2008-01-30

Yeni Tərcümə Kitabı


46 Dünya yazıçısının hekayələri...


«Qanun» Nəşrlər Evi Nəriman Əbdülrəhmanlının tərcüməsində dünya nəsrindən seçmələr toplusu buraxıb. «Bir kədərli qadın» adlanan topluda dünya ədəbiyyatının müxtəlif nəsillərinə mənsub olan 46 yazıçının 59 hekayəsi toplanıb. Onların arasında Anton Çexov, İvan Bunin, Vladimir Nabokov, Herman Hesse, Uilyam Folkner, Luis Borxes, Xulio Kortasar, Ernest Heminquey, Kobe Abe, Henrix Böll, Dino Bussati, Xuan Karlos Onetti, Oktavio Pas, Qabriel Qarsia Markes, Patrik Züskind kimi sənətkarlarla yanaşı imzaları Azərbaycan oxucusuna o qədər də tapış olmayan yazarlar Pere Kaders, Antonio Redol, Coze Saramaqo, Milan Kundera, Volfhanq Borhert, Tomas Bernhard, Kenzi Maruyamanın, eləcə də son ədəbi nəsil nümayəndələrinin – Layla Stien, Yun Fosse, Çak Palanik, Ben Markusun hekayələri var. N.Əbdülrəhmanlı «Media forum» saytına bildirib ki, bu hekayələrdə obrazların adı yoxdur: «O - Qadın və Kişi var, Tanrı var, Mələk var, Salnaməçi var, Sehrbaz var, başlıcasısa, mənə çox yaxın adamlar, duyğular var». Naşir əlavə edib ki, bu toplu Qoderzi Çoxelinin «Küknarlara məktub» və Nobel mükafatı laureatı Orxan Pamukun «Mənim adım Qırmızı» kitablarından sonra onun üçüncü tərcümə kitabıdır. Nəfis tərtibatla 500 nüsxədə çap olunmuş 556 səhifəlik bu nəsr toplusunun rəyçisi filologiya elmləri doktoru professor Əsgər Rəsulov, redaktoru ədəbiyyatşünas Nərgiz Cabbarlıdır. Toplunu Bakının kitab dükanlarından əldə etmək olar.

Hiç yorum yok: