2008-04-15

Vaqif Yusiflinin yeni kitabı işıq üzü görüb


Vaqif Yusifli60 illik yubileyi ərəfəsində tənqidçi Vaqif Yusifli yeni kitabı ilə oxucuların görüşünə gəldi. “Sındır qəfəsi” adlı bu kitabda tənqidçinin son vaxtlar qələmə aldığı tənqidi-publisistik yazıları yer alıb. “Şeirimizin bu günü, bu günümüzün şeiri” adlı məqalədə müəllif çağdaş poeziyamızı tənqidçi kimi fikrinin süzgəcindən keçirib. Poeziyada Füzuliliyin yalnız ədəbi ənənənin praktiki görünüşü kimi diqqətə çatdırıldığı məqalədə Füzuli nəfəsi duyulan şairlər - Əli Kərim, Ramiz Rövşən, Salam, Nisəbəyim haqda söhbət açılır. Salamın yaradıcılığı tənqidçi qələmi ilə incələnir. “Sındır qəfəsi, tazə gülüstan tələb eylə” sərlövhəli məqalədə V.Yusifli “Bu günün şeiri necə olmalıdır?” sualına cavab axtarır. Habelə yazıda əsrlərdən bəri əruz vəzninin Azərbaycan şeirində heca vəzni ilə yanaşı yaşaması, müəyyən mərhələdə hətta aparıcı mövqeyə keçməsi, sonralar isə bu mövqeyi tərk etməsindən bəhs olunur. Qarabağ ağrısının poeziyada ifadəsinin get-gedə şablonlaşdığı qeyd edilən yazıda Səadət Qabilqızının, Nisəbəyimin, Rəsmiyyə Sabirin, Yafəs Məftunun, Zahir Əzəmətin, Sabir Yusifoğlunun, Yaralı Bəxtiyarın, Zirəddin Qafarlının yaradıcılığından söz açılır. “Ədəbi məktublar” adlı yazıda Əhməd Qəşəmoğlunun, Kəramətin yaradıcılığına güzgü tutulur. /kultaz.com

Hiç yorum yok: