Təşkilat Komitəsinin qərarına əsasən “Nəsimi” MƏM bundan sonra iki mərhələdə keçiriləcək.
I MƏRHƏLƏ
Bu mərhələdə seçim və dəyərləndirməni NƏSİMİ MƏM-in Ekspertlər Şurası aparır. Ekspertlər Şurası Təşkilat Komitəsinin (3 nəfər) və tərkibi hər il dəyişən münsiflər heyətinin (6 nəfər) üzvlərindən formalaşır. Hər bir ekspert öz seçiminə uyğun olaraq, hər bir nominasiya üzrə maksimum 5 əsəri ümumi qiymətləndirməyə təqdim edir. Hər bir əsər 10 ballıq sistemlə dəyərləndirilir. Ən çox bal toplayan əsər uyğun nominasiya üzrə qalib elan edilir.
Bu mərhələdə ümumi qiymətləndirməyə müəlliflərdən əsər qəbul olunmur.
1. Baş mükafat
Son 10 ilin ədəbi əsəri
Bu nominasiya 10 ildən bir elan edilir.
Tələblər: Nominasiyaya 2001-2010-cü illər ərzində Azərbaycanda dərc olunmuş nəsr və şeir kitabları təqdim oluna bilər. Son 10 ildə ən azı bir xarici ölkədə dərc olunan, yerli və xarici mətbuatda müzakirəyə səbəb olan, haqqında peşəkar resenziyalar dərc edilən, müzakirə doğuran əsər və ya kitablara üstünlük verilir.
Qalibin adı 25.12.2010-cu il tarixində açıqlanacaq.
2. İlin romanı
3. İlin şeir kitabı
Bu nominasiyalar üzrə müsabiqə hər il élan edilir.
Tələblər: Son bir il ərzində kitab halında dərc olunmalıdır. Dəyərləndirmədə mövzu aktuallığı, üslub, təhkiyə və forma axtarışlarına önəm verilir. Peşəkar resenziyalar, ədəbi tənqidin reaksiyası nəzərə alınır.
Qaliblərin adları 25.12.2010-cu il tarixində açıqlanacaq.
II MƏRHƏLƏ
“Debüt”
Nəsimi MƏM-də “Debüt” nominasiyası yeni istedadların üzə çıxarılması, təbliği və dəyərləndirilməsi məqsədilə yaradılıb. Müsabiqəyə əsərlərin qəbulu dekabrın 25-də başa çatır. Nəticələr hər il fevralın 2-də Gənclər Günündə elan olunur.
Bu nominasiyaya kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar qatıla bilər. Müsabiqə həm şeir, həm də hekayə alt-nominasiyaları üzrə keçirilir. Bir müəllif yalnız bir nominasiyada çıxış edə bilər. Mətnlər Azərbaycan dilində, Times New Roman şrifti ilə yazılmalı və elektron versiyada nesimi2010@gmail.com ünvanına göndərilməlidir. Müsabiqəyə indiyə qədər yazılı və ya elektron KİV-də nəşr olunmamış mətnlər iştirak edə bilər. Bundan əlavə, hər bir müəllif, öz bioqrafiyasını, əlaqə telefonlarını və bir ədəd rəngli fotoşəklini də mütləq qeyd olunan elektron ünvanına göndərməlidir. Hər bir müəllif müsabiqədə maksimum 3 (üç) şeir və ya 3 (üç) hekayə ilə iştirak edə bilər.
Seçim və dəyərləndirməni NƏSİMİ MƏM-in Ekspertlər Şurası aparır. Ekspertlər Şurası Təşkilat Komitəsinin (3 nəfər) və tərkibi hər il dəyişən münsiflər heyətinin (6 nəfər) üzvlərindən formalaşır. Mətnlər 10 ballıq sistemlə dəyərləndirilir. Ən çox bal toplayan əsər uyğun nominasiya üzrə qalib elan edilir.