2007-11-29

"Vətən dili" yenidən tərtib və nəşr edilib

Vüqar Qaradağlının yenidən tərtib etdiyi "Vətən dili" adlı kitabın təqdimatı olub. Kitabın elmi redaktoru Vasim Məmmədəliyev bildirib ki, bu nəşr XIX əsr Azərbaycan folklor nümunələrinin toplandığı ilk dərslik nümunəsidir. Onun sözlərinə görə, Cənubi Qafqazda əsaslı tədris vəsaiti olan "Vətən dili" dərsliyi 40 il ərzində ilk sistemli dərs vəsaiti sayılıb: "Kitabın yeni tərtibatında əlifba, dilimizdə işlənən ərəb və fars sözlərinin mənaları, kəlamlar, atalar sözləri, tapmacalar, yanıltmaclar, ilk təmsil nümunələrimizlə yanaşı, cədvəl və Azərbaycan ədəbi dilinin əsasını təşkil edən 10 min 579 sözdən ibarət lüğət yer alıb. Kitabın yeni tərtibatçısı Vüqar Qaradağlının sözlərinə görə, dünya uşaq ədəbiyyatı nümunələrinin Azərbaycan dilində ilk tərcümələrinin dərc edildiyi, əski əlifbada çap olunan, bütün türk xalqları üçün nəzərdə tutulan nəşr öz dövrü üçün vətənə sevgi aşılayan ən mütərəqqi elm qaynağı hesab olunur. O, iki hissədən ibarət kitabın ilk müəllifinin Qori seminariyasının Azərbaycan şöbəsinin inspektoru işləmiş məşhur maarifçi Aleksey Osipoviç Çernyayevski olduğunu vurğulayıb: "Onun topladığı materiallar əsasında 1882-ci ildə "Vətən dili" adlanan dərsliyin birinci hissəsi işıq üzü görüb. İkinci hissə Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyov tərəfindən 1888-ci ildə nəşr edilib. Eyni zamanda kitabın ərsəyə gəlməsində Firudin bəy Köçərli və Rəşid bəy Əfəndiyevin də böyük əməyi olub. Dərslik müxtəlif mövzulu hekayə, təmsil, şeir, atalar sözləri, lətifə, tapmaca və başqa folklor nümunələrindən ibarət olub və 26 dərsə bölünüb".

Hiç yorum yok: