2007-10-31

Azərbaycan nəşrləri Türkiyə kitab sərgisində



Bu günlərdə İstanbulda Beynəlxalq Kitab Sərgisi açılıb. Ənənəvi olaraq təşkil edilən sərgiyə dünyanın müxtəlif ölkələrindən 526 nəşriyyat qatılıb. Sərgi çərçivəsində ilk dəfə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə nəşr olunan kitablar nümayiş etdirilir. Nazirliyin nümayəndəsi Vaqif Bəhmənlinin bildirdiyinə görə, sərgidə Azərbaycan kitablarına böyük maraq müşahidə olunur. Sərgiyə gələnlər xüsusilə Azərbaycan tarixinə, Qarabağa aid nəşrlərə ciddi maraqla yanaşırlar. V.Bəhmənli deyib ki, bu sahədə təcrübənin artması üçün gələcəkdə Azərbaycandan ayrı-ayrı nəşriyyatların belə sərgilərdə ardıcıl təmsil olunmasına ehtiyac duyulur. Bu cür addımlar Azərbaycan kitablarının xaricdə tanıdılmasında da mühüm rol oynaya bilər. Sərgi noyabrın 4-dək davam edəcək. Azərbaycan ədəbiyyatının Türkiyədə fəal təbliğatçısı, tərcüməçi-yazar Yasemin Bayerin verdiyi məlumata əsasən, bu sərgi çərçivəsində bir sıra Azərbaycan yazıçılarının görüşləri təşkil olunacaq. Noyabrın 2-də "Romanla yolçuluq" adlı bir görüş keçiriləcək. Bu görüşdə Azərbaycandan dəvət olunan qələm adamlarının - Kamal Abdullanın, Elçin Şıxlının, həmçinin türkiyəli Çengiz Bektaş və Türhan Günayın çıxışları gözlənilir. Qeyd edək ki, Yasemin Bayer Azərbaycan ədəbiyyatının türk dilinə davamlı tərcüməsi və qardaş ölkənin ədəbi mühitində, mətbuatında geniş təbliğiylə məşğuldur. Bu yaxınlarda onun tərcümə və tərtibçiliyilə Azərbaycan nasirlərinin əsərlərindən ibarət "Xəzər sahilində yerlə göy" kitabı nəşr olunub. Yasemin Bayerin sözügedən sərgi çərçivəsində keçirilən "Dəniz ədəbiyyatı və tərcümə" mövzusunda təşkil olunacaq görüşdə çıxışı nəzərdə tutulur. O, çıxışında "Xəzər sahilində yerlə göy" toplusu barədə türkiyəli oxuculara ətraflı məlumat verəcək.

Hiç yorum yok: