2007-10-26
Hikmət Sabiroğlunun "Qarabağ söhbətləri" çapdan çıxıbJurnalist
Hikmət Sabiroğlunun "Qarabağ söhbətləri" kitabı işıq üzü görüb. Əslən Şuşadan olan H.Sabiroğlu "Qarabağ söhbətləri"ndə Qarabağın azad və abad günlərindəki yaşantılarını, uşaqlıq və yeniyetməlik çağlarının xatirələrini, Qarabağ müharibəsi, milli azadlıq hərəkatı illərində şahidi olduğu hadisələri qələmə alıb. "Qarabağ söhbətləri" silsiləsinə aid 12 məqalə ilk dəfə 2006-cı ildə "Media forum" saytında işıq üzü görüb. Silsilənin ayrı-ayrı bölmələri Azərbaycanda və Rusiyada çıxan bir sıra qəzetlərdə çap olunub. 2007-ci ildə bu silsilə ölkənin nüfuzlu "Media açarı" müsabiqəsində xüsusi mükafata?layiq görülüb. Müəllif bildirir ki, "Qarabağ söhbətləri"ni bir kitabda cəmləmək ideyası ortaya çıxanda Qarabağla bağlı köhnə yazılarına da qayıtmaq zərurəti yaranıb: "Ancaq "Azadlıq"ın, "Avropa"nın, başqa qəzetlərin arxivlərində yatan o yazıların heç birinə dəymək istəmədim. Siyasət ağrı-acısıyla yüklənmiş həmin yazılar bizim məhrəm söhbətimizə xələl gətirə bilərdi". Bununla belə, müəllif, öz sözləri ilə desək, "Qarabağ söhbətləri"nin gözünə "Media forum" saytında getmiş iki yazını - "Mənim gördüyüm yanvar"ı və "Qərib gecələr"i qatıb. Onlardan biri 1990-cı ilin 20 yanvar, digəri 2003-cü ilin 15 oktyabr gecəsinin yaşantıları haqdadır. "Qanun" nəşriyyatında çapdan çıxmış "Qarabağ söhbətləri" H.Sabiroğlunun ilk kitabıdır. Kitabın redaktorları Adil Qaçayoğlu və Azər Qaraçənli, nəşriyyat redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder