2007-02-04

Oxuyan Azərbaycan


Müşfiq Şeyxov


Son günlərin ən aktual mövzularından biri də Azərbaycanda kitab oxumanın müntəzəm olaraq azalmasıdır. Halbuki biz hər zaman xalqımızın intellekt səviyyəsinin yüksək olması ilə öyünmüşük. Əslində bu, qlobal problemdir. Səbəbləri isə çoxdur. Bu yazımda, durumu analiz etmək və kitab oxuyucularının sayını artırmaq, kitabı sevdirmək üçün aparılan nümunəvi kampaniyaların birindən-"Book Crossing", yəni "Kitab Dövriyyəsi" kampaniyasından danışmaq istəyirəm.
Bilirik ki, insan anadan olandan ölənə qədər yeni biliklər öyrənir. Bu bilikləri isə fərqli yollarla əldə edə bilər. İndiyə qədər kitablar yeni bilikləri öyrənməmizdə böyük rol oynayırdı. İndi isə bu vasitələrin əhatəsi genişlənib. Biz texnologiyanın fürsətlərindən istifadə edərək, həm teləviziya, həm internət vasitəsilə oxuma, öyrənmə ehtiyacımızı qarşılaya bilərik. Bilərik deyirəm, çünki bu fürsətlərdən yaxşı və lazımınca istifadə etmirik. Xususilə də internetin əhəmiyyətini başa düşməmişik hələ.
Bu vəziyyət bir çox kitabsevərləri narahat edir və onlar da kitab oxucularının azalmasına təsir edən faktorları aradan qaldırmaq üçün yeni fikirlər, yeni kampaniyalar ortaya atırlar. Bunlardan biri də Avropada ortaya çıxan və bu gün Türkiyədə də həyata kəçirilməyə çalışılan, "Book Crossing", yəni, "Kitab Dövriyyəsi" kampaniyasıdır.
Bu kampaniyanın Türkiyədəki təşkilatçıları "Radikal" qəzetinin hər cümə günü çıxan "Kitab" əlavəsinin yazıçıları, işçiləridir. İlk olaraq, Türkiyənin bir çox yerində ticarət mərkəzlərinə, kino-teatrlara, metro, tramvay stansiyalarına kitab rəfləri yerləşdirdilər. Özlərinin büdcəsiylə əmələ gətirdikləri kitab bazasının kitablarını bu rəflərə payladılar. Buradan kitab almağın tək şərti budur ki, sən o kitabı oxuduqdan sonra evində saxlamayacaq, başqa birisinin götürüb oxuya biləcəyi bir yerə qoymalısan. Bundan əlavə, hər kəs evindəki hər hansı kitabı da başqaları yararlana bilsin deyə, kampaniyanın dövriyyəsinə buraxa bilərsiniz.
Bir də kampaniya üçün sayt açdılar. Saytda kitabların olduğu məkanlar, oradakı ktabların siyahısı, hansı kitabın indiyə qədər kimlər tərəfindən oxunduğu, indi kim oxuyur, o kitabların keçdiyi coğrafiyalar, oxucuların oxuduqları kitablara yazdığı şərhlər və s. məlumatlar yerləşdirilib.
Bəs nəticəsi? Nəticəsinin pis olmadığından əminəm. Ən azından bu gün Türkiyədə metroda, tramvayda, avtobusda "Kitab Dövriyəsi" kitabları oxuyanları görməyim, tapdığım "Kitab Dövriyəsi" kitablarını oxuduqdan sonra ətrafımdakı bir neçə nəfərə ötürərək, onların da oxumasına səbəb olmağım nəticənin pis olmadığını dəməyimə əsas verir. Ən azından bu kampaniya kitab oxumaq istəyib, ancaq imkanı olmayan bir çox gəncin dərdinə dərman oldu.
Umid edirik ki, bizim də “Alma-Kitab” olaraq, başladığımız bu kampaniya oxucuların, kitabsevərlərin rəğbətini qazanar, kitablar rəflərdən enər, oxunaraq əldən ələ gəzər və “Oxuyan Azərbaycan” yolunda cox kiçik də olsa, oz rolunu oynayar.

Hiç yorum yok: