2007-02-04

Bütün Tanrı övladları rəqs edə bilər


Haruki Murakami

Dünya şöhrətli yazıçı H.Murakami 1949-cu ildə Yaponiyanın qədim paytaxtı Kioto şəhərində, filoloq ailəsində doğulub. Vasade Universitetinin klassik dramlar fakültəsini bitirib, bir müddət Tokioda cazsevərlərin toplaşdığı barı işlədib.
Yazmağa 29 yaşından başlayıb. Hər səhər saat altıda durub, gecə 10-da yatır. Orta hesabla ildə bir roman yazır. 33 yaşından siqareti atıb, idmanla - qaçış və üzgüçülüklə məşğul olmağa başlayıb.
Yaponiyanı tərk edərək, ABŞ-da yaşamağa gedib. Yapon ədəbiyyatı tarixində ilk dəfə vətəninə kənardan - bir qərbli kimi baxıb, yazmağa çalışır.
Onun əsərlərinin qəhrəmanları müasir yapon gəncliyidir, onlar əvvəlki nəsillərdən fərqli dünyagörüşə və dəyərlər sisteminə inanırlar.
Kitabları bütün əsas dillərə tərcümə edilib, dünyanın hər yerində onu sevə-sevə oxuyurlar.
Bir sıra hekayələri Azərbaycan dilinə də çevrilib. Bu gün sizlərə təqdim etdiyimiz hekayə Murakaminin eyniadlı romanından bir parçadır. Romanı tam şəkildə dilimizə Aliyə xanım çevirib.
Roman ayrı-ayrı müstəqil hekayələrdən ibarətdir. Onları konkret süjet xətti birləşdirmir. Amma romanın özəlliyi də budur- əsərin baş qəhrəmanı (antiqəhrəmanı) ZƏLZƏLƏdir, bütün hekayələrdə qəhrəmanları, onların taleyini etkiləyən, dərin izlər buraxan, amma süjet xəttində anidən görünüb yox olan bir ZƏLZƏLƏ.


***

Yesiya dəhşətli sancı içində yuxudan ayıldı və hər iki gözlərini açmağa səy göstərdi, amma yalnız birini aça bildi. Sağ gözünün qapağına gücü çatmırdı, elə bir hissi vardı ki, guya bütün gecəni ağzındakı dişlərinin hamısı ağrıyıb. Çürümüş kötüklərdən ağrı yaradan tüpürcək süzülür və beyinciyi əridirdi. Əgər belə davam edərsə, beyni tamam məhv olacaq və düşünmək lazım gəlməyəcək. Onsuz da bir işi yoxdu- deyə beynindən keçirdi. Yenə yatmaq pis olmazdı, amma Yesiya yaxşı bilirdi ki, daha yuxulaya bilməyəcək. Özünü belə pis hiss edirsə, nə yuxubazlıqdı. O, başının üstündəki zəng saatına baxırdı. Amma saat harda itib-batmışdısa, gözə dəymirdi. Eynəyi də yox idi. Görünür, harasa tullamışdı. O, başa düşürdü ki, qalxmaq lazımdı, amma bədəninin yuxarı hissəsini qaldırmışdı ki, başı gicəlləndi və Yesiya özünü təzədən balışa çırpdı. Ətrafda paltar asmaq üçün roliklər satan alverçinin maşının səsi eşidilirdi. Köhnə rolikləri verib, təzələrini almaq olardı. Reproduktordan gələn səs əmin edirdi ki, son iyirmi il ərzində qiymətlər dəyişməyib. Nəzik və uzada-uzada qışqıran səs orta yaşlı kişiyə aid idi. Elə bircə bu səs kifayyət idi ki, Yesiya özünü dənizdə çalxalanan kimi hiss eləsin. Amma qusub qaytarmaq üçün tək ürəkbulanması bəs deyil. Yoldaşlarından kimsə belə kəskin sancı dəqiqələrində səhər proqramlarını izləyirdi. Amma həmin səhər Yesiyanın televizora tərəf getmək gücü yox idi. O, güclə nəfəs alırdı. Göz bəbəklərinin dərinliyində şəffaf işıq şüası ağ tüstünün içində itib-batırdı. Bəli, geniş perspektivləri vardı. Deyəsən, bu, ölümdü ki, var - fikrindən keçirtdi. Hər halda bu təcrübəni təkrarlamaq istəməzdi. Yaxşısı budur ki, elə indi öləsən, təkcə diləyim budu, Tanrı mənə bunu bir də göstərməsin. Tanrını fikirləşdiyində Yesiya anasını xatırladı. Su istədi. O, anasının çağırardı, amma elə o dəqiqə də yadına düşərdi ki, evdə heç kəs yoxdu. Anası üç gün əvvəl digər möminlərlə birgə Kansaya getmişdi. Adamlar necə də fərqlidirlər. Ana - Tanrının mömin bəndəsi, oğul - ağır sancılarda. O, tərpənə bilmirdi. Sağ gözü əvvəlki kimi açılmırdı. “Kiminlə belə yığışmışdıq? Xatırlamıram.” Yada salmağa çalışdı, amma beyni elə bil
daşlaşmışdı. “Yaxşı, sonra yadıma düşər”
Deyəsən, hələ səhərdi, amma günəşin pəncərə yarıqlarından içəri dürtülən gur, parlaq şüaları bəlli edirdi ki, artıq günortadı. O, nəşriyyatda işləyirdi, orda əhəmiyyətsiz gecikmələrə belə, barmaqarası baxırdılar. Gecələr də işləmək olar, təki iş getsin.
Nahardan sonra işə çıxmağı müdir elə-belə buraxmayacaqdı- dişinin dlibindən çıxanı deyəcək. Bütün bunları qulaqardına vurmaq olardı. Amma istəmirdi ki, onu bu işə düzəldən mömin tanışına söz gəlsin.
Axırda onsuz da Yesiya evdən təxminən saat birdə çıxdı. Başqa gün olsaydı, hörmətli bir səbəb uydurardı, bütün gününü evdə xəstə keçirərdi, amma tərslikdən bu gün disketdə saxladığı çox vacib bir sənədi hazırlayıb çap etməliydi. Bu işi isə heç kimə tapşırmaq olmazdı.
O, anası ilə Asaqay rayonunda yaşayırdı, ona görə də Yesiya mərkəzi xəttlə Yotsuya stansiyasına gəldi, ordan Marunouçiyə gedən marşurutla özünü Kasumiqasekiyə çatdırdı. Ordan da Xibiyaya gedən xəttə keçib, Kamiya-qye stansiyasında düşdü. Nəşriyyat stansiyanın yaxınlığında idi. O, turistlər üçün bələdçi yol-xəritə çap edirdi.
Gecə on birin yarısı evə qayıdanda Kosumiqaseki stansiyasında o, qulağının sırğalığı olmayan bir adam gördü. Görkəmindən ona əlli yaş vermək olardı. Saçları gümüşü idi. Hündürboy, eynəksiz idi. Köhnə dəbli paltosu var idi. Sağ əlində dəri portfel tutmuşdu. O, platformada Xibiya xəttindən Çiyedaya tərəf addımlayırdı, bir qədər fikirli görünürdü və Yesiya fikirləşmədən onun ardınca düşdü. Özünə gələndə boğazı qurumuşdu.
Yesiyanın anasının qırx üç yaşı vardı. Amma ona otuzdan artıq yaş vermək olmazdı. Olduqca düz, təmiz sifəti vardı. Puritansayağı qidalanma və səhər-axşam gimnastika ona əla bədən qurululuşu və təravətli dərisini qorumağa imkan vermişdi. Üstəlik, onun oğlundan on səkkizcə il ayırırdı, tez-tez onu oğlunun böyük bacısı bilirdilər.
Bütün bunlar azmış kimi o, çətinliklə özünü ana kimi hiss edirdi. Sadəcə, o, ekstentrik şəxsiyyət idi və hətta Yesiya yuxarı siniflərə getdiyi vaxt seksual maraqları artanda belə, o, evdə çılpaq gəzməkdə davam edirdi. Təkcə yataq otaqları ayrı idi, amma onda ki, anası özünü tənha hiss edirdi, o, oğlunun otağına gəlirdi. Üstünə bir şey atmaq ağlına da gəlmirdi, birbaş onun yatağına uzanıb oğlunu pişik, ya it balası kimi qucaqlayaraq yuxuya gedirdi. Oğlan bilirdi ki, beynində anasına qarşı hər hansı niyyət yoxdu, amma bu fikrin belə, ona xeyri dəymirdi. Görünür bu anaya çatmırdı ki, oğlunda ehtiras yaradır və o, narahat və qeyri-təbii pozada yatmağa məcbur olur. Yesiya anası ilə fatal münasibətlərə yuvarlanmaqdan qorxurdu. Problemsiz onunla yatmağa razılaşmağa rəfiqə axtarırdı. Amma beləsi demək olar ki, heç vaxt tapılmırdı və o, tez-tez masturbasiya ilə məşğul olurdu.
Artıq yuxarı siniflərdə o, axşamlar qazandığı pullarla fahişəxanalara baş çəkirdi. Yesiya özü hərəkətlərini seksual gərginlikdən azad olmaq kimi yox, qorxudan yaranmış hal kimi dəyərləndirirdi. O, evi tərk etməli və sərbəst yaşamağa başlamalı idi. Yesiya bu barədə çox düşünmüşdü: instituta qəbul olanda da, işə düzələndə də. Amma hətta indi belə, iyirmibeş yaşı varkən də heç cür qərara gəlməmişdi. Heç bir səbəbini bilmirdi. Anası tək qalsa, nə edəcəkdi? Yesiya onsuz da uzun müddət güc və enerji sərf etmişdi ki, anasının özünü məhv etmək planlarına yol verməsin.
Qəflətən anasına evdən getməyi barədə xəbər versə, onunla isterika baş verəcək, çünki o, hələ indiyədək bir dəfə də düşünməyib ki, Yesiya ondan ayrı yaşacaq. On üç yaşında Yesiya bəyan etdi ki, o, daha Tanrıya inanmır, o, gözəl xatırlayırdı ki, anası necə yanıb-yaxıldı, ətrafdakı hər şey necə məhv oldu. Yarım ay o, demək olar ki, heç nə yemədi və danışmadı. Çimmədi, saçını belə daramadı və hətta alt paltarlarını belə dəyişmirdi. O, menustrasiya zamanı özünə nəzarət etmir, baxmırdı. Onda Yesiya ilk dəfə anasının belə çirkli, iyrənc və üfunətli gördü. Və o, fikrinə belə gətirəndə ki, bu bir də təkrar ola bilər, dəhşətə gəlirdi.
Yesiyanın atası yoxdu. Doğullandan bəri onun təkcə anası var. Uşaqlıqdan o, anasından təkcə bunu eşidib:
- Sənin atan - uca yaradandı. Uca tanrının yeri göylərdi. O, bizimlə yaşaya bilməz. O, yəni sənin atan hamıdan ucadı, həmişə səni izləyir və qoruyur.
Bu sözləri ona Tabata familiyalı qəyyumu da deyirdi. O, körpəliyindən Yesiyanı haqq yoluna çəkirdi.
- Tutaq ki, sənin atan bu dünyada yoxdu. Bədxah ağzıgöyçəklər tapılacaq ki, sənə lağ etsinlər, amma çox təəssüf ki, bu dünyada çoxlarının gözünü duman örtüb və onlar əsl həqiqəti görmürlər. Sənin uca atan dünya özüdü. Və sən onun sevgisi əhatəsində yaşayırsan. Bununla fəxr et və yaşa.
- Tanrı hamınındı, - məktəbə təzəcə gedən Yesiya soruşdu.- Amma hərənin öz atası var, belə deyil?
- Bilirsən, Yesiya, sənin atan gec-tez sənin qabağına çıxacaq, gözləmədiyin vaxtda, ağlına gətirmədiyin yerdə sən onunla rastlaşacaqsan, amma əgər sən şübhə etsən və ən pisi, inamını itirsən, hesab elə ki, məhv oldun. Başa düşürsən?
- Hə.
- Mənim sözlərimi unutmazsan ki?
- Unutmaram, Tabata-san.
Düzünə qalanda isə Yesiya onun sözlərini ciddiyə almamışdı. Niyə? O, özünü xüsusi olaraq “Tanrı övladı” kimi hiss eləmirdi. Adi oğlan idi. Hələ adidən də pis idi: xüsusi fikir veriləsi heç bir şeyi yox idi, hələ desən başdan ayağa səhv idi. On üç yaşında da onun uğurları aşıb-daşmadı, heç idmana da bir ümid yeri yox idi. Yavaş qaçırdı, ayaq üstə güclə dururdu, gözləri zəif görürdü, heç əlləri də lazım olan yerdən inkişaf etməmişdi. Beysbol meydançasında heç cür topu tuta bilmirdi. Komanda yoldaşları əlindən zara gəlirdi, oynunu seyr edən qızlarsa gülüşürdü.
Yatmazdan əvvəl öz atasına - Tanrıya dua edirdi: “Mən sənə inamımı ölənə qədər möhkəm saxlayacam, amma SƏN elə et ki, mən topu tuta bilim. Təkcə bunu istəyirəm. Mənə başqa heç nə, (daha doğrusu, indi heç nə) lazım deyil. Əgər mənim atam doğrudan Tanrıdırsa, o, belə xırda-xuruş diləyimi eşidər.” Ümidlərsə özünü doğrultmurdu. Top hələ də onun beysbol əlcəkləri arasından sürüşüb çıxırdı.
- Yesiya, uca Tanrıya çağırışdı, - Tabata qətiyyətlə deyirdi - bax, sən dua edirsən, bu, əlbəttə yaxşıdır, amma nəsə böyük şeylərdən ötrü dua etmək lazımdır. Nə isə mənasız və konkret şeylər üçün dua etmək yaramaz.
Yesiyanın on yeddi yaşı tamam olanda anası ona dünyaya gəlməyinin tarixini danışdı.
- Artıq sən bunları bilməlisən. Cavanlığımda mən büsbütün zülmətdə yaşayırdım. Qasırğalı dəniz kimi içimdə bir xaos hökm sürürdü. Qara buludlar əsirdi, işığın qabağını tutmuşdular. Bu zamanla mənim kişilərlə sevgisiz əlaqələrdə təcrübəm var idi. Yəqin sən bilirsən də “əlaqə” deyəndə mən nəyi nəzərdə tuturam?
- Bilirəm, - Yesiya cavab verdi.
Həmişə söhbət düşəndə anası çoxdan köhnəlmiş sözlərdən istifadə edirdi. Hə, Yesiyanın buna qədər artıq bir neçə qızla sevgisiz əlaqələr təcrübəsi var idi.
Anası davam etdi.
- İlk dəfə mən orta məktəbin ikinci sinifində (on altı yaş) hamilə qaldım. Onda mən buna elə də əhəmiyyət vermədim. Tanışımın məsləhət verdiyi xəstəxanaya getdim və abort elətdirdim. Ginekoloq cavan və mehriban adam idi. Əməliyyatdan sonra mənə necə qorunmaq barədə mühazirə oxudu. Dedi ki, abort bədənə ziyan olduğu kimi, ruha da ziyandı. Həm də zöhrəvi xəstəliklərə tutulmaq ehtimalı var. Sonra mənə bir qutu prezervativ verdi ki, mən ondan istifadə edim. Mən ona izah elədim ki, hər dəfə bundan istifadə edirəm, amma o, cavabında dedi ki, kimsə onları düz geyinməyib. Qəribədi ki, heç kim ondan düzgün istifadə etməyi bacarmır. Amma mən axmaq deyiləm axı, həmişə diqqətli olurdum, həmişə də qorxurdum. Soyunan kimi özüm kişiyə prezervativ geyindirirdim. Yəqin sən bilirsən prezervativ nədi?
- Bilirəm,- Yesiya cavab verdi.
- İki ay sonra mən yenə hamilə qaldım. Halbuki ikiqat ehtiyatlı olmuşdum. Amma buna baxmayaraq, hər şey təkrarlandı. İnanmazsan, neyləmək olardı, məhz elə həmin həkimin yanına getdim. O, məni yoxlladı və dedi: axı sənə demişdim, hara baxırdın? Mən göz yaşları içində izah elədim ki, necə qorunmuşam. O, mənə inanmadı və yenə də danlamağa başladı. Əgər qorunsaydın, belə olmazdı, - bu yerdə ana oğluna baxıb, davam etdi. - Bu, uzun söhbətdi. Axırda hardasa mən yarım il sonra elə həmin həkimlə əlaqə qurdum. Cavandı, evli də deyildi. Onunla söhbət etmək darıxdırıcı idi. Amma o, abırlı, təmiz adam idi. Bir maraqlı xüsusiyyəti vardı: onun sağ qulağının sırğalığı yox idi - uşaqlıqda it dişləmişdi. Evlərinə gedirmiş, qəflətən iri bir qara it üstünə atılıb, qulağını dişləmişdi. “Hələ yaxşı ki, qulağımı dişləyib, burnumu dişləsəydi lap pis olardı” - o özü belə deyirdi. Onun fikrilə razılaşmamaq da mümkün deyildi. Mən onunla görüşürdüm və tədricən özümə gəlirdim. Mən onunla başqa heç nə barədə fikirləşmirdim. Onun yarımçıq qulağı mənim xoşuma gəlirdi. O, çox işləyirdi, yataqda mənə hamiləlikdən qorunma üsulları barədə danışırdı. Prezervativi nə vaxt və necə geyinmək və soyunmaq - bir sözlə, hamiləlikdən necə qorunmaq. Amma mən, buna baxmayaraq, yenə hamilə qaldım.
Sonra anası həkim məşuquna hər şeyi danışır. O, müxtəlif analizlər edir və hamiləliyi təsdiqlənir. Amma özünü uşağın atası olduğunu boynuna almaqdan imtina edir və iddia edir ki, o, bu sahədə mütəxəssisdi və daim yüz faizlik qorunub. Sonra da qadını özgə kişilərlə əlaqədə ittiham edir.
- Onun sözləri mənə bərk təsir etdi. Ətrafımda hər şey məhv oldu. Bilirsən də, mən necə inciyirəm?
- Bilirəm.
- Mən onunla görüşəndə başqa heç bir kişi ilə əlaqəm yox idi, o, isə məni yüngül qız hesab edirdi. Sonra mən onunla görüşmədim. Amma abort etmədim. Ölmək istəyirdim. Əgər cənab Tabata məni aparmasa idi, yəqin dənizin dibinə çökmüşdüm. İndi heç mən də yox idim, sən də. Cənab Tabata məni haqq yoluna qaytardı və bununla da xilas etdi. Nəhayət mən işıq şüası tapdım və o biri möminlərin köməyilə səni dünyaya gətirdim.
Anası ilə görüşdə cənab Tabata belə demişdi:
- Hər dəfə sən qorunmağına baxmayaraq, hamilə qalmısan. Üç dəfə dalbadal belə olub, elə bilirsən ki, bu təsadüfdü? Mən belə hesab eləmirəm. Üç - Tanrı möcüzələrinin rəqəmidi. Başqa sözlə, Oodzaki-san, Tanrı səndən uşaq tələb edir və bu uşaq onun buyruğudu. Gəl onu Yesiya (yaponca xeyirxah) çağıraq.
Tabatanın dediyi kimi, oğlan doğuldu. Ona Yesiya adını verdilər. Anası artıq heç bir kişi ilə görüşmədi və qalan ömrünü Allaha xidmətə həsr etdi.
- Belə çıxır ki,- Yesiya dilləndi - mənim bioloji atam həmin ginekoloq həkimdi?
- Yox! Axı o, həmişə qorunmuşdu. Cənab Tabata düz deyir, sənin atan uca Tanrıdı. Sən Dünyaya Uca Yaradının istəyi ilə gəlmisən. Cinsi əlaqə ilə yox, - deyə anası gözünü ona zilləyib dedi.
Görünür o, buna ürəkdən inanırdı. Amma Yesiya buna şübhə edirdi. Onun atası həmin həkim ginekoloqdu. Yəqin prezervativdə əngəl olub, yoxsa başqa nə ola bilərdi?
- Bəs həkimin mənim doğulmağımdan xəbəri var?
- Məncə yox, - anası cavab verdi. - Hardan bisin axı. Biz o vaxtdan görüşməmişik.
Kişi Çiyedo xəttinjən Abikoya istiqamət götürən qatara mindi. Yesiya özünü onun dalınca həmin vaqona atdı. Saat on bir idi və metroda adam az idi. Kişi oturdu, portfelindən jurnal çıxarıb, nişan qoyulmuş səhifəni açdı. Yesiyaya elə gəldi ki, bu, xüsusi bir jurnaldı. O, üzbəüz oturdu və qəzet açdı, guya bu qəzeti oxuyur. Kişi arıq idi. Ciddi sifəti vardı. “Həkimə oxşayır”- Yesiya düşündü. Yaşı da uyğun gəlir, əsas da odu ki, qulağının aşağısı yoxdu. Elə görünür ki, doğrudan qulağını it qapıb.
- Bu adam mənim bioloji atamdı, - Yesiya intuitiv olaraq hiss etdi - Amma o, bilmir ki, bu dünyada mən varam. Və hətta mən ona bunu desəm belə, o, çətin inana. Axı, o, əmindi ki, həmişə ehtiyatla qorunub.
Qatar San-Oqyano-Meqdzu stansiyasını keçdi. Sendaqidə dayandı. Tezliklə yenə yuxarı qalxdı. Stansiyalar ötdükcə sərnişinlər azalırdı. Amma kişi ətrafına baxmadan jurnalı oxuyurdu. Deyəsən, o, qalxmağa hazırlaşmırdı. Yesiya tez-tez ona nəzər salır və axşam buraxılışını könülsüz oxuyurdu. Həmçinin o, axşamkı hadisəni də yada saldı. O, universitetdən olan yaxın dostu və dostunun iki tanış qızı ilə Rapponqidə içmək qərarına gəldi. Xatırladı ki, hamı necə diskotekada bir yerə yığılmışdı - daha doğrusu, bu fakt onun yaddaşında təzədən dirildi. “Bəs mən qızla nəsə elədim? Deyəsən yox, heç nə olmadı.”
Axşam qəzetinin xəbərlər bölməsi əvvəlki kimi zələzələlər barədə məqalələrdən ibarət idi. Anası o biri dindarlar kimi hansısa dini təşkilatın ofisində qalmışdı. Onlar hər səhər rükzaklarını vacib şeylərlə doldurub, elektik qatarının getdiyi yerə qədər gedirdilər. Sonra Kobeyə qədər yolu piyada qət edirdilər. Oğlu ilə telefonda danışanda anası demişdi ki, çantası düz on beş kiloqramdı. Yesiyaya birdən elə gəldi ki, qarşısında oturub jurnal oxuyan bu adamla onu trilyon işıq ili ayırır.
Yesiya hələ ibtidai siniflərdə oxuyanda anası onu həftədə bir dəfə keçirdiyi dərslərə aparırdı. Bu təşkilatda dərs verənlərin içində ən yaxşısı o idi. Qəşəng, cavan, savadlı qadın həm də adamlara dostcasına münasibət göstərirdi. O balaca oğlanın əlindən yapışırdı. Adamlar sadəcə sayıqlığını itirirdi. Onlar dinə maraq göstərmirdi, amma onu dinləməyə həvəslə yanaşırdılar. Anası səliqəli geyinirdi. Bədəninə yaraşan kostyumu qəşəng idi. O, evlərə gedir, dini bukletlər paylayır və təbəssümlə söyləyirdi ki, problemləri olanda ona müraciət etsinlər.
- Biz heç kimdən on əlli yapışmırıq. Biz sadəcə ötürürük,- deyə o, gözləri parıldıya-parıldıya inandırmağa çalışırdı.- Mənim ruhum qaranlıqdı. Bumgnlili köməyi ilə mən xilas oldum. Bu uşaq mənim qarnımda idi. Mənsə onunla birgə özümü dənizə atmaq, ölmək istəyirdim. Uca Tanrı mənə göydən öz əlini uzatdı, indi mən onunla və uca Tanrı ilə bir yerdə işıq içində yaşayıram.
Yesiya üçün anasının əlindən yapışıb, tanımadığı evlərə getmək ağır deyildi. Belə vaxtlarda anası çox mehriban, zərif, əli isə isti olurdu. Hərdən onları dinləmədən qovurdular. Ona görə də onlar hər xoş sözə sevinir və inanmaq istəyən tapılanda fəxr edirdilər. Belə vaxtlarda Yesiya düşünürdü: “Axır ki, indi, ata- Tanrıcığım yəqin məni tanıyacaq.”
Bir dəfə o, orta məktəbə keçəndə inanmaqdan imtina etdi. Onda eqoizm oyanmışdı. O, içtimai rəylə bir araya sığmayan sərt tapşırıqları artıq qəbul edə bilmirdi. Və səbəb təkcə bu deyildi. Əsas səbəb kimi valideyinlərinin səbəbsiz soyuqluğu onu inamından uzaqlaşdırırdı. Ürəyi daş kimi ağır və qaranlıq idi. Ana oğlunun qərarından çox təssüfləndi, amma YESİYA yumşalmırdı ki, yumşalmırdı.

Kişi jurnalı portfelə dürtdü və İnba prefekturasının yanındakı sonuncu stansiyada qapıya yaxınlaşdı. O cibindən qatar biletini çıxardı. Yesiya da dayandı - xüsusi aftomata pul ödəmək lazım idi. Buna görə də o özünü güclə çatdırdı. Kişi artıq dayanacaqda taksi saxlamışdı və minirdi. Yesiya özünü arxadakı taksiyə tulladı (cibindən 10 min ien çıxarıb).
- Bax, o taksinin ardınca,- dedi.
Sürücü şübhə ilə əvvəl pula, sonra Yesiyaya baxdı.
- Mənim başıma iş açmazsan? Bu, kriminaldı?
- Qorxulu bir şey yoxdu,- Yesiya onu sakitləşdirdi.- Adi izləmədi.
Sürücü sakitcə pulu götürüb, qazı sıxdı.
- Onsuz da sayğaca görə ödəyəcəksiniz. Mən artıq onu işə salmışam.
İki maşın alış-veriş kvartalını, dana sonra boş sahələri, işıqlı pəncərələri olan xəstəxananı, zəif işıq altında güclə seçilən məntəqələri ötüb keçdi. Yolda demək olar ki, başqa maşın yox idi. Ona görə macəra gözləmədən, rahat şəkildə qabaqdakı maşını izləmək olurdu. Təkcə sürücü hərdən maşına yaxınlaşır, sonra yenə də sürəti azaldıb arada məsafə saxlayırdı.
-Xəyanət ediblər sizə?
- Yox, yox, bu əla işləyən beyin ugurunda mübarizədir. Biz iki firma bir mütəxəsisi əldə etmək istəyirik, - Yesiya cavab verdi.
- Oho,- sürücü təccübləndi.- Bilmirdim ki, rəqabət bu dərəcədə inkişaf edib.
Yaşayış yerləri artıq gözə dəymirdi, onlar çay boyunca anbarlar və zavodlar olan sənaye rayonuna gəlib çıxmışdılar. Ətrafda bir ins-cins yox idi. Amma hər tərəfi təp-təzə lampalar işıqlandırırdı. Qəflətən qabaqdakı maşın uzun və hündür beton hasarın yanında dayandı.
Yesiyanın sürücüsü “stop” işarəsini uzaqdan gördü, təxminən ora yüz metr məsafə var idi. O, maşının faralarını söndürdü. Təkcə zəif işıqlı faralar qaldı. Hasardan başqa heç nə görünmürdü. Hasarın üstünə qalın tikanlı məftil çəkilmişdi.. Qabaqdakı maşının qapısı açıldı. Adam maşından düşdü. Yesiya heç nə demədən sürücüyə hər biri min ien olan iki kağız pul verdi.
Burda taksi tapmayacaqsız. Nə ilə qayıdacaqsız?
Onun addımları metro stansiyasında olduğu kimi, asta və eyniölçülü idi. Bu, onu maşın kimi çəkən asüdə bir işə bənzəyirdi. Yesiya paltosunun yaxalıgını qaldırdı. Özünü gizlədə-gizlədə kişini izləməyə başladı, arabir nəfəs aldıqca ağzından ag buxar çıxırdı..
Kişinin dəri tuflilərinin taqqıltısını aşkar eşidirdi. Yesiyaın rezin çəkmələri isə demək olar ki, səs eləmirdi.
Ətrafda heç bir həyat əlaməti yox idi. Elə bil yuxu mənzərələri idi. Uzun hasar bitəndən sonra, maşın qəbiristanlıgına gəlib çıxdılar. Bu köhnə maşınlar bir-birinin üstünə qalanmışdı. Onlar metal tor hasarın o üzündə idilər. Yağışın onsuz da rənglərini yuduğu bu köhnə maşınlar tutqun işığın altında daha da rəngsiz görünürdü. Kişi addımlamaqda davam edirdi. Yesiya heç nə anlamırdı. Axı, niyə bu adam taksidən məhz bu xaraba yerdə düşdü? Bəs, o evə hara qayıdacaq? Bəlkə bir az gəzmək qərarına gəlib? Amma fevral axşamı gecə gəzintiləri üçün heç də yaxşı vaxt deyil, küçə soyuqdu. Hərdən buz kimi soyuq külək Yesiyanı arxadan itələyirdi.
Maşın tullantılarını keçdilər, qarşıda yenə də beton hasar uzanırdı. Hasarın ucunda isə dar dalan var idi. Kişi oranı tanıyırmış kimi düz ora tərəf getdi olduqca qaranlıq dalanın sonunu müəyyən etmək olmurdu. Yesiya bir qədər tərəddüd etdi, amma yenə də kişinin ardınca qaranlığa addımladı. İndi ki, bura qədər gəlib, geri qayıtmaq gecdi. Dalan hər iki tərəfdən hündür hasarla əhatələnmişdi. Uzun və dar. O qədər dar ki, uçması mümükün deyildi. Elə qaranlıq ki, elə bil qaranlıq gecədə dənizin dibindəsən. Yalnızca kişinin ayaqqabılarının səsi gəlirdi. İşıq olmadan bu qaranlıq dünyada Yesiya bu səslə hərəkət edirdi. Tezliklə isə bu səs də kəsildi.
Yəni kişi hiss etdi ki, onu izləyirlər. Yəqin dayanıb nəfəsini dərmədən ətrafını dinləyir. Qaranlıqda Yesiyanın ürəyi sıxılırdı. Amma o nəfəs dərib, irəli addımlamağa başladı. Nə fərqi var? Lap tutaq ki, kişi izləndiyini hiss edib. Belə daha yaxşıdır- onunla açıq danışmaq olar. Nəhayət dalan qurtardı. Tupik. Qarşı yol dəmir sədlə bağlanmışdı, ama diqqətlə baxsan, aradakı yarıqdan adam keçə bilərdi. Kimsə bu yarığı oradan keçmək üçün düzəltmişdi. Yesiya paltosunun ətəyini yığıb, oradan keçdi. Bura geniş düzəngah idi. Hətta düzəngah yox, hansısa meydança. Yesiya dayandı və tutqun ay işığında ətrafı nəzərdən keçirməyə başladı. Heç yerdə adam yox idi.
Beysbol meydançası. O xarici xəttin mərkəzində dayanmışdı.
Və külək mənasız-mənasız çipsi qablarını ora-bura qovurdu. Yesiya əllərini ciblərinə dürtüb, nə baş verəcəyini gözləyə-gözləyə dayanmışdı. Amma heç nə baş vermədi. O sağa, sonra sola - pitçer tərəfə, daha sonra ayağının altındakı torpağa baxdı və başını göyə qaldırdı. Buludların hüdudları güclə görünürdü. Bu, siluetləri qəribə işıqlandırırdı. Otlardan hiss olunacaq dərəcədə it iyi gəlirdi. Kişi itmişdi. O izsiz- tozsuz yox olmuşdu. Əgər Tabata burda olsa idi, deyərdi: “Görürsən Yesiya, uca yaradan qarşımıza necə gözləmədiyimiz şəkildə çıxır”.
Amma Tabata üç il əvvəl sidik kanalının xərçəngindən ölmüşdü. Son bir neçə ayını o elə əziyyət çəkirdi ki, ona baxmaq belə dəhşətli idi. Amma bununla belə, o bir dəfə də uca yaradanı çağırmadı. Ona üz tutub, ağrılarını azaltmasını diləmədi. Yesiya belə hesab edirdi ki, ona yalnız dua etmək qalıb (baxmayaraq ki, bu konkret bir məsələ idi). Tabata bütün qaydalara elə əməl edirdi ki, belədə heç kim Tanrıya ondan yaxın ola bilməzdi. Bununla belə, - o arada düşünürdü- niyə Tanrı adamları sınağa çəkə bilər, onlar onu yox?
Viskinin təsirindənmi, sancıdanmı, yoxsa başqa nədən sızıldayırdı- bunu anlamadı. Yesiya qaş-qabağını töküb, əllərini cibindən çıxarıb, iri addımlarla yavaş-yavaş “evə” tərəf irəlilədi. Hələ azca əvvəl o nəfəs dərmədən atasını xatırladan adamı izləyirdi. Onun beyni yalnız bununla məşğul idi. Amma bax, indi o tanımadığı şəhərciyin beysbol stadionunda idi. Kişi fiquru itən kimi Yesiya əvvəlki hərəkətlərinin əhəmiyyətini itirdi. Geriyə yol yox idi. Hər şey öz mənasını itirmişdi. Necə ki, əvvəllər “flay-aut”da onun üçün həyat-ölüm sualı qədər əhəmiyyətli bir sual artıq anlamını itirmişdi.
“Bununla mən nəyə nail olmaq istəyirdim?- Yesiya özündən soruşdu. - Yoxsa mən özüm indi dayandığım yerlə əlaqəni araşdırmağa can atırdım? Bəlkə ümid edirdim ki, mənə yenə ssenaridə daha əhəmiyətli rol verəcəklər? Yox, bu deyil. Mən öz içimdə bardaş qurub əyləşmiş qaranlığın ardınca getmişəm. Mən təsadüfən onu gördüm, izlədim və nəhayyət daha dərin qaranlığa itələdim. Daha onu bir də çətin görəm.” İndi Yesiyanın ruhu sakit, aydın məkana və zamana düşmüşdü. Onun üçün artıq fərqi yox idi ki, bu kişi kim idi - onun atası, Tanrı, yoxsa qulağının yarısını itirmiş tamam yad bir adam. Orada artıq bir sirli iz, yol var idi.
O, barmaqlarını sıxıb, əlini başının üstünə qaldırdı. Sonra soyuq gejə havasını içinə çəkib bir qədər də aya baxdı. Bu iri ay. Niyə ay yüksəldikcə kiçilir? Birinci və ikinci tərəfdə elə də böyük olmayan tribunalar var idi. Əlbəttə, fevralda, gecənin bir yarısı orada heç kim yox idi. Yalnız üç dar sıra, düz və hündür oturacaqlar gözə dəyirdi. Tordan o tərəfdə isə deyəsən anbar idi. Bir gecə pəncərəsiz, qaranlıq, nisgilli. İşıq görünmür, səs gəlmir.
Təpədə dayanmış Yesiya əllərini yuxarı, yana və aşağı fırladı. Ritm tutaraq ayaqlarını növbə ilə qabağa və yana atdı. Hərəkətlər rəqsə keçirdi. O qızışdı və onda canlı orqanizm hissləri yarandı. Baş ağrısı da kəsdi.
Universitet rəfiqəsi onu “qurbağa” adlandırırdı. Niyə? Rəqs edərkən o qurbağaya oxşayırdı. Rəfiqəsi rəqs etməyi xoşlayırdı və tez-tez onu diskotekaya aparırdı.
- Özün görürsən, sənin necə uzun əllərin və ayaqların var? Rəqs eləmirsən ey, əl-ayaq atırsan. Amma elə qəşəng alınır ki, elə bil qurbağa yağışa düşüb,- o deyirdi.
Yesiyaya bunu eşitmək xoş deyildi, amma o, rəfiqəsini atmırdı, hələ bir müddət sonra rəqs etmək onun xoşuna gəlməyə başladı. Özündən asılı olmayan musiqi səsləri altında hərəkətə başlayırdı ki, bədəninin təbii ritmi dünyanın ritminin üst-üstə düşdüyünü hiss edirdi. “Qabarmalar və çəkilmələr, çəməndə əsən külək ulduzların hərəkəti- bunların eyni dərəcədə mənimlə də bağlılığı var.”- o düşünürdü.
Rəfiqəsi ona deyirdi ki, hələ ömründə onunku boyda böyük penis görməyib.
- Necə də böyükdü, o sənə rəqs etməkdə mane olmur?- Qız onun əlini əlinə alaraq soruşurdu.
- Yox, mane olmur,- Yesiya cavab verirdi.
Doğrudan da onun penisi çox böyük idi. Yesiya özünü tanıyandan belə idi. Ama bunun ona nəsə bir xeyri dəydiyini də xatırlamırdı. Əksinə, bu səbəbdən çox vaxt onunla seksdən imtina etmişdilər. Hətta estetik baxımdan o çox böyük, nataraz və yöndəmsiz idi. O daima bunu yad nəzərlərdən gizləyirdi.
- Yesiyanın belə böyük imkanı Tanrı övladı olmasına işarədir,- anası fəxrlə belə deyirdi.
Yesiya özü buna inanmırdı. Ama bir dəfə bu məsələ ona dəhşətli dərəcədə səfeh görünürdü. Harda belə şey görünüb?
Yesiya eynəyini çıxarıb, futlyra qoydu. “Bəs nə, hələ rəqs də edərik,- o düşündü- pis olmaz”. O gözlərini yumdu, dərisinin səthi ilə ayın bəyaz işığını tutdu və təklikdə rəqs etməyə başladı. Dərin nəfəs alıb buraxdı, o bu qıvraq müsiqini yadında saxlaya bilmirdi. Və onda o, otların xışıltısı, buludların axması altında rəqsə başladı. Birdən ona elə gəldi ki, kimsə ona baxır, o açıq-aşkar özünün üzərində kiminsə baxışını hiss etdi. Onun bədəni, dərisi, sümükləri bu baxışı hiss etdi. Amma onun üçün fərqi yox idi, kim olur, olsun. Baxmaq istəyir, qoy baxsın. Bütün Tanrı övladları rəqs edə bilər.
O ayaqlarını yerə döyür, əllərini yelləyirdi və onun hər hərəkəti növbəti və ritmik hərəkətə yol açırdı. Onun bədəni müxtəlif fiqurlar alırdı. Və hər fiqurda onun üslubu, variasiyalar ekspromtu vardı. Ritmin içində başqa ritm, onların arasında isə görünməz üçüncü ritm var idi.
Meşədə müxtəlif heyvanlar gizlənib. Onların içində qorxulu yırtıcılar var. O tezliklə bu meşəni ötüb keçəcək. Ama qorxusu yoxdu, niyə də qorxsun - bu meşə onun içindədir. Bu meşəni də o özü salıb. Bu heyvanları da orda o özü saxlayır.
Nə qədər çox rəqs elədi. Yesiyanın yadında deyildi. Yəqin lap çox rəqs etmişdi. Sonra birdən özünü lap yerin təkində hiss etdi. O elə burda inadla addım atdı ki, burdan qorxunc və nəhs zülmət uğultusu eşidildi. Naməlum insan arzuları sel kimi axırdı, sürüşkən həşəratlar qaynaşırdı. Şəhəri xarabalığa çevirmiş zəlzələ ağacı və bütün bunlar- yerin, ayın bir hərəkətindən baş verir. Yesiya rəqsini saxladı, nəfəs dərib ayaqlarına baxdı - sanki dibsiz uçuruma baxırdı. O dağılmış şəhərdə olan anası barədə fikirləşdi. Əgər keçmişi geri qaytarmaq olsa idi və mən indiki anamla onun qəlbinin qaranlıqda çırpındığı vaxt görüşsəydim, nə baş verərdi? Yəqin hər ikimiz özümüzü itirərdik, bir-birimizə hopardıq, bir-birimizi gəmirərdik və bu, qəddar cəza olardı. Amma nəyə lazımdır? Madam ki, qəza bizi xeyli əvvəl gözləyirdi. Şəhər mənim ətrafımda dagılmalıdır.
Universitetdən sonra rəfiqəsi toy barəsində söhbət açdı:
- Sənə ərə gəlmək istəyrəm, qurbagaciyəz. Səninlə birgə yaşamaq və sənin üçün uşaq doğmaq istəyirəm. Elə ogul dogum ki, onun da imkanları səninki kimi geniş olsun.
- Mən bacarmaram,- Yesiya cavab verdi.- Əvvəl sənə deməmişdim. Mən Tanrı övladıyam, elə buna görə də kimlə gəldi evlənə bilmərəm.
- Dogrudan?
- Dogrudan,- Yesiya cavab verdi- Bagışla.
İndi o, diz üstə çökdü, qum götürüb barmaqları arasından axıtamağa başladı. Sonra daha bir ovuc qum götürdü... soyuq qum barmaqları arasından axırdı. Tabatanın qurumuş əlini sonuncu dəfə necə sıxdığını xatırlamırdı.
- Yesiya, mənim axırım çox qalmayıb,- Tabata xırıltı ilə danışırdı. Yesiya ona etiraz etmək istədi. Tabatasa zəif-zəif başını yellədi.- Belə yaxşıdır. Həyat dəhşətli yuxudur. Mənə yol göstərdilər və mən bura qədər gələ bildim. Mən bunu deməyə utanıram, amma deməliyəm. Mən tez-tez anan barədə pis fikirlərə düşürdüm. Özün bilirsən, mənim ailəm var və mən onları çox sevirəm. Sənin ananın ruhu isə günahkardı. Buna baxmayaraq, onun bədəni məni özünə çəkirdi. Və özümü saxlaya bilmədim. Buna görə səndən üzr istəyirəm.
“Üzr istəməyə dəyməz. “Pis fikirlərə” təkcə siz düşməmisiniz. Hətta mən, onun oğlu bu böyük günahın astanasında idim”- Yesiya bunları demək istədi, amma fikirlərini dəyişdi. Desə, Tabata məyus olacaq. Yesiya susdu və onun əlini əlinə alıb, uzun-uzadı sıxdı. Elə bil bununla indi baş verən hər şeyi ona ötürmək istəyirdi. Bizim ürəyimiz daşdan deyil. Daş gec-tez quma çevriləcək, amma ürəyimiz yox. Pis-yaxşı biz bir-birimizdə hiss olunmayan substansiyanı ötürə bilərik. Bütün Tanrı övladları rəqs edə bilər. Səhəri gün Tabata artıq yox idi
Yesiya təpəninin başında daynmışdı.
Hardansa lap uzaqdan təcili yardımın uğultusu eşidilirdi. Külək əsir. Otların üstünü gəzir, onun mahnısını və sükunətini dinləyirdi.
- İlahi!- Yesiya ixtiyarsız səsləndi.

1 yorum:

Adsız dedi ki...

Hi, I do thinκ this іs a gгeat ѕіte.
I stumbledupon it ;) I will гeturn
once аgain since I savеd as a fаvoгite
it. Moneу and frеedom is the greatest way to change, may you be rich and continue
to guide otheгѕ.

Feel freе to ѕurf to my web sіte Easy Payday Loans Online
Also visit my web site :: Payday Loans Online