Tənqid etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Tənqid etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2007-02-04

Nobel mükafatı laureatları: Knut Hamsun


Balaca Norveçin böyük yazıçısı

Yazıçı Azərbaycan dilində ilk dəfə kitab halında nəşr olundu


Bu günlərdə Norveç yazıçısı, Nobel mükafatçısı Knut Hamsunun seçilmiş əsərlərinin birinci cildi Nadir Qocabəylinin tərcüməsində Azərbaycan dilində çapdan çıxmışdır. Kitaba yazıçının “Aclıq” (1890) və “Viktoriya” (1898) romanları, 1899-cu ildə Rusiyaya və Qafqaza, o cümlədən Azərbaycana etdiyi səfərin təəssüratları əsasında qələmə aldığı “Nağıllar diyarında” (1903) yol qeydləri, eyni zamanda “Sirli dərd” hekayəsi (1891) daxil edilmişdir.
Nüfuzlu Norveç nəşrlərindən sayılan “Norveç ədəbiyyatı tarixi” (1974-1975) altı cildliyinin müəlliflərindən birinin fikrincə, Knut Hamsun Norveç ədəbiyyatının “ən istedadlı, ən məşhur və ən mübahisəli” nümayəndəsidir.
Hamsunun fikrincə, müasir Norveç ədəbiyyatının başlıca qüsuru psixoloji dərinliyə enə bilməməsində idi. “Norveç ədəbiyyatı” məruzəsində o qeyd edirdi ki, “Mahiyyətcə, materialist olan ədəbiyyat insanlardansa, dəyərlərə üstünlük vermişdir, demək, insanın daxili aləmiylə deyil, daha çox ictimai məsələlərlə maraqlanmışdır”. O, İbsenin, Börnsonun, Hyellanın, Yunq Linin xidmətlərini qiymətləndirməklə yanaşı, onların “psixoloji” deyil, “sosial” ədəbiyyat, “psixoloji şəxsiyyət” deyil, “xarakterlər” və “tiplər” yaratdıqlarını qeyd edir. Hamsuna görə, onlardan heç biri müasir psixoloji incəsənətin qarşısında duran vəzifələri həll etmək səviyyəsinə yüksələ bilməmişdir. O, qəti əmin idi ki, müasir yazıçı, hər şeydən öncə, səmimi psixoloq olmalı, “insanın qeyri-şüuri ruhi aləminin” təsvirinə diqqətlə yanaşmalıdır.
Şəxsiyyətin psixikasının təsvirində təhtəlşüuru başlıca amil sayan Hamsun elmə müraciət edir və öz düşüncələrinin təsdiqini alman alimi E.Hartmanın (1842-1906) əsərlərində, xüsusən də, “Təhtəlşüur fəlsəfəsi”ndə (1869) tapır. Lakin elm adamlarının nailiyyətlərinə hörmətlə yanaşan Hamsun hesab edirdi ki, sənətkar insanın daxili aləminə nüfuz etmək üçün daha geniş imkanlara malikdir, çünki o, müasir psixologiyanın insanda hələ də izah edə bilmədiyi bir çox cəhətləri kəşf edə bilir.
Hamsun ilk növbədə Strindberqi bu cür ədəbi istedadlara aid edirdi. O, Strindberqlə yalnız yazıçı kimi deyil, həm də özündə “mürəkkəb tipli çağdaş insanı” təcəssüm etdirən bir şəxsiyyət kimi fəxr edirdi. Dostoyevskinin psixoloji analiz məharəti də Hamsuna təsir göstərmişdir. Strindberq və Dostoyevskidən başqa ona birbaşa və dolayısı ilə təsir göstərənlər arasında Nitsşenin də adını çəkmək olar.
Nitsşenin təsiri altında Hamsunda onun özünün də daxil olduğu hansısa mənəvi elita, “mənəvi aristokratiya” haqqında təsəvvür formalaşmışdı. Hamsun öz əsərlərini də bu cür zərif və seçkin şəxslər üçün nəzərdə tuturdu.
Kitab “Aclıq” romanı ilə başlayır. Bu romanla Avropa ədəbiyyatına yeni, qüdrətli və özünəməxsus bir istedadın gəlişi hər kəsə aydın olmuşdur. “Aclığın” bədii xüsusiyyətləri, qəhrəmanın psixoloji durumuna yanaşma manerası Hamsunun yaradıcı bir insan olaraq müstəqilliyini ortaya qoydu. Hamsunun Kristianiyada keçirdiyi əzablı və qorxunc gənclik illərinin üzərindəki pərdəni bir az qaldırsaq, “Aclıq” romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar. O vaxtlar yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür. Onun aclıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Hamsunun sözlərinə görə, o bu əsərdə “ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sarsıntılarını təsvir etməyə səy göstərib”. Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloci aclıqla bağlı deyil. O sanki iki aləmdə - gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır. Bu ikilik romanın adında da özünü göstərir: Onun qəhrəmanı korlanmış, pozulmuş dünyada yalnız fizioloci deyil, həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq keçirir. Qeyd etmək lazımdır ki, əsərin simpatik-ironik üslubu yazıçı ilə qəhrəman arasında üzvi bağlantı yaradır. “Aclıq” Hamsuna böyük şöhrət qazandırmışdır, roman çap olunduqdan sonra o, peşəkar yazıçı həyatına qədəm qoymuş, istedadı cilalanaraq püxtələşmişdir.
Kitabdakı ikinci əsər olan “Viktoriya” romanı yeni dövr dünya ədəbiyyatında məhəbbət mövzusunda yazılmış ən yaxşı əsərlərdən biridir. Dəyirmançı oğlu Yuhanneslə ağa qızı Viktoriyanın uğursuz məhəbbətini Hamsun böyük ilham və yüksək poetizmlə qələmə almışdır. Zəmanə, sosial maneələr, qəhrəmanların şəxsi həyatında baş verən dəyişikliklər bir-birini sevən iki gəncin məhəbbəti qarşısında acizdir. Hamsunun bütün qəhrəmanları kimi, Yuhanneslə Viktoriya da mürəkkəb xarakterə malik şəxsiyyətlərdir, onların incə və həssas qəlbə, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə, həssas və məğrur insanlara xas ziddiyyətli təbiətə malik olması əsərə emosional-psixoloji məzmun verir. “Viktoriya” bu gün də Hamsun pərəstişkarlarının ən dəyərli əsərlərindən biri olaraq qalır. Bu əsəri ədibin özü də yüksək qiymətləndirmiş və təsadüfi deyil ki, böyük qızına Viktoriya adını vermişdi.
Kitabda yer alan üçüncü əsər “Nağıllar diyarında” oçerkidir. 1899-cu ilin payızında Hamsun Rusiyaya, Qafqaza və Azərbaycana səfər etmiş, 1903-cü ildə o, səfər təəssüratlarından bəhs edən “Nağıllar diyarında” adlı yol qeydlərini qələmə almışdır. Dərin müşahidəçilik qabiliyyətinə, incə yumor hissinə və güclü ironiyaya malik Hamsun ucsuz-bucaqsız Rusiya çölləri, başı göylərə çatan Qafqaz dağları, köhnə Tiflis, neft Bakısı, buranın insanları haqqında olduqca maraqlı fikirlər söyləmişdir. Yazıçı kazak çölünün özünəməxsus stixiyasından, Qafqaz dağlarının füsunkar gözəlliyindən, Azərbaycandakı şoran çöllərindən eyni məhəbbətlə bəhs edir. Hamsun öz oçerkində Moskva Kremli, Tiflisdəki “Asiya Məhəlləsi”, Bakıdakı “İçərişəhər” və Suraxanıdakı “Atəşgah” haqqında da Azərbaycan oxucularının hədsiz marağına səbəb olacaq fikirlərini açıqlayır. Onun bədnam qonşularımız haqqında qələmə aldığı müşahidələri və fikirləri də maraqlıdır: “Şərqdə bizə dedilər ki, yəhudi on yunanı aldada bilər, erməni isə həm yunanları, həm də yəhudiləri aldadır”. Əsər real hadisələrə əsaslanan yol qeydləri əsasında yazılsa da, yüksək sənətkarlığı, bədii-estetik dəyəri, incə yumoru və lirizmiylə seçilir.
Kitaba daxil edilən sonuncu əsər “Sirli dərd” hekayəsidir. Hekayə cinayət törətmiş bir adamın cəzanlandırılmadığı üçün etdiyi qəribə hərəkətlərdən bəhs edir. Bu hekayəsində də Hamsun öz yaradıcılıq prinsipinə sadiq qalaraq insan psixikasının dərin qatlarını açmağa çalışır.
Knut Hamsunun kitabını şəhərimizin mərkəzində yerləşən kitab mağazalarından, eyni zamanda “Alma” və “Reytinq” qəzetlərinin redaksiyalarından əldə edə bilərsiniz.

Özündən qaçmaq olmur


Kənan Hacının gələcək kitabına ön söz

Əsəd Cahangir

Elə adamlar var ki, onları ilk dəfə nə zaman gördüyünü dəqiq xatırlarsan, ili, ayı, günü, hətta saatınacan. Elələri də var ki, yaddaşına hissolunmadan girərlər - gözə soxulmadan, “mən də varam, korsunuz, niyə məni görmürsünüz?!” deyə qışqırıqsız, yazısı, zamanla tanıdığın, dəyərləndirdiyin səbri, təmkini, inadıyla… Və bir gün başa düşərsən ki, söz Bu Adam üçün vasitə yox, məqsəddir, əyləncə, peşə, sənət yox, qaçılmaz tale, pozulmaz alın yazısıdır.
Kənan Sözə möhür kimi alın basanlardandır. Hər onu görəndə alnındakı bu möhürün izlərinə bir az da kədərlə baxıram. Fikrimdən dəfələrlə özümə verdiyim bir sual keçir: “Bu nə söz sevdasıdır axı? Ondansa torpaq əkib-becərmək, yaxud konfet sexində işləməyin daha faydalı olmazdımı?”. Amma sualı vermir, eləcə fikrimdən keçirirəm… Çünki dünyada Allahdan aşağı heç kimi, sevgidən başqa heç nəyi olmayan bu buzovnalı balasının sözə ilahi pərəstişində qəribə bir şey də görmürəm. Axı o, çoxlarından fərqli sözlə ilişgisini əngəlləyəcək maneələrdən azad birisidir.
Gənc şair son illər geniş yayılmış yapon hoqquları tərzində yazdığı bir şeirində deyir:


Tale başım üstdə səma kimidi,
qaçıram, hey qaçıram…
altından çıxa bilmirəm.


Bu üç misradan bir kitab bağlamaq olar, taleyin qaçılmazlığına dair kitab. Bundan minillərdir ki, yazılıb, yazılacaq da, amma Kənan məlum-məşhur, total və fatal fikri özəl biçimləyib. Əslində, yeni söz yoxdur, onun yeni biçimləri isə sonsuzacandır. Söz dərzilərinin hesabına bu əskidən əski gəlin təzədən təzə don geyər.
Şöz odur ki, səni yanından min yol etinasız keçdiyin, fikir vermədiyin şeylərə yeni gözlə baxmağa vadar etsin. Hər dəfə onun yanından keçəndə onunla ilgili sözü də anasan. O öz müəllifinin düşüncəsindən çıxıb səninkiləşə, yaddaşının bir küncündə də olsa, aşiyan qura.
Kənanın bu hokkusunu oxuyan kimi də bilirsən ki, daha göylərə bu misralarsız baxa bilməzsən. Alın yazın kimi bu misralar da hara getsən, başın üstündə olar. Aylar, illərlə, bəlkə də ömürlük bu misraları zümzümə edər, onların havasıyla gedərsən, amma yol bitməz, tükənməz, hara qaçsan da, altında durduğun göylər kimi… Füzulinin “Deyil bihudə gər yağsa, fələkdən başimə daşlar, binasın tişeyi-ahimlə viran etdiyimdəndir”, Müşfiqin “Tərlansan, göydən enməzsən, torpaqlarda sürünməzsən, mən dönsəm də sən dönməzsən, yaşa, könül, yaşa, könül”, Vahidin “Girmə, ey aşiq, diyari-məhəbbət bəlalıdır, nə ibtidası var, nə də bir intəhası var”, Ramiz Rövşənin “Bu zalım dünyayla neyləyəcəksən, necə çıxacaqsan öz qabığından”, yaxud “Hamı günahkardı dünyada, amma dünyada heç kimin günahı yoxdu” misraları və neçə-neçə şairin, neçə-neçə misrası kimi…
Hərənin yaddaşında bir söz ağacı olar, hər yarpağı bir misra. Elələri də var ki, on kitabından bir yarpaq da çıxmaz. Kənanın bu misraları ilə söz ağacımda üç yarpaq da puçurladı.
Onun hikmətlə aşılanmış şeirlərini oxuyanda bir qənaəti təsdiqlərsən. Şair kimdir? Quşu, ağacı, hətta daşınacan bütün dünyanı canlı görən kəs. Gözünü dünyaya açıb dəmir-beton texnologiyası, urbanistik sivilizasyon içində şaşıran əski çağ adamı! Gözəl yurdunun nerədən daranmasını insandan - Qaraca Çobandan daha öncə sudan, ağacdan, itdən, qurddan soran Qazan xan. Cavabında su susar, ağac dil açmaz, it hay verməz, qurd ulamaz. Hətta qaracalar da öz aralarında dil tapmaz, bir-birini anlamaz. Qloballaşma çağırışlarına rəğmən, dünyanın vəhdəti, ahəngi anbaan pozular… Və burdan gerçəkləşməsi günbəgün daha mümkünsüz şair sevdası başlar - əski dil və ruhu restavrasiya cəhdi. Ənənəvi şair tənhalığı və bu tənhalıqdan doğan ağrının özülündə duran da yəqin ki, budur - şairin əski içi ilə modern dışarı arasındakı uçurumdan doğan əlacsızlıq.
Dünyaya mifopoetik duyğusallıq açısından baxan Kənan daş, ağac, quş dilindən tərcüməçi, onun şeirləri isə daş, ağac, quş dilindən çevirmələrdir. Ən dahi tərcüməçi orijinalı olduğu kimi çevirə bilməz, ən istedadlı şair də daşın, ağacın, quşun dilini adam dilinə çevirməkdə acizdir. Onun gücü uzaqbaşı bu adamüstü dilə başqalarından bir az çox yaxınlaşmağa yetərlidir. İlk baxışdan qəribədir, amma əsil poeziya bizi adamlıqdan çıxarar, gəl ki, heyvan ayaqlarının altına salmaq yox, mələk qanadlarının üstünə qaldırmaqla. Kənan da aşağıdakı şeirində ağacca düşünüb, adamca danışır.

Sınmış budaqlardan
Qan damcılayır
yarpaqlar tökülür göz yaşları tək
son dəfə torpağı
sıxır ovcunda
erkən quruyan ağac

İnsan öz dilində danışar, quş öz dilində səslənər, ağac öz dilində cilvələnər, daş isə… Daşdan ötə sükütün dili başlar. O dilsiz dili insanın da, quşun da, ağacın da, daşın da anlamaq gücü var. O dilsiz dildə insan quşa, quş ağaca, ağac daşa, daş da insana dönər. O dalğa yox, enerjidir, onu kənardan eşitmək yox, içdən duymaq olar. Amma dünyanın ən ünlüləri belə, əslində həmin vadiyi-vəhdət dilini sonacan bilməyib, hətta Sokrat, yaxud Şəms Təbrizinin özü belə… Əgər bilsəydilər, danışmaz, sükut edərdilər və onların adını bilməzdik. Olsun ki, bu dili bilənlər olub, sadəcə biz onları bilmirik, çünki sükut içində gediblər. Axı demək yazmaqdan, sükut hər ikisindən ciddidir.
Modern çağın milyardlarla insanı kimi Kənan da unudulmuş o dili bilmir, amma onun nə vaxtsa var olduğunu şair olaraq duyur. Dilə gəlməyən o dil əslində bir Allah, bütün dünyanı içdən qapsayan və ona həyat verən bir səs, təvazökar bir işıqdır! Texnogen eranın vur-çatlasınında getdikcə daha eşidilməz olan bu səs indi yalnız içimizdə dillənər, neon lampalarının gözqamaşdırıcı parıltısında getdikcə daha görünməz olan bu işıq indi ancaq virtual dünyamıza nur saçar:

Dünyanın hər yerində
eyni dildə ağlayır uşaqlar
eyni dildə çağlayır sular
uşaqların heyrəti önündə
susmağı öyrənir böyüklər
eyni dildə susur
dərin quyular
… dünyanın hər yerində
eyni dildə danışır
sirri qoruyan sükut
Dünyanın hər yerində
eyni dildə danışır Allah

Kənan dünyaya bu adamüstü dil məntiqi ilə yanaşır. Onun poetik universumunun ənənəvi dil və düşüncə məntiqinə zidd bütün paradoksal sonucları, metaforik kəşfləri də bu “məntiqsizliyin” məntiqindən doğar:

Vətəni sevgimiz yox,
Nifrətimiz xilas edəcək.
Yaxud,
insanlar
vətəndə yaşamağa
məhkum olunmuşlardı..
Və yaxud,
Uşaqlığımı
köhnə evimizin
eyvanına əyilən
ərik ağacının kölgəsində
dəfn etdim
indi o yerdə bir kötük qaralır
başdaşı əvəzi…
Və nəhayət,
Alışan gündüzün
külüdür gecə
bu kül altda
köz kimidir
ulduzlar

Kənan şeir də yazır, ədəbi-publisistik məqalə də, hekayə də… Bu nədir? Universal istedadın təzahürü, yoxsa hələ külçə halından çıxıb emal olunmamış istedad? Yəqin ki, ikincisi. Amma əsas janr dağınıqlığı yox, özünüaxtarışlardır, bəzən uğur, bəzən uğursuzluqla nəticələnən axtarışlar. Gənc yazarın külçə istedadının esse, məqalə, hekayə kimi məhsullarında da hələ ki, onun şairliyi aparıcıdır. Bəlkə də vaxt gələr bu şeir, esse, məqalə və hekayələrin müəllifi öz qəti janr məcrasını tapar, bəlkə elə ömrünün axırınacan məcrasız sellər kimi axar. Bu barədə qəti hökm imkansızdır. Nədən yazır-yazsın, hansı formanı, hansı janrı seçir seçsin, biz uzaqbaşı ona Allahın, xeyirin, işığın, sevginin, gözəlliyin tərəfində durmağı arzu edə bilərik. Amma, bizcə, bir məsələ şübhəsizdir: o, öz estetik kredosunu müəyyənləşdirib, seçimini eləyib, yaradıcı kəsin önündə duran ilkin işi həll edib. Şeirlərindən birində, bir qədər də satirik dillə hətta öz estetik kredosunu bəyan da edib:

Bas səsilə şeir oxuyur
arabir gəyirir
şeir, nə şeir?!
leş qoxuyur
deyəsən şeiri turp yeyə-yeyə yazıb
indi də bizi tərifləyib
başımızda turp əkmək istəyir

Gözəllik sevgisi və eybəcərliyə ikrah! Bu estetik etiqad Kənanın bəlkə istəsə belə, cazibəsindən qopa bilməyəcəyi yer, altından çıxa bilməyəcəyi göylərdir. Bu günkü mətbuatda isə nə yeri, nə göyü qaralamadan çoxlu adlar səslənər, amma ad hələ imza, mətbuata çıxmaq hələ ədəbiyyata gəlmək deyil. Çoxunu yadda saxlamaq da çətin, zatən yadda qalası elə bir işləri də yoxdur. Yəqin bəzilərinin yadda qalmaq, seçilmək üçün elədikləri cığallıq da bu üzdən: kömürə ağ, qatığa qara söyləmək, kiməsə ilişmək, kiməsə öcəşmək, kimisə təhqir etmək, klassikləri suçlamaq, Peyğəmbərə həqarət, hətta Tanrının özünə belə əl aparmaq!
Bəziləri isə vicdanını qovluğa qoyub qoltuğuna vurar, əyilə-əyilə kabinetlərə girib-çıxar, mənsəb sahiblərinin özləri bir yana, dünyasını dəyişmiş cədd-əqrabasına belə yalmanar, bir, iki, üç, yüz yol, axır ki, amaclarına yetər, öncə ödül, dalınca iş, sonra ev alar, gələcəyinə də fəxri məddah adı, simasızlıq şöhrəti ordeni almağı düşünərlər. Siyasi mənsubluğundan tutmuş ədəbi-estetik mövqeyinəcən hər şeyi bir qırpımda dəyişən bu dəstənin də yazdıqları bir şey olmaz. Çünki istedad haqq aşiqliyi, həqiqət sevgisidir, buqələmun ürəyi onu duymaz. Birincilərin aşırı eqoizmi və ikincilərin aşırı simasızlığı əslində bir medalın iki üzüdür. Amma üzdən ayrı olsalar da, Siam əkizləri kimi kürəkləri bitişikdir - hər ikisinin mahiyyətində eyni mən+fəətpərəstlik durar, hər ikisi özlərini Sözdə yox, sözdə Özlərini axtarar. Kənan nə onlardandı, nə də bunlardan.
Söz isə Tanrı kimidir, təkəbbürü sevməz, saxtakarlığı bəyənməz, fədakar aşiqlər, kamikadzelər istər. “Məni sevirsənsə, son köynəyini ver, axır tikəni böl, hər şeydən, hamıdan əl çək, canından belə keç, ardımca qoş!” söylər. Və özünü bu hökmə İsmayıl itaəti, İsmayıl imanı ilə qurban verənləri ən gözlənilməz yerdə, ən son anda müjdələr. Kiminin buna dözümü yetər, kiminin yox. Nə xoş ki, özünü Sözün hökmünə təslim edənlər də var. Kənan Hacı da onlardan biri…
Kənan bu çağ yanğını içində dilsiz itaətlə gözlərini yumub, qurbangah daşının üstünə uzanan İsmayıla bənzər, başının üstündə sərt həyatın laqeydlik xəncəri. Tanrı isə ilham mələklərinin qanadlarında elə hey söz müjdəsi göndərər, misra-misra… “Məhəmməddən artıqmısan? Ona ən böyük hədiyyəm Söz oldu” deyər. Onun buna səbri yetərmi, günlərin bir günü dözməyib, Şeytan və onun yer üzündəki xəlifələri tərəfə keçməz, sağa, sola sapmaz ki? Deyə bilmərəm. Amma hansısa tərəddüd anında başını qaldırıb, səmaya baxsa, ulduz-ulduz hərflərlə bu sözləri oxuyacağına əminəm:
Özündən qaça bilməzsən…




3 kitab haqda 9900 işarə


QAN TURALI
qan_tural@yahoo.com

Bu yazı Sevincin “Uçuş məsafəsi”, Günel Mövludun “Qaranlıq və ikimiz” və Qan Turalının “Elektronik sevdalar” kitabları üzərinədir. Bakıda yazılıb, 254 sətirdir.


Sevincimiz cəsarətimizdir


Sevincin şeirləri çap olunduğu andan reaksiya doğurub, “alatorançı”lara yönəlik tənqidlərin çoxu da məhz Sevincin şeirlərinə görə olub. Sevincin açıq-saçıq şeirlərini mühafizəkar ədəbi camiə həzm edə bilməyib, “belə şeir olmaz” deyiblər. “Alatoran” jurnalını Sevincin şeirlərini cırıb, sonra evə aparanlar olub. Səbəb sadə və yeganədir, əxlaqla ədəbiyyatı qarışdırıblar, gün kimi aydındır ki, əsərin əxlaqi olmağı onun məziyyəti olmadığı kimi, əxlaqsız olması da məziyyət deyildir, biz estetik ülgülərlə danışmalıyıq. Yeri gəlmişkən, romanını porno effektlərlə dolduran və romanda heç bir yazıçı, hətta jurnalist yazı manerası gözə dəyməyən əliəkbərlər məhz ƏDƏBiyyatın məhz bu cürə ortamlarında mübahisə doğura bilərlər.
Sevincin şeirləri qadından danışır, qadının intim dünyasından, cəmiyyətin preslədiyi duyğularından danışır. Bizim cəmiyyət isə bu sahədə radikal olub, Afrika qəbilələrinin birində cinsəl ilişki zamanı qadın səs çıxaranda bunu onun xəyanət etməyinə yozur və buna görə onu öldürürdülər. Onlardan fərqimiz yox imiş. Qadınlardan söhbət düşmüşkən, Tehran Əlişanoğlunun “2000-cilər… və feminizm” məqaləsində Sevincin şeirlərini intim-feminist-emansipasion adlandırır və Tehran bəy feminizmi “hər şeyi qadın başlangıcından izah etmək” kimi anlayır. Və eyni şeyi Nərmin haqda da söyləyir. (Bax, www.tenqid.net) Amma məqalənin mahiyyətinə varmasaq belə, Tehran bəyin yanlış yolda olduğu bəllidir, çünki feminizm “hər şeyi qadın başlangıcından izah etmək” deyildir, Tehran bəy özü feminizmi yanlış anlayaraq, sonra da Sevinci öz qəlibinə daxil edir. Feminizm fərdi qiyam (Kamyu) deyildir, geniş ictimai hərəkatdır, Sevincin şeirlərini freydist şeir kimi anlamaq gərəkdir.
Freydin “libido” anlayışı var, ona görə insanın ailə, toplum, din tərəfindən üzə çıxmağa qoymayan cinsəl ehtirasları var, bu cinsəl istəklər realizə edilə bilməyəndə nevroz yaranır. Freyd XX əsr insanını “nevroz insanı” hesab edirdi. Sevinc də məhz bu cürə istəklərdən yazır. Freyddə bir də “sublimasiya” anlayışı var, realizə edilə bilməyən istəklər yaradıcılıq, dinlə, elmlə formasını dəyişərək gerçəkləşə, bununla da insan nevrozdan xilas ola bilər. Adını unutduğum türk araşdırmaçılardan biri Füzulini “seksual impotent” adlandırmış və səbəbini onun çoxlu məhəbbət şeiri yazmağında görmüşdü. Füzulini müdafiə etmək fikri mənə yad olub, amma impotensiyanı belə izah edərdim: Füzuli məhəbbəti sufi-mistik formada anlayırdı, ona görə türk alimə haqq vemək olar.
Qayıdaq sevincimiz Sevincə. Sevincin nəfəsi genişdir, polifoniyası var, orijinal metaforası var, şeirin strukturu da yaxşı qurulub. Amma onda diqqəti cəlb edən əsas qüsur mövzu darlığıdır, bayaq Freyddən danışdıq, nəzərə alaq ki, Freyd I Dünya Savaşında insanların özlərini qurban verməsini “libido” ilə izah edə bilmədi, çünki burada seksual motiv yox idi. Buna görə də Freyddən sonrakı psixoanaliz “libido” anlayışının dairəsini genişləndirdi. Adi misal. Freyd belə hesab edirdi ki, uşağın anaya qarşı seksual həzz duyması (Edip kompleksi) anasının döşünü əmməyi ilə başlayır. Freydin o qədər də məşhur olmayan ardıcılı Melaniya Klayn (1960-da vəfat edib) uşağın ana döşünü əmməsində libidonun başlanğıcından çox, yaşama instinktini önə çəkdi, çünki uşağın yeganə qidası ana südüdür. Anar Rzayev bura dağ çiçəyini də əlavə edir. Bir sözlə, altşüurda yalnız seksual motivlər gizlənməyib, Sevinc irrasionalı yazmaq istəyirsə, mövzu dairəsini genişləndirməlidir.

Günelin mövludu


Günelin kitabındakı ilk şeir “Kənd və Yesenin”dir və bu da təsadüfi deyil. Güneli Sevincdən fərqləndirən məhz lirik düşüncədir. Biz çox zaman lirikanı düz anlamırıq, elə bilirik ki, şeirdə lirika olmamalıdır, bu da başadüşüləndir. Aqşinin sevimli Ağalar Məmmədovun hörmətli filosofu Hegelin ən yaxşı sözü budur: “Gerçək olan hər şey ağlabatandır, ağlabatan olan hər şey gerçəkdir”. Azərbaycan ədəbiyyatında 30-cu illərdə olan inqilabi romantika tədricən öz yerini saxta lirikaya verdi, bu baxımdan səciyyəvi olan Rəsul Rzanın “İşıqlar üşüyəndə” adlı şeir kitabı var. Lirik düşüncədə novatorluğun yerini imitasiya və cinsəl sözlər alandan sonra Azərbaycan şeirində lirika insanı iyrəndirməyə başladı. Ona görə də poeziyada “başını kəsib, sinənin üstünə qoyacaqlar” (Həmid Herisçi), “sarışın uşaq anasının meyidi üzərində üzüm yeyir” (Rasim Qaraca) kimi misralarla ifadə edilən qəddarlıq yarandı. Amma lirika da lazımdır, sadəcə olaraq, lirik düşüncənin forması və məzmunu dəyişməlidir. Məsələn, Günelin “vətən olmayan yerlərin bircə adı var- qürbət” misrası da maraqlı görünür. Tələsik qeyd edim ki, bizdə qürbət, qərib mövzusu çox bayağılaşıb, o gün “Qəriblər qəribi” adlı bir qəzetin reket qəzet olduğu aşkarlandı.
Günel az qala bütün şeirlərini qadınlar haqda yazır, tamam, başa düşürük qadınsan, özü də çox gözəl qadınsan, (Aqşin bu yerdə yaxşı deyir, amma mən hörümçəkləri sevirəm), amma axı bütün şeirləri qadından yazmaq niyə? Günelin elə özünün gürcü şairi Zviaddan götürdüyü müsahibənin başlığı belə idi: “Poeziyanı qadın və kişilərə bölmək olmaz”. Günel ona etiraz etməyib. Amma Günel yalnız qadınlardan yazırsa və qadın yazarlar kişilərə nisbətən çox azdırsa, biz təbii olaraq, bu bölgünü aparmalıyıq. İndi bir şey deyəcəm, Feministlər qulaqlarıını tutsunlar, qadın yazar azdır, amma qadın filosof ümumiyyətlə, yoxdur.
Günelin çox güclü hissiyatı var, amma bu elə bir hissiyyatdır ki, düşüncəni məhv edir. Biz Güneldə hisslərin təlatümünü görürük, amma “bütün hisslər aldadıcıdır” (Tolstoy). Ona görə də Günel eqosunda narahat halda vurnuxan, təsdiqini tapmayan detalları da yazmaqdan çəkinmir, məsələn, “Kənd və Yesenin” şeirini belə bitirir: “Mən qürbətdə anladım, vətən qadınları necə mənasızdır”. Qadınlar mənalı da ola bilər, mənasız da, amma mən nəyə görə qadınların mənasız olmasının izahını görmürəm. Gördüyüm Günelin azəri qadınlarına qarşı olan aqressiyasıdır.
Günelin kitabında bir də “Paytaxt” adlı essesi var, hisslər burulğanından danışarkən bu essesini də ortalığa dəvət edək. Əvvəlcə Günelin sevimli sözü ilə desəm, çox mənasız essedir. Amma Günel elə romantikaya dalıb ki, (esse çox səmimi yazıldığna görə, bu esseni yazarkən saçlarının belə gözünə dağıldığını hiss edirəm) dostunun dilindən yazır: “Azadlıq meydanına 3-4 min adam yerləşər”. Görün hissiyata dalmaq adamı hara aparıb çıxarır, Azadlıq meydanı bir milyona qədər adam tutur, bu zarafat deyil, şeirdə verilən və hər kəsə bəlli olan informasiyanın qeyri-dəqiqliyidir. Nəzərə alaq ki, esseni bu rəqəm üzərində qurub.


Elektronik sevdalarım


İndi gəlib çatdım özümə. “525”-də öz kitabım haqda yazdığım yazını ixtisar və əlavələrlə təqdim edirəm.
Yazar özü də əslində bir oxucudur, onun əsəri interpretasiya etmək şansı başqalarınınkı qədərdir, amma o, digər oxuculardan ilk oxucu olmaq etibarı ilə də seçilir, bir də yazar əsərin necə yazıldığını da yaxşı bilir.
Ən böyük şeirimi “Telefon”u necə yazdım? Müasir insan düşüncə sistemində, eləcə də onun praktik həyatında ən önəmli yer tutan əşyalardan biri də cib telefonudur. Mən poeziyanın qədim priyomunu işə saldım. Bu priyomun adı animizmdir, yəni insana xas olan keyfiyyətlərin başqa varlıqlara köçürülməsi. Hələ folklorda bunun elementlərinə rast gəlmək olar, buludlar ağladı, günəş güldü və s. Amma məncə insan təbii varlıq kimi təbiətdən qopub, o daha çox cəmiyyətin içərisindədir, ona görə də insana məxsus olan keyfiyyəti hansısa dağa, buluda, ağaca deyil, hamımızın həyatında önəmli yer tutan bir əşyaya- telefona köçürməyi qərara aldım. Bunu bir də ona görə deyirəm ki, bizim ənənəvi poeziyada mövcud olan animistik elementlər indi də saxlanılır, Əkrəm Əylislinin bir hekayəsində ironiya ilə yazdığı kimi, sevgililər “uca dağ başında tənha vələs” altında görüşürlər. Amma indi nə tənha vələs oxucuya nəsə deyir, nə də dağ başı (Açığı mən heç vələs ağacını da tanımıram). O cürə şeir yazan adamların özləri də ciblərində telefon gəzdirirlər. Yazdığım ən böyük şeir olan “Telefon” şeiri belə yarandı. Amma bu şeirin üzərində həddindən çox işlədiyimi də deməliyəm, bu şeirin düz altı əlyazması var. Lamartin ən yaxşı hesab etdiyi şeiri haqda deyirdi ki, bu şeirin ideyası gecə meşədə ağlıma gəlib, öləndən sonra onun arxivini araşdıranlar bu şeirin çoxlu əlyazmalarını tapdılar, məlum oldu ki, bu şeir Lamartinin üzərində ən çox işlədiyi şeir imiş. Eyni aqibəti “Telefon” şeirində də yaşamışam, ideya bircə anlığa beynə gəlir, onun mükəmməl bədii formasını tapmaq isə zaman tələb edir.
Başqa bir şey də məni düşündürürdü, məncə kiçik şeirlər yazmaq lazım idi. Onların həcmi 160 işarədən çox olmamalı idi, çünki bir mesajla ancaq bu həcmdə mətn yollamaq olardı. Bəli, bu şeirlər cib telefonu ilə göndərmək üçün yazılmalı idi, bu şeirləri bir tərəfdən yazıb, o tərəfdən göndərirdim, bir çoxunu da elə yolla gedərkən cib telefonunda yazmışam. Yazırsan, göndərirsən- ədəbiyyatı real həyatın içinə salmaq üçün bundan effektiv yol bilmirəm. Bu gün elə adamlar var ki, telefonunda mesaj bölməsində mənim 30-40 şeirimi saxlayır. Onların hamısını mən göndərmişəm. SMS şeirlərim yüzdən çoxdur, sevgilimin (o zaman dostum idi) ad gününü təbrik etməyi unutmuşdum, o da mənə “Ad günündür, mesaj yazmıram, etirazın loyal forması” şeirimi göndərmişdi, müəllifin öz əsərini oxuyub, utanmasının bir variantı da bu olsun gərək.
“Əsgərin şeiri” adlı bir şeirimin bütün motivlərini qəzetdən götürmüşəm. Bir əsgər tez-tez gecə növbəsini atıb, Bərdənin qaçqın düşərgəsində yaşayan sevgilisi ilə görüşə gedirmiş, bundan duyuq düşən qızın qohumları onu öldürmüşdülər, elə xəbər də onların məhkəməsi haqqında idi. Qəzetdə əsgərin şəkli də var idi, heç bilməzdin ki, bu cür fağır görkəmli adam belə bir iş tuta, bu cəsarətin yiyəsi ola bilər. Yəqin öldürməsinlər deyə yalvarırmış qatillərinə, sona qədər qəhrəman kimi qalmaq olmur, amma hər halda öldürmüşdülər, özü də sevdiyinə görə. Bu bir şeir üçün kifayət idi.
Açığını deyim ki, öz şeir kitabını ciddi hadisə hesab etmirəm, sadəcə özümə misra kimi gələn şeyləri yazmışam, yaza-yaza bu şeylərdən xilas olmaq gərəkdir. Bunu təvazökarcasına yox, gerçəkçi bir şəkildə söyləyirəm. İslamda elmi “vəhbi” və “kəsbi” deyə iki yerə ayırırlar, biri Allahdan gələndir, o biri isə qazandığın. Məncə, nəsri özün yazırsan.