Məqalələr etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Məqalələr etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2007-02-04

"Əli və Nino" Hollivudu valeh edib


Dünyanın ən böyük kinostudiyalarından ikisi roman əsasında film çəkmək uğrunda mübarizə aparır


"XX əsrin əvvəlləri, Bakı. İmperator rus humanitar gimnaziyasının dərs otaqlarından biri. Əynində qızılı saplarla işlənmiş mundir olan professor aramla danışır"
... Bu, "Sonsuz gözlənti" filminin ssenarisində ilk səhnədir. Azərbaycanlı yazar Qurban Səidin dünyaca məşhur "Əli və Nino" romanı əsasında hazırlanmış ssenari bu ilin sonlarında ekranlaşmalıdır. Hollivudda artıq iki kinoşirkət yerli kinoşərhçilərinin "fenomenal Şərq hekayəti" dedikləri əsərlə maraqlanır.
Hollivudun nüfuzlu kinotənqidçilərindən sayılan Miriam Şteyn dünən "Sinema Review"də dərc etdirdiyi "Uzaqdan gətirilən əfsanə" adlı yazısında bildirib ki, ötən əsrin 30-cu illərində Berlində alman dilində çıxan, 1971-ci ildə ingilis dilinə tərcümə edilən və müəllifi "Qurban Səid" adıyla pərdələnmiş "Əli və Nino" möhtəşəm lent ola bilər: "Lev Nussinbaum kimi tanınmış məşhur publisist və politoloq Məhəmməd Əsəd bəyin yazdığı bu roman gözəldir. Müsəlman Şərqini anlamaq, burada duyğuların qorxulara, məntiqin hisslərə çulğaşmasını, baş verən qanlı hadisələrin ən ülvi ümidləri məhv etməsini, kiçiklərin böyüklərə üsyanı və böyükləri kiçikləri didməyə çalışmasını dərk etməyə çalışanlar bu əsəri oxumalıdı. Şübhə etmirəm ki, əsər zəngin motiv mənbəyi olaraq usta ssenaristin əlində əvvəldən sonadək tamaşaçını gərginlikdə saxlaya biləcək filmə dönə bilər. Amerikalılar bu dəfə də Şərqə "kəşfiyyat"a çıxacaqlar. Bələdçimiz isə Qərbin divarlarına Şərq naxışları vuran Qurban Səid, onun arzular qurbanı Əlisi və nakam Ninosu olacaq. Tristan və İzolda, Romeo və Cülyettanın Şərqdəki kölgələrinin sayrışacağı alovun dillərinin istisini ekranda görə bilsək, filmin uğurlu olacağını bəri başdan deyə bilərəm".
M.Şteyn daha sonra bildirir ki, İtaliyanın Neapol şəhərinin yaxınlığındakı kiçik Pozitano şəhərciyinin məzarlığında uyuyan Məhəmməd Əsəd Bəyin romanı "Titanik"in uğurunu təkrarlaya biləcək bir filmin əsasını qoyar.
Kinoşünas Ceyms Sallivan isə Məhəmməd Əsəd bəyin Berlində mühacirətdə olduğu dönəmdə "Lev Nussinbaum"a dönməsindən də bəhs etdiyi "Şərq qapımızı döyür" yazısında "Əli və Nino"u "Amerikanın yaxşı tanımadığı möhtəşəm əsər" adlandırıb.
"Məşhur kinorejissor Mayk Nikolsun atası Pavel Peşkovski, yazıçı Vladimir Nabokovun bacısı Yelena Nabokova ilə yaxın dost olan Məhəmməd Əsəd bəyin romanının ssenari variantında adaptasiyasının filmə döndərilməsi sözsüz ki, bacarıqlı rejissor üçün uğur sayılmalıdır. Unutmayaq ki, məşhur ingilis yazıçısı Con Ueyn bəhs etdiyim əsəri "dahiyanə" adlandırmışdı. Düşünürəm ki, yazıçının İtaliyada alman baronessası Elfrida Erenfels fon Bodmersxofla məhəbbət hekayəti də "Ruhlar Evi" təki film səviyyəsində bir lentdə canlandırılsaydı, Şərqin ən incə motivlərinin Qərblə necə birləşdiyini bariz şəkildə görərdik", - C.Sallivan deyib. "Əli və Nino"nu ABŞ-da ilk dəfə tərcümə edərək çap etmiş "Random House" çap evinin yetkililəri isə bildiriblər ki, romanın ekranlaşdırılmasına artıq icazə verilib.
Hazırda dünya kinosunun nəhənglərindən sayılan iki şirkət, ABŞ-da "Hollivudun divləri" adlandırılan kinokorporasiyalar "Əli və Nino"nu lentə almaq uğrunda mübarizəyə başlayıb. "Sony Pictures Enteriment"in tərkibindəki "Columbia TriStar Motion Picture Groupe"nin bir hissəsi olan "Columbina Pictures İndustires İnc" kinoşirkəti ssenari üçün 15 milyon dollar ödəməyə hazır olduğunu bəyan edib.
"Touschstone Pictures" kinoşirkəti isə ssenariyə yiyələnməyə və potensial rəqiblərini qabaqlamağa çalışaraq daha üstüü qiymət təklif edib. Bu məbləğ açıqlanmasa da, EMT agentliyinin verdiyi məlumata görə, "Touchstone" rəhbərliyi "xəsislik etmək" niyyətində deyil.
"Əli və Nino" romanının qəhrəmanları azərbaycanlı Əli xan Şirvanşirlə gürcü Nino Kipiani rolları ifa etmək üçün məşhur kinoaktyorlar Billi Zeyn və Salma Hayekə dəvət yollanıb.
Əsərdəki professor Məhəmməd Heydər, professor Sanin, sektant Maykov, Aişə, nökər Kərim, Zeynəb, Zeynal ağa, İlyas bəy, gimnaziya direktoru Vasili Xrapko, Məhəmməd Heydər, qoca Mustafa, ahıl Didiani, knyaz Medikov və s. rollara isə Ceremi Ayrons, Coş Harnett, Mett Stoun, Trey Parker, Kolin Farrel, Lyuk Perri, Tobi Maquayr, Hyu Cekman, Alissa Milano, Qoldi Houn, Cillian Anderson, Marisa Tomey, Meq Ryan, Monika Beluççi, Natali Portman və başqaları ilə danışıqlar aparılır.
İlkin məlumatlara görə, filmin təqribi büdcəsi 140 milyon dollar təşkil etməlidir. Çəkilişlərin Hollivuddakı kinopavilyonlarla bahəm, Berlin, Münhen və (Almaniya), İstanbul və İzmir (Türkiyə), Varşava və Krakov (Polşa), Moskva və Sankt-Peterburq (Rusiya), Brest (Belarus) və Bakı şəhərlərində aparılması nəzərdə tutulur.
Bununla bahəm, "Əli və Nino"nun motivləri əsasında animasiya filminin çəkilməsi də istisna olunmur. Belə ki, "A.D.Vision" və "Pixar" təki dünya animasiyasının qrandlarının prodüserləri artıq müvafiq danışıqlar prosesinə başlayıblar.
"Nino obrazını yaratmaq üçün mənə dəvət yollayıblar. Əsəri oxudum və şoka düşdüm. Orada Şərqlə Qərbin təması elə valehdici formada yazılıb ki, heyran qalmamaq mümkün deyil", - "Əli və Nino"nun qəhrəmanı Nino obrazının potensial ifaçısı, Hollivud ulduzu Salma Hayek bildirib.


Həsən AĞACAN