2007-02-04

Ölən işıq


Samir Sədaqətoğlu

Onun arvadı həmin gün öldü. Arvadı keçinəndən təqribən bir-iki saat sonra qonum-qonşusu, dost-tanış tam surətdə onlarda toplaşdı və dəfnə hazırlaşmağa başladılar. O, özü də məəttəl qalmışdı: yığışanlar bu tezliklə hadisədən necə xəbər tutmuşdular. Elə bil ki, onlar nə vaxtdan bərisə arvadının ölüm xəbərini gözləyirmişlər. Qadınlar ağı deyirdi; kişilər isə dəfnlə bağlı müxtəlif məsələlərlə məşğul idi. o isə hər şeyə biganəydi, gözlərinin dibinə qədər işləmiş etinasızlıqla, küt nəzərlərlə ətrafında baş verənləri seyr edirdi. Beyni uğuldayırdı, bayaqdan bəri xeyli keçməsinə baxmayaraq hələ də nə baş verdiyini əməlli- başlı dərk edə bilmirdi. Yalnız bircə məsələ gün kimi aydın idi: onun arvadı ölüb. Əslinə qalsa o, buna sevinməliydi. Daha onun canı bu arvaddan qurtarmışdı. Daha bu arvad onu boğaza yığmayacaqdı, gününü göy əskiyə bükməyəcəkdi, səhər- axşam deyinə- deyinə, tikanlı sözləriylə onu sancmayacaq, ürəyinin rahatlığını, həyatının dincliyini əlindən almayacaqdı.
Arvadı sağ olan vaxtlar o, ürəyindəonu “İblis” deyə çağırırdı. Şübhəsiz, bu sözü arvadının sifətinə çırpmaq heç vəchlə mümkün deyildi, əks təqdirdə arvad elə söz deyər, ağlasığmayan elə bir hərəkət edərdi ki, o, tərəddüdsüz olaraq əsl iblisə rəhmət oxumaq məcburiyyətində qalacaqdı. Hər halda o, öz arvadını yaxşı tanıyırdı: dabbaqda gönünə bələd idi.
Bu qadın onun həyatını puç eləmişdi. O, heç rəisindən də öz arvadından qorxduğu qədər qorxmurdu. Bu cür arvad hələm- hələm tapılmaz: lap gündüz çıraqla axtarsan belə. Allah belə qadınları bəlkə də min ildən bir bəşəriyyətə töhvə edir. Bəlkə də allah düşünür ki, yeni, təzə- tər iblislər yaratmaqdansa bu cür arvadlar xəlq etmək dahaməqsədəmüvafiqdi. Sözsüz, allahın işlərindən baş açılası deyil, çünki allahın işləri çox qəlizdi. Və bircə arvadın əlində çar- naçar qalan kişi allahın işinə qarışmasa yaxşıdı. Daha əvvəllər olduğu kimi yenə də bu gündən Allah onun üçün təkdi.
Amma nə sirr idisə o, gününü qara eləyən bu iblisə əməlli- başlı bağlanmışdı. Sağlığında indi bu ölü olan iblis bəzən beş- altı günlüyə harasa getməli olurdu: ya qohum- əqrabasından kimsə ölən hüzürə, ya rayona- zada, toya- filana, yaxd ona da, evinə də, həmçinin öz həyatına da tüpürüb boşanmaq adı ilə dədəsinin xarabasına. Belə vaxtlarda bir neçə gün kişi çox sevinirdi, özünü rahat, gümrah hiss edir, bu fani oğlu fani dünyada bir- iki gün adam kimi yaşamağından məmnun olurdu. Həyat doğrudan da gözəl imiş, İlahi! Bəs onda, sən bu iblis xislətli qadınları niyə yaratdın? Adəm də bu qadın tayfasının hesabına gül kimi cənnətdən qovulmadımı?
Amma bu cür fəlsəfi düşüncələrin ömrü çox az oldu. Üç- dörd gündən sonra o, dəhşətli dərəcədə arvadı üçün darıxmağa başladı. Bu necə olur ki, insan həyatını zəhərləmiş bir adamı xəffətini çəkməyə başlayır?
Vallah, çox gülməli və qəribə işdi.
Bu ayrılıq günləri uzandıqca onun da səbri tükənməyə başlayırdı. Ürəyi sıxılırdı, gözləri yol çəkirdi, heç cür bir yerdə qərar tuta bilmirdi. Axı o, neyləsin? Neyləsin axı? Və belə vaxtlarda yalnız bir çıxış yolu qalırdı; o, özü- özünə etiraf etməyə məcbur olurdu: bəli o, öz arvadını, bu iblisi dəhşətli dərəcədə sevir. Bəli sevir! Bunu əsl kişi kimi etiraf etmək lazımdır. Sən demə iblisi də sevmək olarmış, onsuz darıxmaq olarmış. İblis də Allahın mələyidir. Lənətlənmiş, sevimli mələk!
Və belə sakit, səssiz- səmirsiz, üzücü günlərin birində qəflətən evin divarları diksinirdi. Hər şey məlumdur: İblis qayıdıb. O, bilərəkdən televizorun səsini son nöqtəyədək qaldırdı. Şübhəsiz texnika acizdir. Onun ekranda quruya atılmış balıq kimi ağzını açıb yuman müğənniyə nədənsə yazığı gəlirdi. Arvadı eyni vaxtda danışır, ağlayır, çığırır, qiyyə çəkirdi. Onun bu çılğın hərəkətlərində, emosional danışığında opera elementləri o dəqiqə nəzərə çarpırdı. Bu da Allahın vokal musiqisi ifa edən mələyi. Döz indi, döz!
Daha darıxmağa vaxt olmaz.
O, son vaxtlar yuxusuzluq xəstəliyinə mübtəla olmuşdu. Heç vəchlə yata bilmirdi. Yuxusu bəlkə də arvadının səsindən hürkdüyü üçün gözlərindən qaçıb düşmüşdü. Gözlərini yummurdu, saatlarla belə uzanıb qalırdı, fəqət yata bilmirdi. Bəzən belə vaxtlarda ürəyi elə istəyirdi ki, arvadının sözünü kəsib bu haqda ona danışsın. Ancaq tez də fikrindən vaz keçirdi: həm arvadına mane olmaq, həm də ona təzə mövzu vermək istəmirdi. Taleyini lənətləyə- lənətləyə içində, ürəyinin lap ucqar küncündə çarəsiz- çarəsiz, xəfif- xəfif ağlayırdı.
Həmin işığı da belə gecələrin birində gördü. Yenə arvadı öz işində idi və o da gözlərini nə qədər möhkəm yumsada yuxulaya bilmirdi. Birdən sanki yuxulamaqdan yorulmuş göz qapaqları ağrıdı və o, qəfildən nəbzi kimi vuran, gizildəyən gözlərini açdı: ilk dəfə həmin işığı gördü. Əvvəl qorxdu, sonra yanında uzanmış arvadının hardasa çox- çox uzaqlarda gələn səsini eşidib toxdadı. Axı o, bu işığı əvvəllər harda görmüşdü? Nəsə çox tanış, doğma, əziz gəlirdi ona bu işıq. Kimə oxşayırdı bu işıq, ay ana? Bəlkə sənsən, sənsən gəlmisən, hə? Öz yazıq, tək, tənha balana kömək etmək istəyirsən?
Qəfildən onun ürəyinin bütün ərazisində ilan dili nazikliyində bir ağrı dolaşdı. Axı o, bu işığı üzünü bircə dəfə də görmədiyi anasına necə oxşada bilər: o, dobulan gün anası vəfat etmişdi. Öz ömrünü oğlunun bu mənasız, məşəqqətli, acı, üzücü, gərəksiz həyatına dəyişmişdi.
Bəs onda bu işığı harda görüb o? Nədən ötrü bu işıq bu qədər doğma gəlir ona?
Beləcə, hər dəfə bu cür qaranlıq qədər intəhasız gecələrdə arvadının iynəli sözlərindən loxması boğazından keçməyən sərhədlərdə, zəhmətinin dəyərləndirilmədiyi iş günlərində o, həmin işıqla lap dinməz, ürəyində, gözləriylə, baxışlarıyla danışmağa başladı. Sən məni niyə belə yaratdın, ilahi? Nə üçün hamıda olan sifətləri məndən əsirgəmədin? Axı mən nədən ötrü, arvadımın gözləri doysun, ürəyi soyusun deyə qaz vurub, qazan doldura bilmirəm? Mənim nə günahım var ki, arvadımın gül kimi ömrü beş otaqlı deyil, bir otaqlı mənzildə çürüyüb gedir? Niyə bu adamlar sənə qovuşmaq istəmirlər, saflığa, təmizliyə can atmırlar? Neyçün insanlar məni anlamaq istəmirlər, neyçün?
İşıq isə susurdu. Qəribə bir təbəssümlə, sirlə, parıldaya- parıldaya təmkinlə onu dinləyirdi. Bir dəfə isə kişi o işığa cavab verməyə, dillənməyə, heç olmasa bircə kəlmə danışmağa məcbur elədi:
“Siz hamınız mənə qovuşacaqsınız.”
İşıq gülümsəyə- gülümsəyə yalnız bu sözləri dedi.
Bəlkə də həmin işıq olmasaydı o, arvadından əvvəl öləcəkdi. İndi isə hər şey tərsinədi.
Birdən kimsə onun qolundan dartdı:
- Deyirəm daha vaxtdı, gərək mərhuməni dəfn edək.
Arvadının qardaşıydı. O, key, süst nəzərlə qaynına baxırdı.
- Gəl, birinci sən yapış, gir tabutun altına.
Deyilənə əməl elədi. Sonra uzun müddət yenə özünə qapıldı. Birdə qəbiristanlıqda, arvadının qəbirini torpaqlayanda özünə gəldi. İblisi dəfn edirdilər. Demək bitdi, sona çatdı hər şey. Deməli, innən belə bir də heç vaxt o bu qadını görməyəcək, səsini eşitmyəcək nəfəsini duymayacaq. Bu imiş insanın ömrü. Mənasız, gərəksiz... Onda heç bu dünyada yaşamağa dəyməzmiş. Bəs bundan sonra o bu qadınsız neyləyəcək, necə yaşayacaq?
Bircə anın içərisində ürəyi elə sıxıldı ki, az qaldı köksündən qopararaq ağzından çıxa, yerə, hələ tam torpaqlanmamış arvadının qəbirinə düşə. O, birdən dəhşətli dərəcədə arvadı üçün darıxdığını hiss etdi. Görünür həqiqətən də o bu qadını- bu iblisi, Allahın lənətlənmiş, sevimli mələyini sevirmiş.
Beləcə rabitəsiz xatirələr, əlaqəsiz düşüncələr onu öz qoynuna aldı. Yenidən reallığa qayıdarkən özünü mənzillərinin qapısı qarşısında gördü. Gecə idi, adamlar baş sağlığı verir, sağollaşıb dağılışırdılar. O, tez- tez tələsik, dilucu vidlaşmağa başladı. Bircə bunlar tez çıxıb getsəydilər. Darıxırdı: həmin işıq üçün darıxırdı. Hamı dağılışandan sonra otağa keçib onunla danışmağa başlayacaq, dərdini yüngülləşdirəcəkdi. Bax, daha lap az adam qalıb. Cəmi üç- dörd nəfər.
- Sabah tezdən gələcəyik. Narahat olma, heç nəyin də fikrini çəkmə.
Qaynı idi. ən axırda bu sözləri dedi və çıxıb getdi.
O, mənzilin qapısını açdı. İçəri keçdi. Birdən dili- dodağı qurudu, gözləri qaranlıq gətirdi. Bəbəklərindən kürə kimi oynayan gözləri ilə bircə anın içərisində arvadının nəfəsi duyulmayan, səsi eşidilməyən otağı ələk- vələk etdi: həmin işıq yox idi.
Qəfildən hiss etdi ki, nəfəsi çatışmır. Ləng hərəkətlərlə yaxasının düyməlrini açmağa başladı. Ürəyindəki giziltinin səsini açıq- aşkar eşitdi. Kürəyilə qapıya söykəndi. Sağ əliylə sinəsini ovuşdurdu. Uzun bir müddət keçdi. Sonra, lap sonra ağır- ağır, asta- asta yerə kökməyə başladı.
Daha heç bir şübhə ola bilməzdi: həmin işıq ölmüşdü.

Hiç yorum yok: