus qadını - köpəyin qızı, ətrafındakı sadə insanları ancaq aldatmaq istəyib?... Paslı yaddaşının ən köhnə xatirəsinə indi, bax bu cür, başqa gözlə baxmaq, ona yeni izahat-yozum vermək, Sergey üçün tam gözlənilməz oldu. Bu halda, onun yaşadığı adi həyat, elə ilk dəqiqələrdən kor təsadüflərdən azad imiş; işə bir bax, yazıq Sergey yaşadığı elə ilk saniyələrdən poxa düşübmüş, şahid kəsilibmiş Bakı şəhərinin şər-xata əməllərinə. Vallah, Sergey yox, lap tam yad birisi olsun onun yerində, özün fikirləş, kim istər ki, yaşadığı həyat elə ilk saniyələrindən cinayətə bulaşsın, gizlin-gizlin həmişə bu xətt boyunca inkişaf edərək, lap axırda cəhənnəmin qır tiyanına gətirib çıxarsın öz sahibini?... Mövzunu azca dərinləşdirsək, Bakının ən müqəddəs əfsanəsi - qoca atanın öz qızını zorlamaq istəyi, zavallı qızcığazın yaşadığı Qız qalasından aşağı atılıb, Xəzərə qərq olması, dünyanın ən oğraş hekayəsi deyilmi bəlkə? Əfsanədə şübhəli məqamlar var, nə desən mümkündü, ola bilsin qoca padşah öz qızını zorlamağı bacarıb… Sonrasına keçək. Məyər, Sergeyin uşaqkən gördüyü bayaqki hadisə, Qız qalası barədəki əfsanəni bittə-
bittə təkrarlamırmı, həə? Hər iki halda ortada pəncərədən atılmış qız uşağının meyidi var… Əfsanə isə yenə də əvvəlkidir…Əvvəlki… Hər yeni nəsil onu bir başqa cür yaşayırmış fəqət. Qədim əfsanələr hələ ki, ölmədiyini, unutma, ortalığı bəzəyən insan meyidləri ilə təsdiqlədiqləyir həmişə…
Gözlərini Ninonun şəhvətli baxışlarından kənara çəkməyən Sergey Naçaryan, pox yemiş ördək kimi dərindən udqundu, doğma balasını tələf etmiş həmin o rus qadınıyla Ninonu bircə anlığa eyni sifətdə görüb, - saya bilərsən! - təəccübdən on-on beş saniyə hərəkətsiz qaldı. Qız qalası haqdakı şübhəli əfsanənin doğmalığı da hiss olundu Nino Kipianinin bütün digər hərəkətlərində. Fikrin özünə getməsin, onun zərif dodaqlarından çıxan siqaret tüstüsü həddən artıq ağıllıdır, yaxşı bilir hansı sirlərin üstünü örtdüyünü…
- Özün bilərsən Əlixan cəhənnəmin hansı küncündədi indi, Ninocan. Hələ ki, bizim başqa qonağımız var, - “Ayna” qəzetinin müxbiri cənab İlyas Ərnəfəs! O, Əlixanın nekroloqunu yazmağa gəlib, sualları var sənə, madumazel Nino. - Sergey, sol əlini alnına doğru gətirib, barmaqlarının ucuyla saçlarını geri daradı. Sakitləşib yerindən qalxdı, kimsənin görmədiyi qonağı Ninoya təqdim etməyi özünə borc bilib, partiyamızın rəhbəri Lenin kimi sağ əlini, otağın gözlə görünməyən qaranlıq küncünə doğru uzatdı.
- İlyas bəy, sizə bir duzlu-məzəli əhvalat danışacam, ancaq bəribaşdan xəbərdarlıq edirəm, sonra məndən inciməyəsiniz haa! - Sergey şişman dodaqlarını marçıldadıb, nitqinin ahəngini dəyişdiyindən, kriminal mövzunu xırdalayan teleaparıcıları xatırladırdı, - Jurnalist babasız, şəhərdə girmədiyiniz deşik qalmayıb, Bayıl qazamatında ölüm korpusunun mövcudluğu yəqin ki sizə bəllidir. Qadasınaldığım sovet dövründə kimiydi, həə, onun rəisi? Latış balası polkovnik İmant Ziedonis! Edam hökmlərinin çoxunu, sən bilərsən, Bayılda ancaq… ancaq bax, bu latış balası icra edir, iki addımlıqdan atdığı bircə atəşlə dustaqların təpəsini dağıdırmış. Millətimiz azadlığa çıxdığı vaxt, göy guruldadı, şimşək çaxdı - İmant Ziedonisin arıq götünə bir təpik vurub onu ağdamlı balası mayor Ədalət Əsgərovla dəyişdilər; mayor da ki, nə mayor - boyu iki metrə, qara bığları dörd kilo. İşi düyünə düşəndə, bircə arzusunu açıq şəkildə hamıya söyləyərdi: “Pis adam olmaq istəyirəm!”… İlk ölüm hökmünü icra edərkən bilmirəm nə oldusa, mayor Əsgərov naşılıq göstərdi, “TT” tapancası əlində titrəyib əsdi, nədi… cinayətkarı öldürmək əvəzinə, onu yaraladı… Nazirliklərə girib-çıxan tanış-tunuşlarımdan, Torpaq Komitəsinə əli girən dostum Məhərrəm kişiylə çayxanada eşitdim ki, indi həmin mayorun halvasını çalıb, yerinə bir başqasını təyin etmək istəyirlər, ortada bir balaca pul söhbəti var, vəssəlam! Nə yapışıbsınız ee jurnalistikadan-zurnalistikadan, bəlkə bu vəzifəyə gedəsiniz, İlyas bəy? Maaşı da var, şabaşı da… Əlixan kimilərin nekroloqunu yazmaqdan nə çıxır ee indiki dəli zəmanədə? Götür qələmi əlinə, mərhum prezidentimizi, onun məşhur “domino siyasəti”ni tərifləyib, göyün lap yeddinci qatına çıxart, xariclə ticarətdə müsbət saldomuzu hesabla… Yenə də pul girməyəcək boş cibinə. Mən deyən işdə isə…
- Siz deyən işdə, inanın, mən tapancanı çaşıb öz alnıma dirəyərəm, taleyimdən kənara çıxammıram, mənimki Əlixan kimilərin nekroloqlarını yazmaqdır, vəssəlam. - İlyas oturduğu kreslodan ayağa qalxıb, otağın ortasındakı dəyirmi masaya yaxınlaşdı. Kral Arturun orta əsrlər cəngavərləri kimi hərəkət edib, cümləsinin əvvəlini hamıya, axırını isə kraliçaya - yəni, Nino Kipianiyəyə ünvanladı. - Düz demirəmmi, xanım? Əlixanın intihar edib özünü öldürməyi haqda tanınmış ziyalılar arasında minbir şaiyə dolanır, yazıçı Çəmənzəmlinin sağ qalmış övladları doğma ataları sayır onu… Düzü, inanmağım gəlmir buna.
- O, intihar etmək xəyalını həmişə pencəyinin döş cibində gəzdirib. “Məhsul” idman cəmiyyətində güləşdiyi idmançılar da dediyimi təsdiqləyər, Əlixanın onlardan gizli sirri olmayıb. - Nino udqunub bircə saniyə nitqinə ara verdi. Bu inadkar qadın hələ də orta əsrlər kraliçasına bənzəməkdəydi. - Heç yadımdan çıxmır, bir kərə, Rövşən Cavadov qətlə yetirildiyi günün sabahısı, Əlixan elə mənim gözlərim önündəcə, cibindəki tapancasına əl atdı ki, alnına bir güllə çaxsın. Allah üzümə baxdı - o dəhşətli gecə mən ehtiyat eləyib həmin tapancanı hər ehtimala qarşı yataq odasında gizləmişdim. Tapanca yerinə, ağcaqanadlara qarşı işlədilən İran malı “pif-paf!” dərmanı çıxdı Əlixanın yırtıq cibindən… O, həmin dərmanlara baxıb xeyli güldü, bir kəlmə söz belə dilinə gətirmədi, qəmli gözlərini uzun müddət qapamadan bircə fikrini əzizlədi öz daxili aləmində: ağcaqanadlırımı öldürmək lazımdı, yoxsamı insanları?... Şoğərib “Pif-paf” kəliməsini həmin gün yorulmadan o nə qədər dilinə gətirdi, ay Allah…

“Ayna” qəzetinin müxbiri İlyas Ərnəfəs öz küt yaddaşına çox da bel bağlamadığından, tez əl atdı qoltuğundakı pox rəngli dəftərçəyə, Ninonun dediklərini bittə-bittə ora yazıb qeyd etdi, arabir, tikanlı suallar da verdi Ninoya. Bəlli oldu ki, Əlixanın qısa ömründə onun acı taleyini dəyişə biləcək bir neçə məqam olsa da, yazılana nə çarə? Yazıq onlardan kifayət qədər uğurla istifadə edə bilməyib. Məsəlçün, hələ 12 yaşlı yeniyetmə ikən, üzv olduğu pioner şurası tərəfindən o, “Dinamo” Kiyev futbol komandasının internat məktəbinə göndərilib. Ancaq, çox yatağan adam olduğundan yuxuya dalıb, Kiyevə uçan təyyarəyə özünü çatdırammayıb, sonra öz başını qapazlaya-qapazlaya peşmançılıq quyusuna yuvarlanıb, ağlını bir müddət itirərək, gedib qoşulub Baksovetdə nəşə çəkən avaralara. Adı əzbər Alik Odekalonla iynə vura-vura bütün Bakı apteklərinin dəqiq ünvanını öyrənib. Yanar şam alovundan siqaret alışdırmağı uğursuzluq bilən nəşəxorlarla dava salıb ki, “siz bu fəlsəfəynən pisniyabətlik edib Fizulinin şəbi-hicran dünyasına kölgə salırsız”… Osturan g…tə tövbə yoxdur - dəfələrlə iynə vurmağı tərk edib, islama keçsə də, namaz qılarkən həmişə, Bakının ən axmaq gədələrini aşkar edib öz böyründə, din-imandan iyrənib-küsüb. Sən heç Baksovetin qabağında var səsinnən qışqıra bilərsən ki “ay camaat, Bakıda sevgi yoxdur! Bu şəhərin hətta seksual azlıqları da bir-birini əslində sevmir!”? Əlixana nə var ki… o məhz bunu dilinə gətirib! Sonra başlayıb şairliyə, “Adiloğlu” nəşriyyatında üç kitab çap etsə də, onun çapxanasına 300 dollar borclu qalıb; ölkəni siyasi fikirlərinə görə tərk etməmişdən öncə xalqın bir sıra nüfuzlu xadimləri, o cümlədən Yazarlar Birliyinin həmişəyaşıl sədri yazıçı Anarla xudafizləşib… “Qadın dünyası” dərgisinə verdiyi uzun-uzadı müsahibəsində bircə dəfə səmimi olub: “Mən də insanam, çiy süd əmmişəm, şəhərdə mən haqda gəzən dedi-qodulara qulaq assam, dinc durmaram! Nifrət edərəm özümə! Ayağınız altda ölüm, dönə-dönə xahiş edirəm hamıdan - şairlərə, bir də, şayiələrə inanmayın!”…
Keçmişin Əlixan Şirvanşiri, indinin İlyas Ərnəfəsi, əlində ucuz qələm, eşitdiklərini durmadan öz qalın, meşin üzlü dəftərçəsinə qeyd edir, onu gözüylə görən, ancaq qətiyyən tanımayan Nino Kipianidən başqa… tam başqa sözlər, sevgi dolu nurlu baxışlar gözləyirdi. Bəli! Heç axtarma, sevgi yoxdur… yoxdur Bakıda. Lənətə gəlmiş buranın hətta seksual azlıq nümayəndələri də bir-birini sevmir, lazım gələrsə, özləri kimi kasıb cibinə əl atırlar! İçlərində lap axmaqları, uşaq kimiləri də var - müğənnilərin lələgülü videokliplərini görüb, ruhi sarsıntı keçirir, ölkəni tərk edib uzaq Kanadaya köçmək istəyirlər! Əlixan, yəni indinin İlyas Ərnəfəsi, dünyalar qədər sevdiyi Ninonu özünə qarşı biganə gördükdə, eynən həmin sarsıntıların birini yenidən yaşadı. İşğal olunmuş ərazilərimizdə qalmış dədə-baba qəbirlərimiz kimi Allahı köməyə çağırdı.
Bütün olanlara tüpürmək, ölkəni tərk edərək xaricə, Dubaya, Meksikaya gedib orda öz qara bəxtinin yolunu azdırmaq niyyətinə düşdü. Dünənləri mətbuat məclislərinin birində eşitdiyi “Türkmənistanda bir baş nəşəylə tutulanı tez həbsdən buraxırlar, nəinki cibindən Amerika dolları çıxanı” pıçıltısını beynində səsləndirib, Xəzər dənizinin o tayındakı Türkmənistana doğru çevirdi öz kədərli sifətini.
Elə bu vaxt Sergey Naçaryan, indinin Həmid Axundovu imkan tapıb öz şitşit zarafatlarıyla araya girməyi bacardı:
- Gəncədə bir xiyar növü var, dadı əla! Yiyəsi toxumunu indiyədək bir başqasına verməyib. Siz, İlyas bəy, eynən onu xatırladırsız mənə. Dəftərinizə elə hey nəsə yazırsız, yazırsız… sirrinizi açmırsız bizə. Aradan bir az da vaxt keçsə, inciməyin, mən öz iti dilimi dinc saxlamayıb sizi “Qafqaz əsiri” kinokomediyasındakı əli qələmli Şurikə oxşadacam! Mən zarafatcıl adamam, dükana girib sabın almaq ki istədim, sonra, lap axırda satıcılardan zarafatyana soruşuram “sizdə kəndir də varmı?”. İnan, bunu ki dedim, dükanda aləm dəyir bir-birinə!
“Ayna” qəzetinin müxbiri İlyas Ərnəfəs zarafatı davam etdirmək əvəzinə tam ciddi bir sifət aldı - elə bil onun rəhmətlik atasını söyürdülər indi, itin sözünü deyirdilər üzünə. Söhbəti yox, İlyas özü də zarafatcıl lotu şəhər uşaqlarındanıydı əslində, bir kərə mərcə girib, inanmazsan, əlli ədəd qutabı təkbaşına mədəsinə ötürüb, durub getmişdi bazlığa. Söz altında qalan həriflərdən deyildi, Lənkəran icra başçısına - ağbirçək qadın xeylağına, o idi də deyən: “Bizim qadınlar yalnız ona görə yaranıblar ki, öz ərlərini çərlədib öldürsünlər!”. İndi də, İlyasın tərs damarı tutdu, o gözlərini yumub ağzını açdı:
- Siz neyçün məni Qafqazda folklor yığan gözü eynəkli rus alimlərinə, Şurikə oxşadırsız? Bəlkə mən, dini əfsanələrin əli qələmli mələyi, Həzrəti Cəbrayılıyam, hə? Milli-dini cəhətlərimlə minqat sizlərdən üstünəm? Bu gözlə niyə baxmırsız mənə? Qorxursuz məni azərbaycanlı saymaqdan?
İlyas fikrini bitirincə, oturduğu stulun üzərindən dik qalxaraq, Ninoyla Sergeyin üzərinə yeridi, ixtiyarındakı beş-on saniyəlik sükutu, tezbazar məhz buna xərcləyib, az sonra cümləsini bitirdi:
- İndi bildiz mən kiməm? Yaxşı, belə bir adam harda, kimin yanında oturmalıdır indi sizcə?... Yaxşı-yaxşı bir baxın mənə, gözünüzün yalını yedizdirin mənə… Bəlkə, tale belə gətirib, Əlixanın avara ruhu gəlib məhz mənə hopub, nəinki, bax bu tifil küçüyə ki, indi Ninonun qucağında gözlərini yumub-açır?
- Burda Əlixan adında bircə məxluq var - Ninonun qucaqladığı it balası, vəssəlam. Daha bir yeni Əlixana ehtiyacımız yoxdur bizim. Sizi, dövrü mətbuatda qələm sınayan jurnaisti isə, mən yaxşı tanıyıram. - Sergey, siqaretinin zəhərli kötüyünü külqabıya basan anda, üz-gözünü turşutmağı unutmadı. Sanki, ortada gedən gərgin söhbətin vacib şərtlərindən biriydi bu.
- Demək belə… siz məni yaxşı tanıyırsız… Onda, gərək bu nadir imkanı əlimdən qaçırmayım. Görürəm, yalnız siz nəhayət ki, məni elə özümlə tanış edə bilərsiz. - İlyas bunu deyib, harasa çox uzaqlara baxmaq istəyi ilə sağındakı pəncərəyə tərəf addımladı.
Bu çılğın kəlmələrdən sonra hamının… hətta divardan baxan fotoşəkillərin çaşqın baxışları da, o tifil küçüyün əsib-titrəyən bədəninə doğru yönəldi. Ev sahibləri- Ninoyla Sergey, qarşılarını kəsmiş “Ayna” qəzetinin jurnalistinə hələ ki diqqət vermək istəmirdilər.


***


Hər hansı bir həyat lövhəsi, tutaq ki lap indi təsvir etdiyim əcaib acı mənzərə - Ninonun öz yorğun başını qucağındakı tifil it balasına doğru əyməyi, kreslodan qalxmayan Sergey Naçaryanın şit-əttökən zarafatları, utanmazcasına özünü Həzrəti Cəbrayıla oxşadan İlyasın tənəli yan baxışları, çat vemiş pəncərə şüşələri arasından içəri vuran küləyin soyuq nəfəsi… sənə heç nə demirsə, sənin küt beyninə zərrə qədər aydınlıq gətirmirsə, day gəl yorma çox özünü - tüpür bütün ətrafına, qorxma, gördüklərini “Karmen”, “Aşıq Qərib”, “Sevil” dastanlarının bir parçasına oxşat. Bəlkə yalnız bu halda, divarların ayıb yerini örtən teatr afişalarından boylanan ecazkar sifətlər, sənə Ninonun kim olduğunu, Filarmonya binasından çıxarkən neyçün Əlixana doğru öz yaşıl gözlərini süzdüyünü nəhayət ki, anladacaq. İştirakçısı olub, ancaq mənasını dərk etmədiyimiz bütün həyat oyunlarına qarşı bizlərin sınanmış son çarəsidir bu - anlaşılmaz hadisələrə “Odissey”, “Şahnamə” gözüylə baxan vaxtlarımızda, tutqun səmalarda sanki şimşək çaxır - biz, axır ki kim olduğumuzu, hansı köhnə zamanda yaşadığımızı qəti şəkildə birdəfəlik hiss edirik. G…tümüzün qorxusundan bir də pox yeyib, talenin oyununu pozmağa cəhd göstərmirik…
Uzağa, “Odissey” dövrünə neyçün gedirik axı? Götürək elə ən son hadisəni - Kiyevdə bir azərbaycan balası gedib yam-yaşıl şəhər zooparkına, şirlərin paslı qəfəsini açaraq içəri daxil olub, əl atıb yerə sərilmiş şirlərin qızıl tüklərini sığallamağa… Heyvanat aləminin padşahlarına inanmaqmı olar? Bir göz qırpımında onun cılız bədənini parçalayıb, leşini yerə səriblər… Ağlın heç nə kəsmir bu əhvalatdan, məntiq səni aldadır? Eybi yoxdur. Saçlarının dibini qaşıya-qaşıya fikrə get, Fizulinin “Leyli və Məcnun” faciəsini xatırla - biz müsəlmanların vəhşi şirlərlə münasibəti, sonuncu dəfə məhz həmin kitabda yenidən məntiqə uyğunlaşdırılıb - pox yeyir başqa fikrə düşənlər, ruhən inkişaf etmiş müsəlman mömünlərinə, saçı pərişan məcnunlara sən demə innən belə aslanlar toxunmayacaq… Bəs Kiyevdə baş verən faciə neyçün bunun tam tərsinə danışır? Şər deməsən, xeyir gəlməz, deyirəm bəlkə… bəlkə, hər bir yeni zaman kəsiyində, üfüqləri saran qara kabuslar, bizləri gətirib şirlərin qəfəsinə salmağı özlərinə müqəddəs borc bilir? Baxıb görmək istəyirlər ki, Fizuli şeriyyətinin gücü bu dəfə də şirlərə təsir edəcəkmi ,ya yox?
Dəli şeytan mənə deyir ki, Əliylə Ninonu da gətirim həmin yırtıcı şirlərin qəbuluna, görüm, aradan 500 il ötdükdən sonra nə baş verir, kim qalib çıxır oradan? Əlixan, yoxsamı Sergey Naçaryan?
Nə isə… qayıdaq Bakıya, Nino Kipianinin qəfəsinə. Görək orda nələr baş verir, kim, özü kimi bir başqasının cəmdəyini didib-yırtır. Vəziyyət indi ağır olar orda, söhbət iştirakçılarının səbri artıq kəsilmək üzrədir, küçə qapı üzərindən asılmış üzərlik koluna göz qoyub baxmağımızın vaxtı gəlib yetişib. Aha, sakit olun, cınqırınızı çıxarmayın, deyəsən küçə qapısını taqqıldadan var. Axşamın bu vaxtında kimdir bu görəsən?
Kim? Kim?
***
Bayaq yuxarıdı təsvir etdiyim qanlı hadisələrin oğraş təsiri altında qalsanız, Ninogilin küçə qapısının taqqıltıynan döyülməsinə tamam başqa müştəri gözüylə baxarsınız - çaşıb elə düşünərsiniz ki, Kiyev zooparkında öz əcəlini tapmış başdanxarab həmyerlimizin narahat ruhu, qürbətdə özünə yer tapmadığı səbəbdən durub gəlib bura, Nino Kipianin gözdən uzaq qapısına!... Gülməyin mənə, deməyin ki, qorxaq ağciyərim biriyəm - Bakıda çox yox, dörd-beş gün yaşayıb qara günə düşsəniz, bundan min qat axmaq şək-şübhələrin mıxına keçərsiz!.. Ən çətin-düyünlü sualların sadədən sadə izahı varmış sən demə bizlərdə - məktəbdə aldığım qırmızı “5” qiymətinin mənasını özüm kimi bir avaradan soruşduqda, dünyanın ən zırrama cavabını eşitməli oldum: “beş, burnunu deş!”… Belə çətin məqamlarda biz qaragünlərin beynində bircə fikir gurultulu şimşək kimi çaxır - xaricə qaçmaq lazımdır! Sonra, osturub ayılırsın, əlin üzündə qalır, bu dəfə, bir başqa ildırım guruldayır düşüncələrində - xarici pasportunun vaxtı bitib… Əlində pul-paran yox, rüşvətsiz-filansız onun vaxtını necə uzadacaqsan?... Pox olsun qonşumuz Mərdan kişinin ağzına, osturağa basırdı ki, pasportumun başına yığılmış qara buludları pulsuz - parasız dağıdacaq! Amma…
Amma, qapını taqqıldadan qüvvənin, Kiyev zooparkından qaçıb gəlmiş milli ruhumuza, bir dırnaq ucu belə aidiyyatı yox idi - qapı aralandı, içəri keçən küpəgirən qarı, salam-kəlamsız gəlib çıxdı otağın düz ortasına. Azəri türklərinin ən ciddi, ən sarsaq söhbətinə hər an bir hind filmi, tar-kamançanın həzin səsi, Fizuli kədəri, İbrahim Tatlısəsin qara bığları kobudcasına müdaxilə edə bilər - həmin qoca qarı eynən bax bu cürə hərəkət edib, hamının diqqətini özünə cəlb etdi…
Xəzər dənizinin mavi görkəmi, üfüqlərdə itən ağ gəmilərin göz oxşayan gizli sehri pəncərədən içəri soxulur, adamda yalançı bir hiss doğururdu ki, biz hamımız indi yazıçı Anar Rzayevin romantik əsərləri içindəyik. İndicə Zaur gəlib bizdən siqaret istəyəcək. Xəzər tərəfdən əsən isti gilavar, Təhminənin qısa yubkasına dolub şorgöz kişilərdə min bir ümüd doğuracaq. Sergey Naçaryan xalqlar dostluğu fəlsəfəsindən ilhama gələrək, indicə bir-iki erməni mahnısını mızıldadacaq. Otağa girmiş qoca qarıya sual verəcək Kuba inqilabı haqqında. İki gün sonra isə, Sergey öz qulaqlarına inanmayacaq - həmin qısa söhbətin müsbət təsiri hiss olunacaq Sovet-Amerika münasibətlərinə.
Yox, çərx fırlanıb dövran dəyişmişdi indi. Sergey, Kuba inqilabı haqda o vaxt demədiklərini indi dilinə gətirmək istəyirdi ki, qəfildən sanki şirin yuxudan ayılıb bunun nə qədər gərəksiz olduğunu dərk etdi. Susdu. Hiss etdi ki, Anarın əsərlərində əsən isti gilavar küləyi, bəli öz məqsədinə çatıb, Təhminənin al-əlvan yubkasına dolub, ancaq aradan 40 il keçməsinə baxmayaraq hələ də həmin yubkanı Təhminənin totuş dizlərindən yuxarı qaldıra bilmir. İndi, 40 il aradan ötdükdən sonra, həmin isti gilavar küləyi xeyli dərəcə soyuyub, taqətdən düşüb, o indi qeyrət göstərib səmimi olmalı, etiraf etməlidir ki, Təhminənin yubkasını qaldırmaq ona heç vaxt nəsib olmayacaq… Süfrəyə çay gətirən qoca qarıya isə Kuba inqilabı haqda sual veməyə dəyməz…
Yaxşısı budur qulaq asaq, indicə içəri daxil olmuş bu qoca xanıma, keçmişləri xatırlamayaq.
- Mən Əlixanın mamaçasıyam. 40 il əvvəl o mənim bax, bu qollarım üstə, göz açıb dünyaya gəlib… Vəziyyətim ağırdı indi, oğlum “Sədərək” bazarında öz dayısını bıçaqlayıb. Ayaqlarız altda ölüm, məni Əlixanla görüşdürün!
Bunu eşidincə, Nino Kipiani qucağına sıxdığı tifil küçüyü ilk dəfə əlindən buraxdı. Ağ süfrəli stol üzərində ona azadlıq verib hönkürtüynən, için-için ağlayıb hıçqırdı.
Sanki eramızdan min il əvvəl yazılmış ssenarinin bu yerində, yazıçı susmuş, hadisələrin sonrakı inkişafını öz qəhrəmanlarının öhdəsinə buraxmışdı.

Ermənistanın mədəni həyatı


Bir il öncəki səfərin gecikmiş yol qeydləri

Firudin ALLAHVERDİ
firudinallahverdi@gmail.com

Düz bir il bundan əvvəl “Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi”nin təşkilatçılığı və Soros Fondunun maliyyə dəstəyi ilə baş tutmuş səfər çərçivəsində neçə illərdir problem yaşadığımız qonşu Ermənistan Respublikasında idim. Proyekt “Cənubi Qafqaz İmprovizasiyaları adlanırdı” və mənim də orda iştirakım sonda elə improvizasiya xarakteri daşıdı.
Belə ki, mən ora jurnalist kimi getməyi planlaşdırmışdım və təşkilatçılar da bununla razılaşmışdılar. Amma konsert günü həm də ifaçılıq etdim. Bu barədə sonda.
Marneuli rayonunun kiçik bir hissəsində hər üç Cənubi Qafqaz dövlətinin bütün mobil telefon operatorlarının xidmətindən yararlanmaq mümkündür. Bir az yaxınlıqda isə Gürcüstanla Ermənistanın keçid məntəqəsi Sadaxlı yerləşir ki, bu söz də bizim dilə yaman uyğundur. Sərhəddə Debeda adlı çay axır. Çayın adı nədənsə mənə rusların “ne beda”, azərbaycanlıların “de da bə” sözünü xatırlatdı. Nə isə. Digər nümayəndə heyətləri ilə keçdik Ermənistana. Uzun-uzun dolaylardan keçdik, az getdik, üz getdik, dərə-təpə düz getdik... Yol boyu məni düşündürən şeylərdən biri, yolların çox düz və rahat olmasıydı. Diaspora Ermənistanın yol işlərinə çox vəsait yatırıb. Sadəcə, bunu göstərmək kifayətdir ki, Dilican rayonu ərazisində dağları yararaq, yolu 80 faiz qısaltmaq məqsədi ilə 2.5 km uzunluğunda, müasir standartlara uyğun tunel çəkiblər. Bir sözlə, nəhayət, Yerevan şəhərinə gəlib çatdıq.
Kifayət qədər kasıb görünən Yerevan şəhərindəki binaların çoxu qırmızı (tuf) daşdan tikilib. Neçə gün ərzində yağan qar biz qayıdan günə qədər ərimədi və nədənsə, mənə elə gəlirdi ki, bu binalar ya hirslərindən, ya da üşüdüklərindən qızarıblar.
Təəssüf ki, mənim sadə vətəndaşlarla görüşmək imkanım olmadı və əsasən, mədəniyyət xadimləri ilə görüşməklə kifayətləndim.
Ermənistan simfonik orkestrinin iki heyəti var və onlar növbələşərək, hər həftə konsert verirlər. Dediklərinə görə, orkestrdə əsasən klassik əsərlər səslənir. Ermənistan mədəniyyətinin dünyada təbliği əsasən diaspora tərəfindən heyata keçirilir. Simfonik orkestrin, teatrların xarici ölkələrə olan qastrollarına, rəssamların Avropa və Amerika ölkələrində sərgilərinə maliyyə ayırmağa dövlətin onsuz da böyük olmayan büdcəsinin gücü çatmır. Dövlət Televiziya Şirkəti də bizdə olduğu kimi, ləğv olunub və bizdən fərqli olaraq, məhz onun əsasında İctimai Televiziya yaradılıb. Amma Şirkət nəzdindəki kollektivlər dağılmayıb və entuziazmla, çox cüzi maaşlar hesabına öz fəaliyyətlətini davam etdirirlər. Həmin kollektivlərdən biri olan Caz-band İctimai Radionun yarıqaranlıq və sovet dövrünü xatırladan binasında fəaliyyət göstərir. Kollektivin rəhbəri Y.Yerzikyanla söhbətimdə o, Sovet dövründə Bakının caz paytaxtı olduğunu qeyd etdi və yenə də Bakıda öz orkestri ilə konsert verməyi arzuladığını bildirdi. Bundan başqa Dövlət Caz Orkestri (“Orbelianinin orkestri”) də fəaliyyət göstərir ki, onların maaşları nisbətən daha çoxdur. Hər iki kollektivin repertuarları əsasən klassik caz musiqisindən ibarətdir.
Yuxarıda erməni mədəniyyətinə qayğının əsasən diasporanın köməyi ilə olduğunu qeyd etmişdim. Amma onlar bu mədəniyyəti siyasiləşdirməyə meyllidirlər. Belə ki, diaspora yaradıcı əsərlərdə daha çox “genosid” məsələsinin işıqlandırılmasında maraqlıdır. Tutaq ki, bir istedadsız yazıçı “genosid” barədə cızma-qara etsə, bu əsər diaspora tərəfindən xaricdə çap olunur, yayımlanır və müəllifə populyarlıq gətirir. Əks halda, normal bir yazıçının “genosid”ə həsr olunmayan əsəri kölgədə qalır. Bəzi yazıçılar bu spekulyasiyaya həvəslə, bəziləri məcburən qoşulur, bəziləri isə ümumiyyətlə, “ürəyimiz istəyəni yazacağıq” deyirlər. Sonuncu kateqoriyaya aid olan yazıçılardan biri Vahram Martirosyanla söhbətimizdə o, erməni iddialarını gülüş hədəfinə çevirən “Vəd olunmuş torpaq” adlı bir roman yazdığını, amma bu romanı Ermənistanda əvvəlcə “amerikalı yazıçı” adı ilə qəzetlərdə yayımladığını, özünün isə guya “tərcüməçi” rolunda çıxış etdiyini bildirdi. Roman Ermənistanda əks-sədaya səbəb olmuş, “müəllif”i bir xeyli axtarmışlar. Ehtiraslar soyuyandan sonra V.Martirosyan romanı özü yazdığını boynuna almış və əməlli-başlı tənqidə məruz qalmışdır.
Diasporanın mövqeyi bütün sənət sahələrinə eynidir. Rəssamlar yalnız “genosid” barədə rəsmlər çəkməli, simfoniyalar da bu bərədə bəstələnməlidir.
Ermənistan şou-biznesinin “kasıblığı” televiziyada göstərilən kilplərin əksəriyyətindən bəlli olurdu. Düzdür, bəzən elə kliplər də gördüm ki, onları sadəcə sənət əsəri adlandırmaq olardı. Amma, əksər kliplərin məzmunu bizim kliplərə çox bənzəyirdi. Eyni “nakam məhəbbətlər”, sevgililərin birinin “təsadüfən avtomobil qəzasına düşməsi”, ağaclar altında, şəlalələr yaxınlığında oxuyan müğənnilər və s. Amma məni heyrətləndirən əsas hadisələrdən biri Ermənistan televiziyalarından birində gördüyüm 13-14 yaşlı uşağın balabanda etüd çalması oldu (Etüd musiqi forması olub, barmaqlar üçün çalışmaya deyilir.) Bu uşağın barmaqları ümumiyyətlə, ləng alət sayılan balabanda çox məharətlə “uçuşurdu”. Hiss olunurdu ki, bu adam məktəb oxuyub və hal-hazırda da professional təhsil keçir. Bir musiqiçi kimi bilirəm ki, bizdə də “Balaban məktəbi” kitabları var və o kitablarda balabanda ifa texnikası barədə çətin çalışmalar, maraqlı pyeslər var. Maraqlıdır, bizim müəllimlər niyə uşaqlara o cür ifa texnikası öyrətmirlər? Məhz bunun səbəbidir ki, erməni balaban ustaları dünyada balabanı erməni musiqi aləti kimi, “duduk” adı ilə tanıdırlar. “Balaban bizimdir” demək asandır, çox asan. Hamı iddia edə bilər. Bəs niyə onu dünyaya lazımi səviyyədə təbliğ edə bilmirik?
İrəvan şəhərində rejissor S.Paracanovun ev muzeyində olduq. Muzeyin təmiri və tamaşaçılara təqdimi normal səviyyədə idi. Amma muzeydən çıxanda gözüm satışa qoyulmuş Paracanov filmlərinə dəydi. Bütün kasetlərin üzərində rejissorun adından başqa digər yaradıcıların da adı, o cümlədən rəssamın, bəstəkarın, operatorun adları yazılmışdı. Cəmi birindən - “Aşıq Qərib” filmindən başqa. Bu filmin kasetində rejissor, ssenari müəllifi, rəssam, operator yazılsa da, bəstəkarın adı nədənsə “unudulmuşdu”. Mən muzeyin bələdçisindən bu barədə soruşdum. O, bunun texniki səhv olduğunu, aradan qaldıracağını bildirsə də, mənə aydın idi ki, burda səbəb yəqin ki, bəstəkarın azərbaycanlı olmasıdır. Çünki, o filmin musiqisinin müəllifi məşhur bəstəkarımız Cavanşir Quliyevdir.
Yerevanda nəşr olunan “AA” (“Aktual Art”) jurnalında baş tutan görüşümdə də maraqlı bir fakt eşitdim. Jurnalın nə az, nə çox, düz yeddi baş redaktoru var. Mənim “o zaman gərək sizin minlərlə sıravi işçiniz olsun” zarafatımı onlar “biz yeddi nəfər baş redaktor, həm də sıravi işçilərik” kimi cavablandırdılar. Jurnal əsasən müasir incəsənəti təbliğ edir. Dediklərinə görə, ildə dörd dəfə nəşr olunmağı planlaşdırsalar da, maliyyə vəsaitinin çatışmamazlığı ucbatından bəzən iki dəfə ilə də kifayətlənirlər.
Proyektdə nəzərdə tutulan konsertin keçiriləcəyi Yerevan Konservatoriyası Yerevanın mərkəzində, Sayat Nova prospektində yerləşir. Müqayisə üçün deyim ki, konservatoriya zallardan başqa demək olar ki, təmirsiz durumdadır. Tətil olduğu üçün mən tələbələrlə arzuladığım kimi geniş söhbətlər apara bimədim. Bəziləri ilə söhbətimdə təqaüdün az olduğunu, amma dərslərin normal şəraitdə və səviyyədə aparıldığını bildirdilər. Konservatoriyanın tələbələri opera studiyasında demək olar ki, hər ay mini-operalar səhnələşdirirlər.
1 fevral tarixində Konservatoriyanın zalında keçirilən konsertdə Ermənistan, Gürcüstan və Abxaziya musiqiçiləri iştirak edəcəkdilər. Konsertə bir gün qalmış təşkilatçılar mənə təklif etdilər ki, erməni vokalisti ilə bərabər çıxış edim. Təşkilatçıların bu təklifinə hər ikimiz bir Azərbaycan, bir erməni xalq mahnısı oxumaq şərti ilə razı olduq. Mənimlə çıxış edəcək musiqiçi, Yerevan Konservatoriyasını vokal kafedrasının 5 - ci kurs tələbəsi Razmik Amyan adlı gənc idi. Biz birlikdə məşq etdik. Mən ona “Laçın” xalq mahnısını (azərbaycan dilində) öyrətdim. Lakin, konsert günü nədənsə o, təşkilatçılara hərəkətinin səbəbini göstərmədən gəlmədi. Mən isə repuartuarımı dəyişdim və Azərbaycan xalq mahnısı “Sarı gəlin”i pianoda ifa etməyə başladım. Səhnədəki Jazz orkestrin zərb alətləri ifaçısı mahnının yarısından məni müşayiət etdi. Həmin axşam Ermənistanın bütün kanallarında mənim ifamdan fraqmentlər göstərərək, təşkilatçıların, əsasən də “Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi”nin direktoru Georgi Vanyanın ünvanına min cür söz deyəndən sonra, təşkilatçıların azərbaycanlılara qarşı təslimçilik mövqeyi göstərdiklərini də vurğuladılar.
Ermənistanın adını bilmədiyim bir televiziya kanalı sutkanın yarısı Fransanın məşhur mədəniyyət kanalı olan “Mezzo”nu yayımlayır. Məqsəd isə əhalini Avropa musiqisi və mədəniyyəti ilə yaxından tanış etməkdir. Xatırladım ki, “Mezzo” kanalı gün boyu məşhur səhnələrdə tamaşaya qoyulmuş operaları, baletləri, dünya şöhrətli musiqiçilərin və orkestrlərin ifalarını dünyaya çatdırır. Mən çox arzu edərdim ki, yurdumuzda da bu kanalı heç olmasa, gündə 6-7 saat yayımlasınlar.
P.S. Ermənilərin mentalitet barədə fikirləri azərbaycanda formalaşmış standartlarla səsləşir. Onlar da uzunsaç kişilərə və küçədə, yad kişilərin içində siqaret çəkən qadınlara pis baxırlar. Azərbaycanlılar barədə formalaşmış strereotip isə nə qədər absurd görünsə də təxminən belədir: “Onlar hiyləgərdirlər”.