2007-11-29

Türkiyədə Azərbaycan nasirlərinin əsərlər toplusu çap olunub

Bu günlərdə Türkiyədə Azərbaycan nasirlərinin əsərlərindən ibarət "Dörd dördlük" adlı toplu nəşr edilib. "Media forum" saytı xəbər verir ki, kitaba 1980-90-cı illər Azərbaycan prozasını təmsil edən nasirlərdən Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı və Uğurlu Fəxrinin hekayə və povestləri daxil edilib. Bunlar Azərbaycan oxucusuna yaxşı tanış olan "Mərənd ölüsü", "Gəlin", "Gözəl" (Əlabbas), "Həbsxanadan qaçmış cani", "Dahilərlə savaş", (Aslan Quliyev), "Dönəlgə" (Nəriman Əbdülrəhmanlı), "Şeyx Sənan", "Leylinin məcnunluğu", "İsgəndərin qanunu" (Uğurlu Fəxri) və digər əsərlərdir. Əsərləri türk dilinə Aişə Nəbili və Xanəmir Telmanoğlu çevirib. Şərqşünas professor Əsgər Rəsul kitaba ön söz yazıb. "Gözəlim Türkiyə türkcəsində oxuyacağınız öykülərin azəricəsi də türkcə qədər zərifdir, dadlıdır, safdır, duru və axıcıdır" qənaətinə gələn professor təqdimatda təkcə 80-90-cı illər nəsrinin deyil, eyni zamanda tərcümələrin də fərqli məziyyətlərini önə çəkib. "Ufuk Ötesi Yayınları" nəşriyyatında işıq üzü görən topluda müəlliflərin yığcam bioqrafiyası da yer alıb.

Hiç yorum yok: