2008-02-10

Əkrəm Əylisli yeni roman yazıb



KultAz:Yazıçı, millət vəkili Əkrəm Əylisli uzun müddət idi ki, yeni roman üzərində işlədiyini deyirdi. Bu günlərdə isə Əkrəm müəllim romanını tamamlayıb. Yazçı yeni əsərinin “Daş yuxular” adlandığını bildirib.
Romanın çapının bir müddət gecikəcəyini deyən Ə. Əylisli bunu əsər üzərində işinin bitməməsi ilə izah edib: “Romanı tamamlasam da, onun üzərində əl gəzdirməyə ehtiyac var. “Daş yuxular” hələ çap üçün hazır deyil”. Əkrəm müəllim romanın ən azı üç-dörd aydan sonra kitab şəklində çap ediləcəyini söyləyib. Amma yazıçı əsərini hansı nəşriyyatda dərc etdirəcəyini deməyib. Bildirib ki, bunu özü də bilmir. Hələ ki, heç bir nəşriyyatdan təklif yoxdur, özü isə bu barədə düşünməyib.
Yeni əsərin mövzusuna gəldikdə isə yazıçı bu barədə danışmaq istəmədiyini söyləyib. Amma Əkrəm müəllim “düşər-düşməzi olar…” deyə, əsərin mövzusunu sirr saxlasa da, bəzi konturlar bəllidir. Aldığımız məlumata görə, yazıçı bu əsərdə son illərin ictimai-siyasi hadisələrinin bədii həllini verməyə çalışıb.
Əkrəm müəllim yaradıcılığı ilə bağlı bizə daha bir yeniliyi çatdırıb. Yazıçı deyib ki, “Əylisdən Əylisəcən” əsərinin ikinci hissəsini yazmaq fikrindədir.

1 yorum:

Adsız dedi ki...

Əla blogdur. Əllərinizə sağlık. Xeylimaraqlıməlumatlar və kitablar tapdım burada.
Təşəkkürlər.