2007-02-04

Salam Sarvan şeirdən imtina edir?


“Fələyin çərxinin reklam çarxı sürətiylə fırlandığı indiki vaxtda şeir özünüifadə tərzi kimi də, özünütəsdiq forması kimi də bir aldanışdı”

Salam Sarvan kitablarını beş ildən bir çap etsə də, hər zaman darıtışılan, müzakirə edilən, çox oxunan şairlərdəndir.
“Şir bürcü, At ili, İt günü” adlı yeni şeirlər kitabı da maraqla qarşılandı. “Alma”nın readksiyasından ən çox soruşulan, alınan kitablardan biri olan bu kitaba maraq Salam Sarvanın qəzetimizə verdiyi müsahibədən sonra, yəqin ki, daha da artar. Çünki bu, müəllifin sonuncu şeir kitabıdır. Niyəsini isə özündən eşidək.


- Üçüncü kitabınızın nəşr olunması münasibəti ilə Sizi oxucuların adından təbrik edib, keçək suallara. Birincisi ondan başlayaq ki, kitablarınızın məhz hər 5 ildən bir işıq üzü görməsi mistikadır, yoxsa şahmata sevgi?
- Mən özüm bu “qanunauyğynluğu” sonuncu kitabımın “Kitabın içindəkilər” səhifəsini hazırlayanda gördüm. Bu, bir yandan baxanda tam təsadüfdü. O biri yandan baxanda şahmatla da bağlılığı var. Görünür, blits oynamaq bacarığı məndə yoxdu. Gec-gec, az-az yazıram. Bizdə dəbdə olan o tezisin də əlehyinəyəm ki, guya az yazmaq şair üçün yaxşı göstəricidi. Məncə, bunu çox yaza bilməyənlər bəraət kimi uydyryb. Az yazmağım bir şeylə bağlı ola bilər. Görünür mənim istedad imkanlarım bura qədərdi, yəni məhduddu.
- Kitabda yer alan yeni şeirləriniz sərbəst janrda qələmə alınıb. “Salam Sarvan heca şeirindən imtina etdi” söyləmək doğrudurmu?
- Mənimçin şeirdə ən vacib olan iki amildi - informasiya və intonasiya. Sevirəm o şeirləri ki, onlarda şeirin informasiyasıyla intonasiyası arasında ziddiyyət olmasın. Belə mətnləri “səmimi mətnlər” də hesab eləmək olar. Siz mənə dünyada bircə dənə də səmimi müəllif göstərə bilməsziniz. Əsas olan müəllifin səmimi və ya qeyri-səmimi olması deyil. Əsas olan odur ki, yaradıcı prosesin nəticəsində ortaya çıxan mətn səmimi olsun. Məsələn, mənim bəzi şerlərimdə yalan var. Amma, onlar oxucunu aldatmaq saxtakarlığından irəli gəlməyib, özümü aldatmaq sadəlöhvlüyündən irəli gəlib. Ona görə də 40 yaş civarının tələbləri və dünyanın indiki reallıqları baxımından mənim artıq şeirdən imtina eləmək istəyimdən danışmaq olar. Elə burdaca sizin diqqətinizi “şeir effekti” anlayışına cəlb eləmək istərdim. Leyts “şairlər uşaq kimi bir şeydilər - onlar yazı stulunda oturanda ayaqları yerə çatmır” deyəndə haqlıydı. Şeir effekti baxımından bu düstur bütün ədəbi istiqamətlərdə doğrudu. Şairlər simvolik yazarkən- tutaq ki, “Qız qalası”nın damında oturmuş kimi, realist yazarkən - bar stulunda ( o stullar adətən çox hündür olur) oturmuş kimi oturur. Və mahiyyət etibarilə şairlərin ayağı hər iki halda yerə çatmır, şairlər hər iki halda göydədirlər, boşluqdadırlar, pafosun ağuşundadırlar.
- Bunlar şeirdən imtina etmək üçün kifayət qədərmi ciddi arqumentlərdir?
- Fələyin çərxinin reklam çarxı sürətiylə fırlandığı indiki vaxtda şeir özünüifadə tərzi kimi də, özünütəsdiq forması kimi də bir aldanışdı. Axır vaxtlar gəldiyim qəti bir qənaəti də deyim ki, musiqi də özünüaldatmaq janrıdı. Məncə dünyanın ən ağılsız dartışmalarından biri də “səviyyəli” və “səviyyəsiz”, “ciddi” və “qeyri-ciddi” musiqiylə zövqləri ölçmək cəhdləridi. Ciddi musiqi deyilən bir şey yoxdu, nədən ki, musiqinin özü ciddi bir şey deyil. Zövqü musiqidən almaq, musiqi üzərində düşünmək təfəkkürün ərincəkliyindən irəli gəlir. Musiqiyə yalnız səhhət üçün faydalılıq prinsipindən yanaşmaqla kifayətlənmək lazımdı - əsəbləri sakitləşdirmək və sair baxımından. Musiqinin guya ki, insanı düşündürməsi insan intellektinin hələ də aşağı olduğuna işarədi. Ona qalsa, dərin və effektiv düşüncə üçün stimul verən daha ciddi, daha həyati səslər var. Məsələn, soyuducunun fasiləli səsi… Hərçənd, biz özümüzdəkilərin qədrini bilmirik, əslində dünyada anoloqu olmayan bir janr kimi meyxana deyişməsi daha effektivdi.
- Meyxana?
- Bəli. Məsələ ondadı ki, mən meyxana deyişməsini maraqlı yox, effektiv janr adlandırdım. Çünki, meyxana deyişməsində bir konflikt fəlsəfəsi var. Ondakı konflikt tamaşa kimi uydurulmur, o, təbii başlanğıclıdı.
Meyxana deyişməsi yeganə janrdı ki, mətnin primtivliyinə rəğmən, onda söz həmişə ictimai-psixoloji yüklüdü. Çünki meyxana deyişməsində həmişə qarşıduran iki nəfər var. Kinoda da, ədəbiyyatda da, rəssamlıqda da iki nəfərin qarşıdurması uydurmadı, təxəyyülün törəməsidi, saxtadı. Bu qarşıdurma məhz meyxana deyişməsində təbii və canlıdı, çünki, konflikt yerindəcə, birbaş həyatın içindəcə yetişir, böyüyür və cəmiyyətə sirayət eləyir.
- “Azadlığın adlıq halı” adlı publisistik nəsrinizi “indiyə qədər yazdqlarımın içində ən çox bəyəndiyim yazı” kimi təqdim etməyinizi həm də nəsrə ciddi iddialarınız kimi anlayaq, yoxsa…
- Elə bilirəm böyük nəticələr çıxarmaqçun hansısa böyük hadisənin baş verməsinə ehtiyac yoxdu. “Tarixi” böyük müharibələr kontekstində yox, iki məhlə uşağının bir-biriylə itələşməsi üzərində yazmaq daha maraqlıdı. Təfəkkür və mövzu baxımından ölçülər tərs mütənasib olanda alt qatlara yerimək daha asan olur. Ətrafdakı ölçülərin böyüklüyü düşüncədə qırışlar əmələ gətirən bir şeydi. Qarabağ yekə ərazi və yekə problem olduğundan o barədə yaxşı əsər yazmaq mümkün deyil. Ən azından özünü qane eləyəcək yazının mövzusu Azərbaycan kəndində iki qonşunun bir qarış yer uğrunda çəpər davasındadı. “Azadlığın adlıq halı” mənimçin bu mənada maraqlıdı. Bu yazıda “qlobal xarakterli” düşüncə xırda predmetlərin və əhəmiyyətsiz faktların üzərində qurulub. Üstəgəl mən bu yazını bütövlükdə ironiya üzərində qurmağa çalışmışam.
- Siz həm də “Azadlığın adlıq halı”nda ironiyanı Azərbaycan reallıqlarında yeganə çıxış yolu kimi təqdim etmisiz. Əminsinizmi?
- İndi dünyanın özünün mimikası qeyri-ciddidi. Əslində bir yazar kimi bizim başqa yolumuz da qalmayıb. Biz bu günkü həyatla münasibətlərimizi saf-çürük edərkən Əhmədinejatla Buş arasındakı konfliktin komediya mahiyyətinə köklənməyə məcburuq. Qərbin Çauşevskiyə münasibətindəki gülməli qatlara kökləməyə məcburuq. İçində bircə dənə də inqilabçının iştirak eləmədiyi “Ukrayna inqilabı”nın məzəli fəlsəfəsinə köklənməyə məcburuq. Baş nazirimiz Artur Rəsizadənin adı, soyadı, eynəyi və aksentinin topdan orjinallığına köklənməyə məcburuq.
- “Notasiya” silsiləsinin təqdimatında yazırsınız: “Mümkünsə, bu silsilədəki şeirləri oxuyarkən qabağınızda şahmat taxtası da olsun. Ordakı gedişləri taxta üzərində təkrar eləsəniz, heç də maraqsız olmayan bir kombinasiyanın şahidi olacaqsınız. Şəxsən mən həmin kombinasiyanı bu silsilədəki şeirlərin kombinasiyası ilə tutuşdurdum və gördüm ki…”. Nə gördünüz?
- Həmin cümlənin yarımçıq saxlanılması reklam effektinə xidmət eləyir. İndi mən onu tamamlasam, işləri korlamış olaram.
- Siz kitablarınızı paylamaqdan xoşlanmayan və bunu açıq şəkildə bildirən tək-tük yazarlardan birisiniz. Razısınızmı ki, kitab bazarının inkişafını ləngidən amillərdən biri də hər dəfəsində yüzlərlə kitabını çevrəyə paylayan yazarlardır?
- Sizin dediyiniz bu cümləni mən bu yaxınlarda qəzetdə yazmışamsa, deməli razıyam.
- “Alma-Kitab”a təklifləriniz? Layihənin uğurlu alınması üçün nələr etmək olar?
- “Alma-Kitab”ı “Alma”-nın redaktor korpusu hazırlayacaqsa, problem olmayacaq. Qəzeti izləyənlər yaxşı görürlər ki, siz yeni ideyalar baxımından korluq çəkmirsiz. Orta məktəblərdə kitab tədbirləri keçirmək ideyanız da maraqlıdı. Sizə bir şey deyim. Kamal Abdullanın “Tarixsiz gündəlik” povestinin bir neçə məktəbdəki müzakirəsində mən də iştirak eləmişəm. Gözləmədiyim bir vəziyyəti müşahidə elədim ki, indiki şagirdlər bədii kitab oxumağa da, onun müzakirəsində sərbəst iştirak eləməyə də, müəlliflə səmimi diskusiyaya girməyə də hazırdırlar. Mən bu uşaqların həmin povest haqqında gəldikləri qənaəti eşitdikcə, məəttəl qalırdım.



Hiç yorum yok: