2007-02-04

Bizi mütiliyə necə öyrəşdirirlər?


Cavidan


Uşaq ədəbiyyatının tərbiyəvi əhəmiyyətini inkar etmək üçün pedaqogikadan, psixologiyadan, hətta uşaqları sevə bilmək qabiliyyətindən də uzaq olmaq bəs edər. Bir də bəs edər ki, böyüməkdə olan nəslin tərbiyəsində mühüm rol oynayan amillərdən birinin yeri boş qalsın. Bu boş qalmış yerə inanın ki, tərbiyədən başqa hər şey gəlib doluşa bilər.
Problem ondadır ki, uşaq ədəbiyyatı dedikdə çoxlarının fikrindən məhz nağıllar, əfsanələr, qədim dövrlərdən qalma nənə-baba söyləmələri keçir.
Özümüz belə böyüdük. Uşaqkən bizə oxunan ədəbiyyatın təməli əsasında yeniyetmə dövründə oxuyacağımız əsərlər üçün zəmin yarandı. Beləcə, uşaq heyrətimiz yeniyetmə marağına, yeniyetmə marağımız gənclik çılğınlığına çevrilə-çevrilə, bu günümüzə gəldik çatdıq. İndi isə, buyurun, hərəniz öz uşaq dünyanıza xəyalən dönün və bugünkü ədəbiyyatdan nə tələb etdiyinizin səbəbini məhz uşaqkən beyninizə hopdurulan “uşaq ədəbiyyatı”nda axtarın.
Məsələn, əlahəzrət poeziyadan başlayaq. Məşhur “Keçi” şerindən:
…yalqız gəzib dolanma…
…Çoban açınca gözün,
Qalar iki buynuzun.
Hələ utanmazcasına bizi məcbur edirdilər ki, barmaqlarımızla gözlərimizi dartıb bərəldək, sonra da elə həmin barmaqlarımızı başımızda buynuz edib, özümüzü keçi kimi əsdirək.
Nədir bu?
Amansız cəngəllik qanunlarının hökm sürdüyü həyat uğrunda çarpışmanın astanasında dayanmış uşağın beyninə şüuraltı təsir edib qorxu yeritmək, onu həyatda yalnız çobanlara yapışıb dağa-daşa dırmanaraq öz təbii həyat prosesini yaşamaqdan çəkindirmək kimə gərək imiş? Keçini qurda yem olmaqla qorxutmaq… Guya ki, o çoban o keçini öz əcəli çatanadək qocalmağa qoyacaqdı. Şəxsən mənə elə gəlir ki, bu temp keçini qurddan qorumaq üçün yox, çobanı kabab yeməkdən məhrum etməmək üçün yazılıb. Bəlkə bu şeri belə düzüb-qoşaq:
Yalqız gəzib dolanma,
Çoban açınca gözün
Qalar iki buynuzun.
Eyni tərz qalmırmı? Hər iki halda iki buynuzu qalacaq yazıq keçi olmurmu?
Yaxud sevə-sevə uşaqlarımıza öyrətdiyimiz dovşan tempi.
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən…
Can kimi bəsləyib neyləyəcəklər görəsən, bu dovşanı? Çox maraqlıdır. Bu yerdə dovşan da aldı görək, nə dedi:
Dayanmaram, a qardaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
Əlbəttə, hər şey aydındır. Bu “qardaş” əslində yanında alabaşı, yəni ov iti olan bir ovçudur. Sadəcə, ova çıxıb dovşanı öz süfrəsinə aparmaq üçün dil tökür, dovşanın yox, öz canını bəsləməyi düşünür. Dovşan da alabaşın yox, məhz ovçu qardaşın dişindən qurtarmayacağını bilib, dayanmır. Sağ olsun. Heç olmasa, bir dovşanımız ağıllı çıxıb.
Gəlin “Uşaq və buz” şerini də xatırlayaq. Mən bir çox gəlinlərdən eşitmişəm ki, həmin şerdə uşağın dilindən deyilən “az qalıb ömrün sənin” sözlərini evdə dava-dalaş vaxtı qaynanalarına deyiblər.
Yaz gələr, artar qəmin,
Əriyib suya dönərsən…
Yaz ümidi ilə yaşayıb, nə vaxtsa məhz yazın gəlib onu yıxanın axırına çıxacağını gözləmək mütiliyini bizim uşaq beyinlərimizə niyə soxuşdururdular axı? Bu yaz ümidi “yaz gələr, yonca bitər” ümüdi ilə eyni fikri aşılamırmı?
Keçək nağıllarımıza
“Şəngülüm, şüngülüm, məngülüm”də anna keçi (bu həmən o ala-bula boz keçidir ha, qurddan, çobandan qaçıb özünə yuva qura bilib) səhər gedib, axşam gələndə götür ki, iki balasını qurd yeyib. Çox düşünmədən bizim bu işgüzar dişi keçimiz dəmirçi üçün “ağzında su, döşündə süd” aparıb və əvəzində dəmirçi onun buynuzlarını itiləyir, canavarın isə dişlərini itiləmək adı altında laxladır.
Və nağılın bu yerində qorxudan gözləri kəlləsinə çıxan bəbələrin anası keçinin öz iti buynuzlarıyla dişləri tökülmüş canavarın qarnını yortaraq, öz balalarını ordan çıxarması səhnəsini ləzzətlə danışıb bitirir və bəbələr bu dəhşətin təsiri altında yuxuya getməli olurlar.
Elə “Cırtdan” nağılında da divin adamyeyən monetr olması, sonda uşaqların onun boynuna dəyirman daşı asıb, suda boğması səhnəsi özlüyündə elə-belə söz yığını deyil, uşaq beyinləri üçün çox qorxulu psixoloji fəsadları ola biləcək ölüm səhnəsidir.
Hələ mən “Ağ atlı oğlan”dakı adamyeyən dərvişdən, onun evinə gedən yolda diyirlənə-diyirlənə danışan, artıq öldürülüb əti yeyilmiş gənclərin sümüklərindən, dərvişin Nərbalanı bişirib yemək üçün hazırladığı qaynar tiyan səhnəsindən danışmıram.
Sizi bilmirəm, amma bu şeirlər, bu nağıllar məni həyatda həmişə yanlış seçim və bu yanlış seçimin gətirdiyi çətinliklərlə üz-üzə qoyub. Həmişə öz arzularım uğrunda mübarizədə tək qalmaqdan qorxub qurda yem olmaqdansa, çobana kabab çəkilməyi seçməli olmuşam, heç düşünməmişəm ki, hər iki variantda arada bədbəxt mən oluram. Öz aramızdır, qurda rast gəlmək bəxtəbəxt məsələsidir, yəni ola bilsin o meşədə qurd yoxdur, sadəcə, çobanın hədə-qorxusu, şantajıdır bu…
Cavidan

Hiç yorum yok: